“Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan Mərkəzi Dəmiryol Xəstəxanası bağlanıb. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, tibb mərkəzi bağlandığı üçün həkimlər müxtəlif xəstəxanalarda çalışmağa üz tutublar. Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçən Mərkəzi Dəmiryol Xəstəxanasının təyinatı məlum olub.
Nazir müavini Anar Əliyev mətbuata açıqlamasında bildirib ki, xəstəxana ən müasir standartlara cavab verən reabilitasiya mərkəzi olacaq: “Eyni zamanda, həmin mərkəzdə hərbi xidmətə çağırışla bağlı tibbi müayinələr keçiriləcək”. Nazir müavini əlavə edib ki, hazırda aidiyyəti dövlət qurumları ilə birgə xəstəxananın təhvil-təslim işləri həyata keçirilir. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi Şöbəsinin rəisi Sənubər Nəzərova da açıqlamasında təsdiqləyib ki, Nazirlər Kabinetinin 2023-cü il 14 dekabr tarixli 945s nömrəli Sərəncamına əsasən, qurumun Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmiryol Xəstəxanasının balansında olan bir sıra dövlət əmlakları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidmətinin 2 saylı dəmiryol poliklinikasının baş həkimi, “fəxri dəmiryolçu” Həmzə Həsənov deyəsən bu baş verənlərdən çox narahatdır. Yəqin düşünür ki, bu tendensiya davam edəcək, onun rəhbərlik etdiyi tibb müəssisəsi də ƏƏSMN-nin tabeliyinə verilə bilər. Bu halda böyük ehtimalla ilk görüləcək tədbir qocaman baş həkimin vəzifədən çıxarılması olacaq. Çünki eynən Mərkəzi Dəmiryol Xəstəxanasında olduğu kimi, ilk növbədə müəssisə təmirə bağlanılacaq. Yenidən işə düşəndə isə sükanın arxasında artıq başqa baş həkim olacaq. Hətta çətinliklə vəzifəsini qoruya biləcəksə də belə, onun üçün uzun illərdən bəri üzü-gözü alışdığı adamları təzə adamlara dəyişmək, “dil tapmaq” çətin olacaq. Ona görə də Həmzə Həsənov son günlər çox pərişan görünür. Redaksiyamıza daxil olmuş bir neqativ məlumatla bağlı münasibətini öyrənmək üçün baş həkimin telefonuna zəng vurduqda özümüz də bunun şahidi olduq. Elə jurnalist olduğumuzu bildirən kimi baş həkim acıqlı ritorika sərgilədi. Hətta deyinərkən, ağzından qeyri-etik ifadələr çıxardı, “oğraşlar…” – dedi. Ondan işlətdiyi təhqiramiz sözlərin konkret kimə ünvanlandığını soruşanda, “heç, sənlə deyiləm, qabaqda dayanan “qaişnikə” deyirəm”, – deyə cavab verdi. Təxmin etmək olar ki, Həmzə Həsənov pasientlərlə və öz işçiləri ilə daha sərt rəftar edir. Siz deyin, onun daha vəzifədə qalması məqsədəuyğundurmu? Onu kreslodan düşürmək üçün mütləq müəssisənin tabe olduğu qurumun dəyişməsini gözləmək lazımdırmı? Əcəba, bu məsələdə süstlük göstərilsə, bir də görəcəyik ki, Həmzə Həsənov ƏƏSMN-də də özünə havadar tapıb./“Həqiqət carçısı”/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?