Gundemxeber.az » GündəmXəbər » 7 aydır AMEA-nın binasından Ramiz Mehdiyevin prezident olduğunu bildirən lövhə niyə çıxarılmır? – İLGİNC DETALLAR
1. AMEA tənqid hədəfində: əyri nədir, düz nədir?!
Elm bəlkə də ən ciddi fəaliyyət sahəsidir. Əfsuslar olsun ki, son vaxtlar bu sahənin içində olanların da, kənardan olan qeyri-elm adamları arasında da belə bir ciddi fəaliyyət sahəsinə son dərəcə qeyri-ciddi və diletant münasibətdə olanların sayı az qala həndəsi silsilə ilə artmaqdadır. Elm də, bu sahədə çalışanlar da hər tərəfdən haqlı-haqsız basqı və tənqid hədəfinə çevrilib. Düzgün cümlə qurmağı belə bacarmayan bəzi üzdəniraq media mənsubları, elm mətbəxindən əsla anlayışı olmayan siyasətçi və sosial şəbəkə istifadəçiləri elm və elm adamları barədə bəzən elə aşağılayıcı ifadələr işlədirlər ki, onu xalq arasında deyildiyi kimi bir batman balla da yeyib həzm etmək olmaz.
Fikrimizcə cəmiyyət həyatında elmin və alimin yerini, rolunu və əhəmiyyətini danmaq ən azı nadanlıq göstəricisidir. Yəni, bəşəriyyət bu günədək sahib olduğu bütün yeniliklərə və nailiyyətlərə görə elmə və alimə borcludur. Həzrəti peyğəmbərimizə aid edilən hədislərdən birində deyildiyi kimi alimin qələminin mürəkkəbi şəhidin qanından üstündür. Ulu Nizami hələ 8 əsr öncə elmə son dərəcə yüksək dəyər verərək yazmışdır: «Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz».
Amma görün, bizdə elmi və alimi nə günə salıblar?! Başqalarını bilmirəm, amma mən bu mövzuda düşünərkən çox ciddi ürək sarsıntısı içərisində oluram. Yəni, çoxsaylı istedadlı, çalışqan və məhsuldar alimlərimizin günahı nədir ki, ümumi şəkildə olsa belə onların ünvanına söylənilən hər cür aşağılayıcı və təhqiramiz sözlərə hədəf olsunlar?!
Mən yuxarıda «haqlı-haqsız» ifadələrini nə təsadüfən, nə də elə-belə sözgəlişi işlətmədim. Bəli, Milli Elmlər Akademiyası sistemində illərdən bəri kök salmış nöqsanlar, neqativlər, haqsızlıq, sui-istifadə və özbaşınalıq halları ən sərt şəkildə tənqid olunmağa layiqdir. Əgər diqqətli oxucular xatırlayırlarsa, bu sətirlərin müəllifi də hələ aspiranturada təhsil aldığı illərdən başlayaraq Akademiya həyatındakı nöqsanları sərt şəkildə tənqid edənlər içərisində olub. Amma bu tənqidlər müsbətə doğru heç nəyi dəyişmədi. Dəyişən bir o olub ki, tənqid olunanlar tənqid edənləri ən müxtəlif üsullarla sıxışdırmaqla, təzyiq altında saxlamaqla sözün əsil mənasında onlardan qisas alıblar.
Etiraf edək ki, Akademiyanın Rəyasət Heyəti strukturunun düzgün qurulmaması, orada artıq işləmək potensialı qalmayan, xeyli qisminin isə lap elə əvvəldən heç bir potensialı olmayan və tam olaraq məmurlaşmış bürokrat heyətin cəmləşməsi ölkənin elm məbədi hesab edilən bu qrumu indiki acınacaqlı duruma gətirmişdir. Müstəqillik illərində ölkə rəhbərliyi tərəfindən Akademiyada islahatlar aparılmasına dair edilən çağrışlar, AMEA rəhbərliyinin bu istiqamətdəki sadəcə görüntü effekti yaratmaq xatirinə atmış olduğu kosmetik addımlar, Milli məclisdə «Elm haqqında» Qanun ətrafında aparılan uzun-uzadı səmərəsiz müzakirələr də nəticə etibarı ilə xalq arasında deyildiyi kimi papağı küləyə verməkdən başqa bir şey olmadı.
