Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələr barədə də danışdı.
O, baş verənlərə görə Baş nazir Əli Əsədovu, xüsusnən də Ekologiya və Təbii Sərvətlər (ETS) naziri Muxtar Babayevi kəskin tənqid etdi.
Prezidentin sözügedən çıxışından sonra Ekologiya və Təbii Sərvətlər nazirinin vəzifəsindən uzaqlaşdırılacağına dair fikirlər gündəmə gəlib. Bir sıra sosial şəbəkə istifadəçiləri Muxtar Babayevin öz postunda qalmasının mümkün olmadığını bildirirlər.
Gundemxeber.az bildirir ki, məsələ ilə bağlı bakupost.az-a danışan millət vəkili Aqil Abbas Prezident İlham Əliyevin müşavirədə işində nöqsanlara yol verən məmurları danladığını xatırladıb.
“Prezident öz sözünü dedi. Məmurları vaxtında məruzə etmədikləri üçün danladı. İnsanların ürəyindən keçənləri dedi”, - Aqil Abbas bildirib.
Onun sözlərinə görə, bu tənqidlərdən sonra Ekologiya və Təbii Sərvətlər naziri nöqsanlarını düzəltməlidir:
“Ekologiya naziri normal işləyən, savadlı bir oğlandır. Harada işləyibsə, özünü doğruldub. Ekologiya ilə bağlı bir sıra tədbirlər həyata keçirib. Bakıdan başlamış bir çox əraziləri meşəyə döndərib, yaşıllaşdırıb. Gədəbəy məsələsi də ciddi məsələdir. Lakin hər nöqsana görə naziri işdən çıxarsalar, gərək gündə birini çıxaralar. Bütün nazirlərin nöqsanları var. Hamımız da bilirik, mətbuat da yazır. Prezident sözünü dedi, onları danladı. Onlar da nəticə çıxarıb bundan sonra düzgün işləyəcəklər”.
Sorğu
Yeni dizaynımız necədir?