Şəkinin Cumakənd kəndində çoxillik sağlam ağaclar kəsilir.
Gundemxeber.Az bildirir ki, bizim.media-ya bu barədə məlumat verən mənbənin dediyinə görə kəndin Qax rayonuna doğru gedən avtomagistralının ətrafında və bir qədər iç hissələrdə, Əyriçayın, Əyriçay su anbarının sahilindəki ağacların “soyqırımı” başlayıb. İddialara görə kəndin ətrafında çoxillik və cavan çinar, hətta adı “Qırmızı kitab”a düşən ağacların məhv edilməsi təlimatını kənd ərazi nümayəndəsi Mustafa Əliyev verib. Mənbənin sözlərinə görə təbiətlə kəndin harmoniyasına xüsusi gözəllik verən və havanın təmizlənməsi, güclü küləklərin qarşısının alınması funksiyasını yerinə yetirən sağlam ağaclardan əsər-əlamət qalmayıb: “Mustafa Əliyev pul gətirəsi nə varsa hər şeyə əl atıb. O, kənddə “Burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə yaşayır. Bir sözlə bir düzən yaradıb ki, kəndin camaatı da ondan qorxur. Gözdən uzaq olan ağacları dibindən, görünənləri isə bir az yuxarıdan kəsdirib və yeşik ticarəti ilə məşğul olan iş adamlarına, yol kənarındakı ağacları isə 1,5 - 2,5 m hündürlükdən kəsərək gövdələrini satıb. Halbuki ağacların 2-3 metr hündürlükdən kəsilməsinə müvafiq orqanların xüsusi icazəsi olmalıdır. Bu adam ancaq sağlam ağacları kəsib, çürük ağacları isə heç bir işə yaramadığına görə kəsməyib”. Cumakənd ərazi nümayəndəsi Mustafa Əliyev Bizim.Media-ya açıqlamasında deyilənləri əsassız hesab edib: “Bu yalan informasiyanı kim verir bilmirəm. Nə vaxt istəyirsiniz, gəlin, birgə müşahidə aparaq, görüm hansı ağac kəsilib? Tələb edirəm, “Qırmızı kitab”a düşən ağacların kəsilməsi ilə bağlı videogörüntülər təqdim etsinlər. Heç bir ağac ksilməsindən söhbət gedə bilməz. Burada Şərq çinarı var. Bir vətəndaş yaxınlaşdı ki, həmin ağac budansın. Bildirdim ki, ağaca qalxmaq mümkün deyil, gərək qaldırıcı kran gətirilsin. Tam səmimiyyətimlə deyə bilərəm ki, burada heç bir ağac kəsilməyib”. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova isə bildirib ki, ağacların kəsildiyi ərazinin konkret ünvanını müəyyənləşdirmək mümkün olmadığı üçün araşdırma aparmaq olmur. Nazirlik rəsmisi sözügedən məlumatı saytımıza verən mənbənin kimliyini və əlaqə nömrələrini istəyib. Mənbə isə saytımıza müracətində kimliyinin məxfi saxlanılmasını xahiş edib. Amma ağacların kəsilməsi ilə bağlı redaksiyamıza videofakt təqdim edib. Həmin görüntüləri təqdim edirik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?