Beləliklə, uzun illər ərzində ətalət yuxusunda mürgüləyən, Ramiz Mehdiyevin rəhbərliyi dönəmində intriqaların episentrinə çevrilən və ölkə ictimaiyyətinin geniş dairələrinin haqlı tənqidinə hədəf olan akademiya «boz kardinal» yola salındıqdan sonra daha çox idarəçiliyin büsbütün pozulduğu amorf bir qrum oldu. Bu isə o demək idi ki, AMEA-nı daha bu cür saxlamaq olmaz.
2. Prezident fərmanı – AMEA-nı xilasın yol xəritəsi
Ölkənin elm məbədinin son dərəcə böhranlı duruma düşdüyü belə bir məqamda ölkə prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-cü il tarixli fərmanı elm və təhsil ictimaiyyətimizin gələcək fəaliyyət istiqamətlərinə işıq saçan yol xəritəsi oldu. Fərmana əsasən çoxdan bəri gözlənilən Elm və Təhsil Nazirliyi yaradıldı. Bu fərmanla elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər yeni yaradılmış Nazirliyə həvalə olundu. Fərmana əsasən AMEA-nın tərkibində olan, özü də sırf fundamental elmlər blokuna aid edilən 37 institut və qrum balansında olan dövlət əmlakı ilə birlikdə Elm və Təhsil Nazirliyinin, 3 muzey isə Mədəniyyət Nazirliyinin tabeliyinə verildi.
Doğrusu, uzun illər Akademiya divarları daxilində, həm də təsadüfi və səriştəsiz şəxslərin «rəhbərliyi» sayəsində elmi yaradıcılıqdan daha çox ətalət yuvasına çevrilmiş olan bəzi institut və müəssisələrin indi tabeliklərinə verildikləri nazirliklərin tərkibində tezliklə nə isə xarüqələr yaradacaqları da heç inandırıcı görünmür. Çünki uzun illər ərzində, istər Mədəniyyət Nazirliyi, istərsə də Təhsil Nazirliyi sistemində işlər heç də AMEA-dan yaxşı vəziyyətdə olmayıb. Əksinə, mövcud təhsil sistemində və mədəniyyət müəssisələrinin fəaliyyətində korrupsiya, rüşvtxorluq, sui-istifadə halları və intriqalar daha geniş meydan alıb. Odur ki, həmin strukturlarda da kardinal dəyişikliklər aparılması, hər yerdə qapı-pəncərələri açaraq korlanmış abu-havanı yeniləmək tələb olunur.
Prezident fərmanının 6.3 və 8-ci bəndlərinə əsasən 3 ay ərzində strukturu və işçilərinin say həddi müəyyən edilməklə AMEA-nın Yeni Nizamnaməsinin hazırlanması nəzərdə tutulur. Beləliklə Milli Elmlər Akademiyası bundan belə yalnız Humanitar və İctimai elmləri özündə birləşdirən nisbətən yığcam bir elmi qrum olacaqdır.
