"Vüqar Qurbanov, Prezidenti, Vətənini, dövlətini və nəhayət vətəndaşını sevirsinizsə, "Respublikanski"nin köçürülməsində təyin olunan yerlə bağlı qərarınızda dəyişiklik edin. Milləti qürürunuzun qurbanı etməyin!".
Respublika Klinik Xəstəxanasının həkim və tibb işçiləri heyəti həyəcan təbili çalır. Onların bu fövqəladə çağırışına yüzlərlə vətəndaş da qoşulmaqdadır. Bu narahat doğuran vəziyyətə səbəb xəstəxananın Terapiya şöbəsinin təmirlə əlaqədar Bilgəh ərazisinə köçürülməsi qərarının verilməsidir. Mərkəzdən xeyli uzağa, üstəlik, Bilgəhin özündə ictimai nəqliyyatın olmadığı, avtobus dayanacağından 1 kilometr aralıda yerləşən müəssisəyə tibbi personalın köçürülməsi əmri ciddi narazılıq yaradıb. Artıq bununla bağlı Respublika Klinik Xəstəxanasında etirazlar eşidilməkdədir. Çünki xəstəxananın Cərrahiyyə və Travmatologiya şöbələrinin yerində saxlanması, Terapiya şöbəsinin isə Bilgəhə göndərilməsi açıq-aşkar ədalətsizlik, həm həkim və tibb işçilərinə, həm də minlərlə xəstəyə işgəncə vermək, zülm etməkdir. Halbuki Bakıda modul tipli xəstəxanalar var və müvəqqəti olaraq onlardan birində fəaliyyəti davam etdirmək mümkündür. Misal üçün onlardan biri Tbilisi prospektində yerləşir. Amma TƏBİB rəhbərliyi və Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov şöbəni uzaq Bilgəhə köçürməkdə israrlıdır. Onu da demək lazımdır ki, təmir işləri ən azından üç il davam edəcək, istifadəyə verilməsi isə daha uzun müddət olacaq, nəticədə təxminən 4 il insanlar Bilgəhə gedib-gəlmək məcburiyyətindədirlər. Bu xoşagəlməz və özbaşına addımlarla əlaqədar tibbi heyət və onlara dəstək verən yüzlərlə vətəndaş təcili surətdə tədbir görülməsi, qərarda dəyişiklik edilməsi üçün Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət ünvanlayıblar. Şikayətçilər müraciətlərinin icrasına şəxsən Anar Ələkbərovun nəzarət etməsini tələb edirlər. Müraciətdə deyilir ki, şəhərdə ayrı-ayrı yerlər olduğu halda, Bilgəhə köçmək qərarı açıq şəkildə insanları incitməkdir: "Cənab Prezident və hörmətli Mehriban xanım, Bilgəhdə yerləşən həmin müəssisə olduqca uzaq məsafədə yerləşir, eyni zamanda ora birbaşa avtobus getmir, yəni hər gün 1 kilometr o başa, 1 kilometr bu başa piyada getməliyik ki, dayanacağa gəlib çıxaq. Axı bunun soyuq qışı, bürkülü, dəhşət istili yayı var. Yaxşı, biz həkim və tibb işçilərini bir kənara qoyduq, yüzlərlə xəstə bura necə gedib-gəlsin? Bunun yol xərci, soyuqda, istidə 1 kilometr piyada getməsi var. Xəstə insan üçün nə qədər dəhşətli bir əzab olduğunu çox yaxşı başa düşürük. Xəstəxana rəhbərliyi çox qəribədir ki, özünə yaxın adamları, direktor Elviz Qasımovla əlaqəli işçiləri 2-ci korpusdan 1-ci korpusa gətirir. 1-ci korpusu isə Bilgəhə sürgün edir. Maraqlıdır ki, 3-4 kiçik şöbələrdən başqa bütün şöbələr öz işini 1-ci korpusda davam etdirəcək, bəs, bizə qarşı bu ayrı-seçkilik nədir? TƏBİB rəhbərliyi belə izah edir ki, guya Bakının özündə olan modul tipli yerlərdə lazımı şərait yoxdur. Amma bu da bəhanədir.
