Bu günün gündəmi zəbt edən mövzusunun Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal yaşayış kompleksində tikdiyi binaların bir neçə saniyə ərzində satılması olduğunu vurğulamağa ehtiyac yoxdur. Amma bu ildırım sürətli satışda MİDA-nın heç bir suçunun, məsuliyyətinin olmadığını vurğulamağa ehtiyac var. Başlıca “suç” hökumətin mənzillərin elektron satışında gerçəkdən gücünü ortaya qoymasındadır. Bu elektron satışda mənzil yiyəsi olmaq istəyində olan iddiaçılar məlum nömrəyə düyməni sıxmaqda yarışa girirlər. Kim tez düyməni sıxdı, o da anında qeydə alınır. Bu anın isə bir saniyə olduğu kimə gizlindir ki? Baş prokurorluğun 161, 961 və digər dövlət orqanlarının qaynar xətləri deyil ki, saatlarla, günlərlə, aylarla, illərlə sussun? Heç ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyi də deyil ki, qazilərə, şəhid ailələrinə mənzilləri onlarla illər növbədə saxladıqdan sonra da rüşvətlə versin?! Yeri gəlmişkən , qazi və şəhid ailələrinin mənzil təminatının həyata keçirilməsi də MİDA-ya tapşırılsa, savaş adamlarının növbələrdə qocalmalarına son qoyular, saniyələr ərzində həsrətində olduqları mənzillərə yiyələnərlər. Dövlət üçün də, vətəndaş üçün də mənzili hansı qurumun verməsi yox, hansı qurumun daha TEZ verməsi önəmlidir ; pul onsuz da dövlətin büdcəsindən ayrılır. Birbaşa mənzil tikintisi ilə məşğul olan qurumun (konkret olaraq MİDA-nın) hesabına keçirilən vəsait ilə həm mənzil alverinə son qoyular, həm də hökumətdən narazılığa.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?