Hesab edirəm ki, fundamental araşdırmalarla məşğul olan institut və bölmələrin Elm və Təhsil Nazirliyinə verilməsi, Humanitar və İctimai elmlər blokuna daxil olan institutların isə AMEA-nın tərkibində saxlanılması olduqca dəqiq düşünülmüş məntiqli bir qərardır. Yaxşı yadımdadır, hələ 21 sentyabr 1993-cü il tarixdə ulu öndər Heydər Əliyev Akademiyada ziyalılarla görüşündə bu məsələyə toxunaraq belə demişdir: «Məlumdur ki, geniş kütlə, xalq, millət üçün ən çox təsirlisi humanitar elmlərdir və xüsusən millətin, xalqın tarixdir. Bu indi bizim üçün xüsusilə vacibdir. Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya, yaxud başqa fənnlərin hamısı inkişaf etməlidir. Bunların hərəsinin özünəməxsus çərçivəsi var… Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq lazımdır. O cümlədən mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin tarixi lazımdır». Məsələyə bu rakusdan yanaşası olsaq, bəli, həqiqətən də tarix, arxeologiya, etnoqrafiya, folklor, dilçilik, memarlıq, incəsənət və bu kimi elm sahələri daha çox məhz milli kimliyimizi müxtəlif aspektlərdən araşdıran elm sahələridir. Yəni riyaziyyat, fizika, kimya və bu kimi elm sahələri ilə dünyanın bütün nüfuzlu elm mərkəzləri məşğuldur. Azərbaycanın tarixi, dilçiliyi və ədəbiyyatı ilə isə təbiidir ki, əcnəbi elm adamları deyil, məhz Azərbaycanın öz alimləri məşğul olurlar. Bu mənada sırf Humanitar və İctimai elmləri özündə birləşdirən Akademiyanın Milli Elmlər Akademiyası adlandırılması fikrimcə daha məntiqli görünür. İndi baxır bu Akademiya necə qurulacaq.
Prezident fərmanının 6.3. bəndinin tələblərinə görə üç ay ərzində Milli Elmlər Akademiyasının yeni strukturu və işçilərin say həddi müəyyən edilməli, onun yeni Nizamnaməsi ümumi yığıncaqda təsdiq olunaraq ölkə başçısına təqdim edilməlidir.
3. AMEA-nın strukturu, işçilərin say həddi və Nizamnaməsini kimlər və necə hazırlayır?
İndi gəlin görək bu işləri kimlər etməlidir? Artıq qeyd olunan müddətin bir ayı arxada qalıb. Bu müddətdə nə işlər görülüb? Doğrusu, hələlik bu istiqamətdə Akademiya rəsmlərinin ümumi xarakterli açıqlamalarından başqa heç nə məlum deyil. Əslində Akademiyanın əvvəlki rəhbərliyinin prezident fərmanından irəli gələn vəzifələri tələb olunan müddətdə və tələb olunan səviyyədə icra edə biləcəyi də inandırıcı görünmür. Əgər o heyət bu işləri görmək əzmində və gücündə olsaydı, onda Akademiya niyə bu vəziyyətə düşürdü?! Daha bir ciddi məqam isə ondan ibarətdir ki, Akademiyanın Rəyasət Heyətində təmsil olunan və real söz sahibi olan alimlərin əksəriyyəti funadmental elmlərin nümayəndələridir.
Təbiidir ki, həmin insanlar Humanitar və İctimai elmlərdən ibarət yeni yaradılacaq Milli Elmlər Akademiyasının prioritetlərini tarixçi, ədəbiyyatşünas, dilçi və ya filosof almlər qədər təsəvvür edə bilməzlər. Bu, axı onların sahəsi deyil! Rəyasət Heyətində yer alan iki-üç nəfər tarixçi, ədəbiyyatşünas və şərqşünas akademiklərimizin (Diqqət edin, onların arasında nə arxeoloq, nə etnoqraf, nə də antropoloq var. Bu disbalansı kim yaradıb?! Belə olan halda 300 nəfərə qədər əməkdaşı olan Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu ilə bağlı təkliflər kimdən gələcək?!) də köhnəlmiş iş üslubu və yanaşmalardan üz döndərərək irəliyə doğru hansısa bir pozitiv addım atacağı da real görünmür. Birbaşa həmin akademiklərin kurasiyasında olan Humanitar və İctimai elmlər blokuna daxil olan institutların bu günkü acınacaqlı durumu bunu deməyə əsas verir. Məgər bu rəhbərlər görmürdü, bilmirdi ki, onların nəzarətində olan hansısa institutların direktoruları sadəcə xəstə olmaları səbəbindən aylarla işə gələ bilmirdi?! Gələndə də xərəkdə, qucaqda gəlirdilər.
