Hacıqabul Notariusunun rəisi Ruslan Səfərovun 20 dəqiqə 43 saniyəlik etirafı…
Ruslan Səfərov deyir ki, mən məsuliyyət daşımıram…bu səhlənkarlıqdır..
Bu adam idarəetmə üçün verilən etibarnamə ilə alqı-satqı üçün verilən etibarnamənin fərqini bilmir… Bayaqdan dişimi dişimə sıxıb Hacıqabul Notariusunun rəisi Ruslan Səfərovun 20 dəqiqə 43 saniyəlik söz güləşdirməsinə qulaq asıram. Ki, görüm bu söz güləşdirməsinin axırı nə olacaq. Vallahi adam dəhşətə gəlir ki, tez-tez “ Mən hüquqşünasam… qanunları bilirəm..” deyən Ruslan Səfərov sanki çayxana aşığı qədər hüquqdan başı çıxmır. 20 dəqiqə 43 saniyəlik telefon danışığında zərərçəkən deyir ki, niyə mənim avtomobilimin qanunsuz satılmasına imza atmısan ? Ruslan Səfərov nə desə yaxşıdır ? Mən buna görə məsuliyyət daşımıram ? Əə, necə məsuliyyət daşımırsan..? Ruslan Səfərov deyir ki, mən işçimə güvənmişəm, etibar etmişəm, ona görə qanunsuzluq baş verib… Zərəçəkən deyir ki, mən kiməsə avtomobili idarə etmək üçün etibarnamə vermişəm, alqı-satqı üçün etibarnamə verməmişəm, yəni sadəcə idarə etmək üçün… Notariusun rəisi Ruslan Səfərov deyir ki, əə qardaş, bunu necə yoluna qoyaq ? Gör ölkədə hüquq sistemini Ruslan Səfərov kimilər nə günə qoyub. Əslində bu səs yazısını paylaşmaq lazımdır ki, qoy vətəndaşlar real vəziyyətin nə yerdə olduğunu bir daha görsünlər. Ruslan Səfərov, zərəçəkənə deyir ki, məni işdən çıxartmaq istəyirsən ? Sözün qısası, bu 21 dəqiqəlik audio-dialoq notariusların real durumunu göstərir. Axı, “Notarius haqqında” Qanunda yazılıb ki, bu şəxslərin hüquq təhsili və təcrübəsi olmalıdır. Amma, Ruslan müəllimin danışığından hiss olunur ki, bu adam ən yaxşı halda sanki maklerə oxşayır. Söhbət təkcə Ruslan Səfərovdan getmir ee… Ümumiyyətlə, bu gün bizdə dövlət qurumlarının verdiyi, dövlətin tanıdığı notariuslarda təsdiqlənən sənədlərin saxta çıxarılması, qanunsuz hesab edilməsi halları az qala adi hala çevrilib. Vətəndaş pulunu verib əmlak alır, əmlakı təmir edir, iş yerinə, yaşayış yerinə çevirir və aylar, illər sonra ortaya çıxan birisi deyir ki, bəs əmlak mənimdir. Məlum olur ki, hansısa notarial kantor saxta sənəd verərək vətəndaşın mülkiyyət hüququnu pozub. Daha dəqiq desək, notarial kantorlarda alqı-satqı prosesində saxtakarlığa yol verilib. Məlumdur ki, Azərbaycanda vətəndaşlar xüsusilə notariat xidmətlərinə üstünlük veriblər. Qısa məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 200-ə yaxın notariat kontoru fəaliyyət göstərir. Onlardan 100-dən çoxu dövlət kontorudur və 30-u Bakıda, 70-dən artığı isə regionlarda yerləşir. Bir məsələni də xüsusi olaraq qeyd edək ki, hüquqların notariat qaydasında təsdiq edilməsinin üstünlüyü ondadır ki, notariat qaydasında tərtib edilmiş sənəd hüququ DÖVLƏTİN ADINI QORUYUR. Amma SƏS YAZISINDAN da gördük ki, Hacıqabul notariat kantorunda nəinki DÖVLƏTİN, heç kantorun öz adı qorunmur. Gundemxeber.az gundelik-baku.com-a istinadla bildirir ki, Hacıqabul sakinlərinin dediyinə görə, Hacıqabul rayonu dövlət notariat kantoru mülkiyyətin alqı-satqısı, avtomobillərin satışı zamanı ciddi saxtakarlığa yol verir. Bu isə gələcəkdə mülkiyyət hüquqi ilə bağlı vətəndaşlara ciddi problem yaşadır. Sözün qısası, Hacıqabul notariat kantorunda hüququn aliliyi deyil, sanki rüşvətin miqdarı əsas götürülür. Bütün bunlar azmış kimi, kantorun notariusu vəzifəsini icra edən Ruslan Səfərov hamıya deyir ki, Ədliyyə Nazirliyində adamım var, mənə kimsə bir söz deyə bilməz. Bir sözlə, Hacıqabulda notarial kantor deyil, əsl bazar fəaliyyət göstərir. Görəsən Ədliyyə Nazirliyində Ruslan Səfərovun arxasında dayanan kimdir ? Ümumiyyətlə, bu barədə Ədliyyə Nazirliyinin rəhbərliyi nə düşünür ? Mövzunu gündəmdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?