Bugünlərdə gundemxeber.az-ın redaksiyasına iş adamları olan A. Xudiyeva və Fariz Əskər oğlu Salmanov müraciət edərək bildiriblər ki, "şikayətimiz bank işçisi tərəfindən sahibkarlığa vurulmuş külli miqdarda maddi və mənəvi zərər barədədir".
İş adamları həmçinin qeyd edirlər ki, "biz, 2000-ci ildən ölkə daxili və xarici ticarətlə məşğul olmuşuq. 2023-cü ilə qədər biznesimizi genişləndirmiş, onlarla iş yeri yaratmağa nail olmuşuq. Bu müddət ərzində biznesimizi inkişaf etdirmək məqsədilə banklardan ümumilikdə 5 milyon ABŞ dollarından çox kredit götürərək vaxtında geri ödəmişik. 2022-ci ildə özəl bankların birindən götürdüyümüz 1 milyon üç yüz min ABŞ dolları məbləğindəki krediti biznes avadanlıqları almaq üçün Rusiyada fəaliyyət göstərən şirkətlərə köçürmüşük və biznesimizi daha da genişləndirmişik.
Krediti vaxtında ödəməyimizə baxmayaraq, 2023-cü ilin mart ayında bankın kreditlərə nəzarət departamentinin rəhbəri olan Rəşad Ataşov kreditin təyinatını və biznesimizi yoxlamaq məqsədilə biznes ünvanımıza gələrək yoxlamalar aparmışdır. İki həftə sonra bilmişik ki, o, rəhbərliyinə təqdim etdiyi hesabatda bizim guya krediti Rusiyada yerləşən xarici şirkətlərə köçürərək qanunsuz şəkildə ölkədən çıxardığımızı iddia etmişdir. Həmin vaxtdan etibarən banklar tərəfindən bizim kredit götürməyimizə məhdudiyyət qoyulmuş, nəticədə biznesimiz müflis vəziyyətinə düşmüş və şəxsi reputasiyamız zədələnmişdir.
Bu məsələ ilə bağlı Rəşad Ataşova zəng edib haqlı narazılığımızı bildirərək ona görüş təşkil etməsini və məsələni müzakirə etməyimizi xahiş etsək də müraciətlərimizi cavabsız qoymuşdur. Sonradan isə onunla əlaqə saxlamaq mümkün olmamışdır.
Onun haqqında araşdırma apardıqdan sonra məlum etmişik ki, Rəşad Ataşovun ABŞ-da yerləşən və FETÖ adı ilə tanınan və ölkəmizdə əsas dayaqları məhv edilən terror təşkilatı ilə yaxın əlaqələri olmuşdur. O, bu qurumdan aldığı birbaşa təlimatlar əsasında ölkəmizin işgüzar mühitinə zərbə vurmağa və yerli sahibkarları gözdən salmağa yönəlmiş, məqsədli fəaliyyət göstərmişdir. Bu təlimatlar əsasında hazırladığı saxta hesabatlarla guya bəzi sahibkarların Rusiya ilə əlaqəli olduğunu və bununla da iki ölkə arasında olan biznes əlaqələrinə xələl gətirmək məqsədini güdmüşdür.
Maraqlıdır ki, bu kriminal təşkilatın əsasları Azərbaycanda illər öncə məhv edilsə də, Rəşad bundan yayına bilmiş və fəaliyyətini davam etdirmişdir.
Sizdən xahiş edirəm bu problemimizi işıqlandıraraq haqq səsimizin eşidilməsinə, bu kimi şəxslərin əməllərinin ifşa edilməsinə və gələcəkdə digər sahibkarların bu cür böhtanlardan qorunmasına dəstək olasınız".
P.S. Yazıda adıçəkilən Rəşad Ataşovun da ittihamlara cavab vermək haqqını tanıyır və qarşı tərəf kimi onun da mövqeyini dinləməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?