Şəhriyar Məcidzadə atası Sərdar Həmidovla bağlı xatirələrini yazmağa başlayıb. Həmin yazının birinci hissəsini gundemxeber.az-ın çoxsaylı oxucularına təqdim edirik:
"Atam çox mütaliəli adam idi. Onunla hər mövzuda danışmaq olardı. Amma biz adətən ədəbiyyatdan danışardıq.
12 saylı İƏM müssəsinin balaca görüş otağının divarları dərslərimin gedişatından, oxumağa məsləhət gördüyü kitablara qədər bir çox söhbətlərimizin xatirimdə qalan tək şahididir. Elə həmin o illərdə mən hələ orta məktəbdə oxuyarkən o mənə təkidlə Lev Tolstoyun “Hərb və sülh” əsərini oxumağı tövsiyə edirdi. Mənim dünyagörüşüm buna hazır deyildi. Üstəlik də əsər çox böyük əsər idi. İndiki kimi yadımdadır.
- Bu əsərdən çox şey öyrənəcəksən. Müharibənin acısını, ağrısını da, sülhün əhəmiyyətini də. Ölkənin tarixində insanın və ümumilikdə xalqın rolunun nədən ibarət olmasını da, - demişdi.
Mən ona demirdim ki, dərslərim var. Demirdim ki, Güzdəyə qədər gələn yol mənə nə qədər uzun gəlir. Sənədləri verdiyimdə gözləməyimi, dəmir qapıların danqıltılarını, çöldə görüş icazəsi almaq üçün gözləyən insanları, onların daha çox pul üçün gözlədildiyini... heç nə demirdim. Sadəcə “Oxuyacağam” dedim.
Atam azad olduğu gün də dəqiq yadımdadır. Həmin axşam yenə “Hərb və sülh”dən söhbət açıldı. Məktəbdə oxuduğum hissələrdən bir-iki cümlə dedim. Dedi “Oxumamısan”.
Düz deyirdi, oxumamışdım. Kiyevdə I kurs tələbəsi olanda oxuyacaqdım. İndi Sərdar Həmidovu ən düzgün şəkildə anlatmaq üçün elə həmin əsərdən bir cümləni paylaşmalı oluram: “Mənim vəzifəm başqadır... Mənim vəzifəm başqalarının xoşbəxtliyi ilə xoşbəxt olmaq, xoşbəxtliklə özümü başqaları üçün fəda etməkdədir".
Sərdar Həmidovu xatırlamaq, anlamaq üçün bundan daha qısa bir cümlə yoxdur. Çünki o bütün həyatını, sahib olduğu mülkünü, sağlamlığını hərbə fəda etdi. Sübutu da hələ də Tərtərdə ata evimizin divarlarındakı güllə izləridir. Müharibə bitənə qədər biz həmin evdə yaşamışdıq...
Gedə bilərdi. Vəzifəsini Bakıda daha yaxşı bir vəzifə ilə əvəzləyə bilərdi. Başqa bir ölkəyə, hətta dünyanın istənilən ölkəsinə gedə bilərdi. Daha rahat, daha yaxşı, daha dinc bir həyatımız ola bilərdi. Amma o, qalmağı seçdi. Taleyini ölkəsi ilə, evi ilə birləşdirdi. O, hamıdan az mənim atam olmağı seçdi.
Bütün uşaqlıq xatirələrim evimizin divarlarındakı həmin güllə izləri kimidir, dəlik-dəlik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?