Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək, dörd nəfərin ölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işi yenidən araşdırılıb.
Guhdemxeber.az-ın heftelik.az-a istinadla əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində baxılan iş üzrə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Hakim Fərid Əyyubovun sədrlik etdiyi hakimlər heyəti tərəflərin fikirlərini dinlədikdən sonra belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs hadisə vaxtı içkili olmayıb.
Qərara əsasən Elşad Kəlbəliyevin əməli 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsindən 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.
Bu maddə ilə ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Lakin məhkəmə həmin cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini uyğun görüb.
Qeyd edək ki, 2021-ci ilin iyun ayında Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” markalı maşınla Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Ülman Şıxəliyev və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər. İttiham aktına görə, hadisə vaxtı E.Kəlbəliyev sərxoş vəziyyətdə olub. Sonradan ölən şəxslərin hüquqi varisləri E.Kəlbəliyevlə barışıblar.
E.Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həbs müddətini 8 ilə endirib.
Bu ilin fevralında müdafiə tərəfi və zərərçəkmiş şəxslərin hüquqi varislərinin şikayəti ilə Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını tamamilə ləğv edərək, işi geri qaytarıb.
Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.
“Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzov
Nəzərə çatdıraq ki, məntəqə tipli cəzaçəkmə müəssisələrinin sərhədləri müəssisənin yerləşdiyi yer və məhkumlar tərəfindən görülən işlərin xüsusiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikasının Ədliyyə Nazirinin (Naxçıvan Muxtar Respublikasının ərazisində – Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirinin) əmri ilə müəyyən edilir. Lakin bütün hallarda bu sərhəd müəssisənin yerləşdiyi yerin mərkəzindən radius üzrə 10 km artıq olmayan məsafədən keçməlidir. Müəyyən edilmiş sərhədlər barədə məhkumlara imza etdirməklə elan edilir və onların şəxsi işinə tikilir. Məntəqə tipli cəzaçəkmə müəssisəsində məhkumlar hər gün, ailəsi ilə müəssisədən kənarda yaşayan məhkumlar isə müəssisə müdiriyyətinin qərarı (əlavə 8) ilə hər ay bir dəfədən dörd dəfəyə qədər gündəlik qayda ilə müəyyən olunmuş vaxtda qeydiyyatdan keçmək üçün müəssisə rəisinin növbətçi köməkçisinin, yaxud dəstə rəisinin yanına gəlməyə borcludurlar.
Gördükləri işlərin xüsusiyyətinə uyğun olaraq və ya təlimlə əlaqədar zərurət olarsa, məntəqə tipli cəzaçəkmə müəssisəsi rəisinin və ya onu əvəz edən şəxsin icazəsi ilə məhkumlar müəssisənin yerləşdiyi ərazidən kənarda, lakin Azərbaycan Respublikasının ərazisi hüdudlarında nəzarətsiz hərəkət edə bilərlər.
Sorğu
Yeni dizaynımız necədir?