Uzun illər idi ki, Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi mühitin tam olaraq korlandığı məgər onlara məlum deyildi? Başda İnstitut direktoru da olmaqla orada «çalışan» insanların az qala üçdə iki hissəsindən çoxu baza təhsili uyğun olmayan insanlardır. Onların da böyük əksəriyyəti ümumən elmə heç bir aidiyyəti olmayan simalardır. Hansı ki, onların da bir çoxu məhz AMEA-nın Rəyasət Heyətində söz sahibi olan cənabların xahişi, tapşırığı və göstərişləri əsasında rəhbər vəzifələrə yerləşdiriliblər. Bu halları digər institutlarda da eynilə müşahidə etmək olar. İndi təsəvvür edin, həmin savadı, təcrübəsi, səriştəsi və hətta diplomu olmayan nadan və hikkəli vəzifəlilərin tabeliyində işləmək nədir? Heç kəs üçün sirr deyil ki, belələri vicdanlı və normal elm adamlarına qısqanclıq edir və sözün əsl mənasında onlara lətifəsi elm adamlarından uzaq, “dəvə nalbəndə baxan” kimi baxırlar.
4. Elmlə məşğul olmaq həm də fədakarlıq nümunəsidir
İndi deputat da, siyasətçi də, media nümayəndələri də alimləri ittiham edir. Məgər Akademiya sistemindəki hər cür özbaşınalıq, süi-istifadə və eybəcərliklərə görə alimlər ittiham olunmalıdır? Çox uzağa getməyəcəyəm, elə bu ilin iyul ayında Şamaxı rayonu ərazisindəki Kələxana türbələr kompleksində arxeoloji tədqiqat apardığımız günlərdə havanın hərarəti bəzən 40-44 dərəcəyədək yüksəlirdi. Açıq havada, tozun-torpağın içində, ilan və əqrəblərin hər addımda ayağa dolaşdığı şəraitdə işləyirdik. Əslində arxeoloqların işinin spesifikası belədir. Həm də buna görə heç bir arxeoloq-alim taleyindən və peşə seçimindən peşiman da deyil. Məncə aylıq maaşı vur-tut 350-500 AZN təşkil edən elm adamları üçün bu, işdən və nəticədən əlavə həm də bir fədakarlıq nümunəsidir. Azərbaycanda hansı peşə sahibi belə cüzi maaş naminə ən azı bir ay ərzində lap heç bir iş görmədən gündə 8 saat o şiddətli istilərə dözməyi özünə rəva görər?!
Bütün bunlardan sonra axşam televizoru açanda, saytlara baxanda eşidirik ki, alimlər dövlətin büdcəsini dağıdırlar… Akademiya qocalar evidir, alimlər parkda nərd oynayır və s.
Gəlin, əvvəl büdcə məsələsinə bir balaca aydınlıq gətirək. Mən elmlər doktoru, professor, Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri və Azərbaycan tarix elmində 10-dan çox elmi yeniliyin müəllifi olaraq aylıq vəzifə maaşım cəmisi 500 AZN-dir. Bu məbləğ Milli Məclis üzvünün aylıq əmək haqqından təqribən 16 dəfə, deputatın köməkçisinin maaşından isə bir neçə dəfə azdır. AMEA-da qaraj müdiri və mühafizəçilər də professordan çox maaş alırlar. Alimə, elmə bu cür münasibət haradan qaynaqlanır? Görəsən, alimlərin özlərindən savayı bu reallıqlardan xəbəri olanı varmı?! Yəni, ömrünü bütünlüklə elmə həsr edərək onun ən yüksək mərtəbəsinə yüksələn elmlər doktoru, professor olan alimə verilən dəyər budurmu?! Belə yanaşma olan şəraitdə Azərbaycan elminin nə vaxtsa yenidən nizamilər, fizulilər, lütfizadələr, məmmədəliyevlər, bünyadovlar yetişdərəcəyinə necə inanasan?!
