Qazi və şəhid ailələrinin pensiyalarına 20 faizlik artım hesablanmalıdır
Qarabağ veteranları, qazilər və şəhid ailələri növbəti sosial-maliyyə fırıldağı ilə üz-üzədir. Prezidentin aylıq təqaüdünün artırılmaması bir yana, hələ üstəlik, ƏLAVƏ OLARAQ hərbi qulluqçuların təminat xərcliyinə 20 faizlik ƏLAVƏnin pensiyalara ƏLAVƏ edilməyəcəyi təhlükəsi yaranıb. ( «ƏLAVƏ»ni qabartmağımızın izahını verəcəyik -M. B. ) Sosial-maliyyə qurumlarının başlıca qeyri-rəsmi təfsiri odur ki, Prezidentin 23.12.2021 tarixli fərmanında hərbi qulluqçuların aylıq vəzifə maaşlarının artırılmasından yox, vəzifə maaşlarına əlavədən söhbət gedir. Guya ƏLAVƏ pensiyalarda artımı şərtləndirmir.
Dədələrimiz demiş, nə fəqi var , ya keçəl Həsən, ya Həsən keçəl. Tamamilə əsassız yanaşmadır, nədən ƏLAVƏ elə ARTIM deməkdir. İzahlı sözlükdə də bu doğrulanıb. Eyni zamanda, ARTIM sözünün rusca anlamlarından biri də «DOBAVKA»dır və «dobavka» isə ƏLAVƏ deməkdir. AMEA -nın dilçi alimlərindən də dəqiqləşdirmək çətin deyil, həm də internet üzərindən axtarışlar da «ƏLAVƏ»nin «ARTIM»la eyni anlamı verdiyini üzə çıxarıb. Bu məsələnin, necə deyərlər, hərfi, leksik tərəfi. Hüquqi tərəfə qaldıqda, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan qanunun -Azərbaycan Respublikasının 149-cu maddəsinə görə, prezident fərmanı qanundan üstün deyil. «Əmək pensiyaları haqqında» qanunun 29.2 maddəsində isə pensiyalarına qulluq stajına görə əlavə hesablanmalı olan şəxslərin (hərbi qulluqçular da bu kateqoriyaya aiddir ) tutduqları vəzifələr üzrə əməkhaqqıları ( əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi ) sonradan artırıldıqda onların pensiyalarına qulluq stajına görə ƏLAVƏlər də artıma uyğun olaraq yenidən hesablanmalıdır. Bu qanun, bu Konstitusiya, bu da Prezident fərmanı. Hərbi pensiyaçıların əvvəl tutduqları vəzifələr üzrə aylıq vəzifə maaşlarına ƏLAVƏ olunubsa, deməli, artıb də! Niyə bu ƏLAVƏ -ARTIM pensiyaların artırılmasını şərtləndirməsin ki? ! Göründüyü kimi , sosial-maliyyə qurumlarının qeyri - rəsmi təfsiri heç bir məntiqə sığmır . Odur ki, Prezidentin ƏLAVƏsini pensiyaçılara şamil etməkdən özgə yol qalmır.
Yoxsa, hökumət keçmiş hərbi qulluqçulardan , şəhid ailələri və qazilərdən ibarət böyük narazılar ordusu ilə problem yaşaya bilər. Dövlətin ali məqsədinin Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, onların layiqli həyat səviyyəsinin təmin edilməli olması da yaddan çıxmamalıdır. Qiymətləri «ceyran belinə qaldırıb», pensiya və təqaüdləri artımdan məhrum etməklə isə nə hüquq qorunar, nə də layiqli həyat təmin olunar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?