Azərbaycanda vəzifə mənsublarının öz səlahiyyətlərindən sui-istifadə edərək böyük sərvət sahibi olması, qısa müddət ərzində oliqarxa çevrilməsi demək olar ki, adi haldır. Sanki dövlətin verdiyi səlahiyyətləri şəxsi maraqları naminə istifadə etmək bunların vəzifə borcudur. Sirr deyil ki, ölkədə istənilən böyük biznes qurumunu, şirkəti qurdalasan arxasından mütləq iri bir məmurun adı çıxacaq. Paytaxtda və bölgələrdə ən axar-baxarlı, gözəgəlimli torpaq sahələri də fəqir-füqəranın deyil. Elə bu torpaqları da ata malı kimi özününküləşdirənlər məmurlardır. Neyləsinlər, torpaq sevgisi yazıqları birtəhər eləyib.
Sosial şəbəkələrdə vəzifə səlahiyyətlərindən istifadə edərək “torpaq sevgisi”ni hektarlarla gerçəkləşdirən biri haqqında məlumat verilir. Haqqında bəhs edəcəyimiz şəxs uzun illər məhkəmə orqanlarında yüksək vəzifələrdə işləyən Gülzar Rzayevadır. Məhkəmə sistemində ən ali kürsülərdə əyləşən Gülzar xanımın son iş yeri Ali Məhkəmə olub. 2000-2005-ci illərdə Apellyasiya Məhkəməsinin sədri, 2005-2010-cu illərdə isə Səbail rayon məhkəməsinin sədri olub.
Bu yazımızda Gülzar xanımın hakim kimi fəaliyyətini təftiş etmək fikrində deyilik. Bizi daha çox onun “torpaq sevgisi” narahat edir. Xüsusilə onun Səbail rayon məhkəməsinin sədri olarkən Badamdar ərazisinə olan “məhəbbəti” burada böyük ərazilərin zəbt olunması ilə nəticələnib. Qəsəbənin üçüncü massiv adlanan hissəsində belə desək ən bahalı ərazilərində böyük torpaq sahələri müxtəlif şəxslərin adına sənədləşdirilərək ələ keçirilib. Torpaq sahələri ələ keçirilərkən dövlətə hər hansı rüsumun ödənildiyini dəqiq bilməsək də üçüncü massivdə Gülzar xanımdan başqa demək olar ki, üçüncü bir şəxsin torpağı yoxdur (təbii ki, bu torpaqlar başqa-başqa şəxslərin adına rəsmiləşdirilib).
Badamdarda Gülzar Rzayevanın müxtəlif şəxslərin adına sənədləşdirərək satdığı torpaq sahələrinin isə sayı-hesabı yoxdur. Bu ticarət indiyə qədər davam edir. Maraqlıdır ki, hər məmur kefi istədiyi qədər torpaq sahəsini zəbt edərək özününküləşdirirsə bəs bu binəva xalqa nə qalır? Torpaq təəssübkeşliyimi? Onu qorumaqmı? Torpağı zəbt edəndə heç kimə imkan verməyənlər onu qorumaq lazım olanda nədənsə heç gözə görünmürdülər. Hər halda hüquq-mühafizə orqanları G.Rzayevanın bu “torpaq sevgisi”ni araşdırsalar yaxşı olardı. Çünki bəziləri üçün torpaq hər sotunun qiyməti qalxdıqca VƏTƏNDİR !
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?