Şəhid ailələrinin qanunlarla, normativ sənədlərlə təsbit olunmuş imtiyazları, güzəştləri var. Onlara dövlət qayğı, cəmiyyət hörmət göstərir. Lakin Şəhid ailələrinin qanun qarşısında “toxunulmazlıq statusları” yoxdur. Bütün vətəndaşlar, cəmiyyətin bütün üzvləri qanun qarşısında bərabərdirlər.
Çox təəssüflər olsun ki, bəzən qanunu pozan, cinayət törədən, yaxud, törətməyə hazırlaşan şəxslər Şəhid ailələrindən, Şəhid adından qalxan kimi istifadə etməyə çalışır, bu yolla öz bəd əməllərini ört-basdır eləmək istəyirlər.
Sumqayıt şəhəri Səməd Vurğun küçəsi - 125 A ünvanda yerləşən binanın birinci mərtəbəsində daşıyıcı sütunları, “ana” divarları sökərək qeyri-yaşayış sahəsinə uyğunlaşdırırlar. Sakinlər binanın çökəcəyindən narahatdırlar. Onların dəvəti ilə inşaat işlərinin aparıldığı ünvana gedib baş verənləri video-qeydə aldıq. İşləyənlərdən biri hələ bizə irad tutdu: “Gedib şəhərdə başqa yerləri niyə çəkmirsiz?” Biz də öz növbəmizdə sakinlərin gundemxeber.az-ın redaksiyasına müraciəti əsasında gəldiyimizi dedik.
Şahidi olduq ki, daşıyıcı konstruksiyasında qanunsuz dəyişiklik edilən altımərtəbəli binanın birinci mərtəbəsinin dörd tərəfinin ikisini əhatələyərək tam yarısına bir şəxs yiyələnib. Həmin nahiyənin önündəki sahədən 2 metrlik zolaq hasarlanıb, üstü də örtülüb, demək olar ki, əlavə dəhliz yaradılıb. Hətta binanın ünvanını göstərən trafaret lövhə də hasardan içəridə qalıb. Bildirilir ki, burada əvvəl aptek fəaliyyət göstərib.
Redaksiyamıza verilən məlumatda qeyd olunur ki, həmin tikintini "Sum Modern Dental Clinic”in direktoru və baş həkimi Şahin Baxşalıyev inşa etdirir. Bununla bağlı qarşı tərəfin mövqeyini öyrənmək istədikdə o, bildirdi ki, "həmin inşa edilən obyekt klinika deyil və orada binanın dayaq sütunu sökülməyib". Biz isə Şahin müəllimi video-çəkliş apardığımız yerə dəvət edib öz gözləri ilə reallığın şahidi olmasını təklif etsək də, baş həkim “mən obyekti şəhid ailəsinə vermişəm” deyərək sözünü bitirdi.
İnanılası deyil ki, Sumqayıt şəhər rəhbərliyi, əlaqədar təşkilatlar sözügedən məsələdən xəbərsiz olsunlar. Doktor Baxşaliyevin onlardan “beli bağlı” olmasaydı, bunca böyük qələtə qol qoymazdı.
Xatırladaq ki, “Sum Modern Dental” stomatoloji klinikası 1 nömrəli stomotoloji poliklinikanın bazasında yaradılıb. Ölkə Prezidentinin 19 iyul 2016-cı il tarixli Fərmanı və Nazirlər Kabinetinin 21 oktyabr 2016-cı il tarixli Sərəncamına uyğun olaraq şəhər 1 nömrəli stomatoloji poliklinika Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilməyə çıxarılıb və 2017-ci il 4 aprel tarixində hərrac yolu ilə özəlləşdirilib. Qeyd edək ki, 1969-cu ildə fəaliyyətə başlayan poliklinika Cənubi Qafqazın ən böyük stomatoloji poliklinikası olub.
2019-cu ilin avqust ayında Sumqayıt şəhərində "Sum Modern Dental Clinic"in həkimlərdən biri - Pərviz İbrahimov aralarında şəxsi münasibətlərə görə yaranmış mübahisə zəminində klinikanın baş həkimi Şahin Baxşaliyevi 7 zərbə ilə bıçaqlamışdı. Ağır yaralanan Baxşaliyevin bir böyrəyinin çıxarıldığı barədə məlumat yayılmışdı. Sonradan Pərviz İbrahimovun üstünə daha hansı ittihamlar yağdırılmadı? – Gah dedilər ki, klinikada işləyən xanımlara sataşırmış, gah dedilər bıçaq çəkəndə nəşəli olub. Nə isə! Ölümdən qayıdan doktor Baxşəliyevin haqqı yoxdur ki, binanı sakinlərin başına yıxa. Onların onun kimi 7 canı olmaya bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?