Cənab prezident və hörmətli Mehriban xanım, əgər şərait yoxdursa, o zaman bunu təşkil etmək lazımdır. Hərçənd, TƏBİB rəhbəri Vüqar Qurbanovun və xəstəxananın direktoru Elviz Qasımovun buna gücü də çatar. Yəni istəsələr o şərait təmin və təşkil oluna bilər. Hətta həkimlər həmin şəraitin şəxsi hesabları gücünə edilmısinə etiraz etmirlər, həttda deyərdim ki bundan çox məmun olarlar. Axı harada görünüb ki, vətəndaşların kütləvi şəkildə müraciət etdiyi, tələbat olan şöbələr şəhərdən çox kənara köçürülsün? Bilgəh elə yerdir ki, şəhərdən azı 25-30 km aralıdadır. Orada uzaqbaşı pansionat yerləşə bilər. Amma hər dəqiqə xəstənin müraciət etdiyi bir korpusu ora köçürmək yanlış seçimdir. Ona görə də bizi gözləyən bu ağır, zülm dolu addımın dərhal aradan qaldırılması üçün ölkə rəhbərliyindən kömək istəyirik. Ölkə başçısına, Mehriban xanıma güvənirik, inanırıq və əminik ki, bu fövqəladə vəziyyətlə bağlı təcili bir addım atılacaq, müvafiq qərar veriləcək və bizə şəhərdə işimizi davam etdirmək üçün yer ayrılması tövsiyə olunacaq. Biz xəstəxanada təmir işlərinin aparılmasının əleyhinə deyilik, əlbəttə ki, yenidənqurma, müasirlik vacibdir, amma bu işləri görərkən bizi də Bilgəhə, əlçatmaz yerə göndərmək ədalətsizlikdir. Biz hər gün saatlarla bu yolları getməliyik, dayanacaqdan 1 km piyada işə tərəf yollanmalıyıq, axı, bu nə dərəcədə düzgün və məntiqli addımdır?
Odur ki, möhtərəm Prezidentin və Mehriban xanımın bizə dəstək olacağına inanırıq. Bizim xahişimiz ondan ibarətdir ki, şəraitindən aslı olmayaraq şəhərin özündə, lap elə Tbilisi prospektində olan modul tipli məntəqəyə köçürsünlər, yəni indiki iş yerimizdən çox uzağa getməyək. Bunu etmək çətin deyil və müvafiq şəraitin orada qurulması da mümkündür. Yetər ki, bununla bağlı istək olsun. Biz görürük ki, direktor Elviz Qasımov belə bir niyyətdən uzaqdadır, o zaman ümidimiz ölkə rəhbərliyinə qalıb. Sizə həyəcan dolu çağırış edərək təcili şəkildə bu problemin yoluna qoyulması üçün tapşırıq verməyinizi xahiş edirik".
Müraciətdə əlavə edilir ki, verilən qərar həm də işçilərə və vətəndaşlara hörmətsizlikdir: "Bu qərarı verənlər özləri nə rəva bilməzlər ki, gedib avtobus dayanacağı uzaqda olan, şəhərdən 30 kilometr aralıda bir yerdə illərlə işləsinlər. Biz hər şeyin asanlaşan, əlçatan olduğu dövrdəyik, insanlar onlayn xidmətlərə üstünlük verir, uzaq qitələrlə internet üzərindən kommunikasiyalar qurulur, ticarət aparılır və belə bir vaxtda xəstəxana rəhbərliyi öz adamlarını yanında saxlayıb, özünki bilmədiyi zəhmətkeş insanları çox uzaqlara göndərir. Bu da haqsızlıq və hörmətsizlikdir, Elviz Qasımovun işçilərinə fərq qoyması, onları incik salmasıdır. Biz bununla görürük ki, xəstəxana rəhbərliyi artıq məsələlərə necə yanaşır. Belə münasibət isə nə mehribanlıq yaradar, nə işdə keyfiyyət, nə inkişaf...
Cənab Prezident, bizim bu müraciətimiz çox əhəmiyyətlidir, çünki yaxın zamanda təmir başlaya, qərarın icrasına keçid oluna bilər. Ona görə tək pənahımız, yeganə söykənəcək yerimiz Sizsiniz! Xahiş edirik ki, kütləvi narazılıq yaradan bu qərarı durdurasınız və bizə şəhərdə normal yer ayrılmasına müvafiq tapşırıq verəsiniz. Bu həm dövlətimiz üçün, həm də vətəndaşlarımız üçün müqayisə olunmayan qədər faydalı olar"./7news.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?