İndi orta həcmli bir elmi məqaləni AAK-ın siyahısında olan ölkədaxili jurnallarda nəşr etdirmək üçün ən azı 100-150 AZN, beynəxalq jurnallarda nəşr etdirmək üçün minimum 800-1000 ABŞ dolları tələb olunur. Sual olunur, elmə yeni gələn və alim olmaq istəyən gənc elmi işçi bu məbləği haradan əldə etsin?! Bəli, məhz belə anormal yanaşmaya görə hətta istedadlı gənclər elmə gəlmək istəmirlər. Belə misalların sayını istənilən qədər sadalamaq olar. Gəlin görək, elminə qibtə etdiyimiz ölkələrdə də belədirmi?! Deyilənlərə onu da əlavə edim ki, 20-dən çox kitab müəllifiyəm, hansı ki, onlardan yalnız ikisini institutun vəsaiti hesabına nəşr etdirmişəm. 30-35 çap vərəqi həcmində olan kitablarımın hər birinin çapına orta hesabla 3500-4000 AZN xərcim çıxıb. Son 30 ildə institut xətti ilə bir dəfə də olsun xarici ölkələrdə ezamiyyətdə olmamışam. Qəbələ, Ağsu, Kürdəmir, İsmayıllı və Şamaxı rayonları ərazisində aşkar və tədqiq etdiyim abidələr və əldə olunan çox ciddi elmi nəticələr də göz qabağındadır. Təvazökarlıqdan uzaq olsa da, sadalamaq zorundayam. Baxın, 45 ilə yaxındır ki, tədqiqat apardığım qədim Azərbaycan dövləti olan Albaniyanın paytaxt şəhəri Qəbələ artıq YUNESKO-nun mədəni irs siyahısına düşməyə namizədlər sırasındadır. Orta əsr Ağsu şəhəri mənim rəhbərliyimlə aparılmış tədqiqatlardan sonra ölkə prezidenti tərəfindən Tarix və Mədəniyyət Dövlət Qoruğu elan edilib. Basqalda arxeoloji cəhətdən öyrəndiyim sahə də birbaşa ölkə prezidentinin tapşırığı ilə arxeoparka çevriləcək. Şamaxı rayonu ərazisindəki Pir Ömər Sultan ziyarətgahında tədqiqatların və Xəlvətilik sufi təliminin banilərindən olan Pir Ömər Avaxıli Şirvaninin türbəsinin aşkar olunması bütövlükdə Türk dünyasının elmi-mədəni həyatında mühüm hadisə oldu. Bu ilin iyun-iyul aylarında tədqiq etdiyim Kələxana (Şamaxı r-n) türbələr kompleksinin Azərbaycanın çox mühüm arxeoloji turizm kompleksinə çevrilməsi istiqamətində hazırda intensiv işlər gedir və s. Əziz qələm əhli, sizcə alim daha nə etməlidir?! Odur ki, Akademiyadan tənqid yazanda çalışın ki, ünvanı dəqiq seçəsiniz. Əgər elmə ayrılan büdcənin kimlər tərəfindən və necə dağıdıldığını bilmirsinizsə, bilənlərdən soruşun.
Akademiya artıq neçə illərdir ki, vahid elmi qrum olaraq işləmir. Burada sadəcə ayrı-ayrı fərdlər işləyir. Bu gün Azərbaycan elmi adına olan hər bir müsbət iş və nəticələrə görə məhz o fədakar insanlara minnətdar olmalıyıq. Hansı ki, onlar ətraflarındakı qeyri-sağlam elmi mühitə rəğmən işləməkdən, araşdırmalar aparmaqdan, elmimizi inkişaf etdirmək həvəsindən əsla usanmırlar.
Akademiyanı qocalar evi kimi təqdim edənlərə, alimlərin parkda oturub nərd oynamasına ironiya ilə yanaşanlara da sözüm var. Əzizlərim, bir gözünüzü açıb dünyaya nəzər salın. Görün, dünyanın, lap elə ayrılıqda götrülən hər hansı bir ölkənin alimlərinin orta yaş həddi nə qədərdir? Düşünməyin ki, tarix elmlər qrupu üzrə kimsə 55-60 yaşdan tez elmlər doktoru – professor adı ala bilər. Unutmayın ki, elmin yolları K.Marksın təbirincə desək «daşlı-kəsəkli yollardır». Razıyam ki, hansısa məmurun oğlu və ya qızı əslində elm üçün, alim olmaq üçün məqbul hesab edilməyən çox rəvan yollarla hətta 30-35 yaşında belə doktorluq və professorluq diplomu əldə edə bilər. Belə «nümunələr» də var. Amma bu hələ həmin arxalı şəxslərin alim olması demək deyil.
Bir neçə il əvvəl bərk gedən akademiklərimizdən biri televiziyada çıxış edərək bildirdi ki, o, 850 adda elmi əsərin müəllifidir! Düzü, oturduğum yerdə məni tər basdı. Yəni, alim də bu qədər müştəbeh ola bilər?! Elmi əsər yazmaq yəni bu qədər sadə bir işdir?! Görünür, bu akademik sadəcə işlətdiyi ifadənin ciddiliyini anlamır. Bu yaxınlarda daha bir üzdə olan akademikmizin 2000 ədəddən çox əsərinin olduğunu eşidəndə isə doğrusu lap şoka düşdüm. Mənim bildiyimdən ən azı 4-5 vəzifəsi, özü də çox mühüm vəzifələri olan bu insanın ümumiyyətlə nəsə yazmağa vaxtı olubmu?! Əgər gecə-gündüz yaradıcılıqla məşğul olubsa, onda ona həvalə olunmuş o çoxsaylı mühüm vəzifələri kim icra edib?! Görün, elmin, alimin dərdləri, problemləri haralara gedib çıxır?! Bəli, Azərbaycanda bu sıradan olan doktor, professor və akademiklər heç də az deyil. Əslində elmimizi bərbad günə salanlar da uzun illərdi ki, elmimizin başında duran məhz belə «seçilmişlərdir». İnanın, həmin şəxslərdən hansısa qarşıdakı dönəmdə Milli Elmlər Akademiyasının prezidenti «seçilərsə» şəxsən mən əsla təəccüblənmərəm.
Mən uşaq vaxtı elə bilirdim ki, müəllimlərimiz çörək yemir və s. İndi də deyəsən bəzi media nümayəndələri elə düşünürlər ki, sanki alim olan kəsin bütün ömrü kitabxana, laboratoriya və ya iş otaqlarında keçməlidir. Ay əzizlərim, məgər siz azad, müstəqil və demokratik bir ölkədə yaşadığınızın fərqində deyilsiniz? Məgər alim insan deyil?! O, asudə vaxtında parka gedə bilməz, orada hansısa dostu, tanışı ilə nərd oynaya bilməz?! Nə olsun ki, vaxtı ilə bir çoxlarınıza dərs demiş, imtahan və ya zaçot götürmüş alimlərin aylıq maaşı sizlərin maaşından qat-qat aşağıdır.
5. Üç ayın üçdə biri arxada qaldı. Nikbin olmağa dəyərmi?!
Ən azı Akademiyada işləyənlər çox yaxşı bilirlər ki, orada seçki anlayışı çoxdan unudulub. Yəni, uzun illərdir ki, AMEA-nın həqiqi və müxbir üzvləri Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin siyahısı əsasında «seçilirdi». Vitse-prezidentlər, akademik katiblər, Rəyasət Heyətinin üzvləri də həmçinin. Özü də qohumluq, tanışlıq, dostluq, yerlibazlıq və dilə gətirmək istəmədiyim bəzi digər «prinsiplər» əsasında. Bu cür yollarla formalaşan AMEA rəhbərliyi sözsüz ki, elə belə də işləməli idi. İnstitut direktorları, direktor müavinləri, şöbə müdirləri, son dönəmdə isə həm də baş direktorlar və icraçı direktorlar da seçki yolu ilə deyil, ixtiyar sahiblərinin tövsiyəsi, xahişi, göstərişi və əmri ilə təyin olunub. Bu təyinatlar zamanı təkcə prossedur qaydaları deyil, həm də işinin peşəkarı olan çoxsaylı alimlərin haqqı, hüququ tapdalanıb. Yəni, naşı və nadanları alimə rəhbər təyin edənlər bilmirdilər ki, bu işlərin sonu fiasko olacaq?!
İstərdim ki, bütün bunlar artıq keçmişdə qalsın. Çox əmin olmaq istərdim ki, belə də olacaq. Bunun üçün irəliyə baxmaq, qarşıdakı hədəflərə doğru hərəkətə keçmək zamanıdır. İlk növbədə isə Prezident Fərmanında göstərilidiyi kimi Akademiyanın yeni Nizamnaməsi hazırlanaraq təsdiq olunmalı, strukturu və işçilərin say həddi müəyyən edilməlidir. Humanitar və İctimai elmlər blokuna aid olan və kimlərəsə vəzifə vermək xatirinə yaradılmış institutların, bölmə, mərkəz və şöbələrin xeyli qismi bağlanmalı, bəziləri birləşdirilməlidir. Akademiya tutduğu vəzifəyə uyğun təhsili olmayan, uzun illər ərzində özünü elmi işçi kimi təsdiqləyə bilməyən təsadüflərdən təmizlənməlidir. Bura hansısa sosial təminat yönümlü qrum deyil, elm ocağıdır. Burada alimlər və gələcəyin tanınan alimi olmaq potensiallı istedadlı gənclər işləməlidir. Amma ötən illərdə olduğu kimi yalnız görüntü xatirinə bəzi kosmetik dəyişikliklər aparmaqla bu vəzifənin öhdəsindən gəlmək olmaz.
Onu da nəzərdən qaçırmayaq ki, həftədə, on gündə bir dəfə AMEA-nın Rəyasət Heyətinin köhnə tərkibini toplayaraq ümumi şəkildə «müzakirələr» aparmaqla Prezident Fərmanından irəli gələn çox ciddi vəzifələlərin vaxtında və lazımi səviyyədə icra olunacağını düşünmək ən azı sadəlövhlük olardı. Akademiyada işlərin nə vəziyyətdə olduğunu dərindən bilən bir elm adamı olaraq tam məsuliyyətlə bəyan edirəm ki, Humanitar və İctimai elmlər blokunu təmsil edən təcrübəli, səriştəli və azad fikirli alimlərdən ibarət xüsusi işçi qrupu yaradılmadan Milli Elmlər Akademiyasının Prezident fərmanından irəli gələn tələblər səviyyəsində yenidən formalaşdırılacağı real görünmür.
Ölkənin elm məbədi hesab edilən Akademiyanın taleyini nə ifrat radikalların, nə də ifrat mühafizəkarların ümidinə buraxmaq olmaz. Bir daha xatırladım ki, bu işlərin görülməsi üçün ölkə prezidenti tərəfindən müəyyən olunan üç ayın artıq üçdə biri arxada qalıb. Hə bir də istefa verib vəzifədən getdiyindən 7 ay keçməsinə baxmayaraq AMEA-nın H.Cavid prospektindəki binasında akademik Ramiz Mehdiyevin bu qrumun prezidenti olduğunu bildirən lövhə də hələ ki, öz əvvəlki yerində qalmaqdadır. Elə onun komandası da hələ ki, iş başındadır. Bu isə o deməkdir ki, Akademiya hələ də Ramiz Mehdiyevin Administrasiya rəhbəri olduğu dönəmdə cızdığı, 27 ay ərzində AMEA prezidenti olarkən isə daha da «təkmilləşdirdiyi» yol xəritəsi əsasında «işləməkdə» davam edir. Əgər buna da «işləmək» demək olarsa.
Qafar Cəbiyev, tarix elmləri doktoru, professor, əməkdar jurnalist
22-11-2013, 11:46
24-07-2018, 21:03
10-12-2021, 13:18
29-05-2013, 01:26
29-03-2019, 13:51
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?