Məlum olduğu kimi, son dövlər kərə ýağının qiyməti durmadan artır. Hal-hazırda kərə yağının 1 kq-nın qiyməti 23-37 manat arasında dəyişir. İqtisadçılar qiymət artımının səbəbini ölkəmizin idxaldan asılı olmasında, yerli istehsalın az olmasında görürlər. Bu, yalandır və pafoslu açıqlamadan başqa bir şey deyil.
Kərə yağlarının qiymətinin baha olmasının və durmadan artmasının səbəbi ölkəyə kərə yağı idxal edən idxalçı şirkətlərin barmaqla sayılacaq qədər az olmasıdır. Yəni, supermarketlərdə gördüyünüz bütün kərə yağlarını ölkəyə barmaqla sayılacaq qədər az idxalçı şirkət gətirir və onların arasında rəqabət yoxdur. GundemXeber.Az-ın əldə etdiyi məlumata görə, bu yaxınlarda mediada Fransanın “President” kərə yağının qiymətinin Gürcüstan və Ermənistanla müqayisədə baha olduğu haqqında xəbər verilmişdir. Bunun səbəbi Gürcüstanda 30-dan çox idxalçı şirkətin ölkəyə yağ idxal etməsi və onların arasında rəqabət mühitinin olmasıdır. Nəinki Gürcüstan və Ermənistan, bütün Sovetlər Birliyi ölkələri idxaldan asılıdır və yerli istehsal çox azdır. Sadəcə, bizdən fərqli olaraq onlarda rəqabət mühiti var. Hətta iqtisadçıların dediyi kimi, yerli istehsal yetəri qədər olsa belə, əhalinin əksəriyyəti keyfiyyət məsələsinə görə etibar edib yerli istehsal olan kərə yağı almaz. Çünki hər il ölkəyə onminlərlə ton palma yağı idxal olunur.
Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2024-cü ildə ölkəyə 65 min ton palma yağı idxal olunub. Bu rəqəm 2023-cü illə müqayisədə 42% çoxdur, yəni, ölkəyə palma yağı idxalı hər il sürətlə artırılır. Belə olan halda kim zəmanət verə bilər ki, əhalinin aldığı yerli istehsal olan kərə yağına “kərə yağı” adı altında palma yağı qatılmayacaq?
İlkin Məmmədkərimov adlı sosial şəbəkə istifadəçisi yazır: “Şəxsən mən heç vaxt evimə yerli istehsal olan kərə yağı və “Azərsun” və “Delta Group”-un guya Yeni Zellandiyadan idxal olunub burda qablaşdırdığı, halbuki, Yeni Zellandiyanın özünün o yağlardan xəbəri olmadığı “Best Cow”, “Doyaruşka”, “Wellington”, “Novaya Zemlya”, “No 47” və s. yağları almaram. Elə Qida Təhlükəsizliyi Agentliyinin son dövrlər yerli istehsal olan "kərə" yağlarında apardığı yoxlamalar mənim və əhalinin əksər hissəsinin haqlı olduğunu göstərdi. Belə ki, yerli istehsal olan əksər kərə yağlarında “kərə yağı” adı altında tərkibində bitki yağı olduğu üzə çıxdı. Tam əminliklə deyə bilərəm ki, Qida Təhlükəsizliyi Agentliyinin adlarını açıqlamadığı digər yerli istehsal olan kərə yağları da o vəziyyətdədir. Üstəlik, Qida Təhlükəsizliyi Agentliyinin apardığı son yoxlamalar üzə çıxardı ki, Əli Cəfərova məxsus həmin saxta kərə yağlarına nəinki kərə yağı adı altında bitki yağı qatılıb, həmçinin tərkibində bütün dünyada qadağan olunan kərə yağına ümumiyyətlə qatılması qadağan olunan Sorbil və Benzol turşuları aşkar olunub ki, bu maddələr birbaşa xərçəng xəstəliyinə səbəb olur. Bir də bir çox supermarketlərin və idxalçı şirkətlərin Yeni Zellandiyada, Belarus və Ukraynadakı süd zavodlarında sifarişlə istehsal etdirdikləri, üzərlərinə müxtəlif adlar qoyub satdıqları yağlar da ayrı bir dərddir...”
Ümumdünya Səhiyyə Təşkilatının və EFSA-nın təhlükəli və kanserogen hesab etdiyi, ölkəmizə isə hər il sürətlə həcmi artırılaraq idxal olunduğu palma yağlarının nəticəsidir ki, bu gün ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə ürək-damar xəstəliklərinə görə ilk 10-luqda yer alıb. Əvvəllər Belarusiya və Ukrayna yağları ilə Qərb ölkələrinin istehsalı olan kərə yağları arasında qiymət fərqi var idisə, yəni, Belorusiya və Ukrayna kərə yağının qiyməti 10 il öncə 1 kq 13-14 manat, Qərb ölkələrinin istehsalı olan kərə yağları 16 manatdan başlayırdısa, indi isə Belarus və Ukrayna istehsalı olan yağ da, Qərb ölkələri istehsalı olan yağda 1 kq-ı 23 manatdan başlayır. Bir də əvvəllər Bakıda çoxlu Rusiya, Belorus süd məhsulları mağazaları var idi ki, supermarketlərdə idxalçı şirkətlərin idxal etdiyi 1 kq 14 manatdan başlayan yağları Belorus mağazalarında 1 kq 12-13 manata almaq mümkün idi. Bu mağazalar monopolist idxalçıların yuxusunu əməlli-başlı qaçırtmışdı. Həmin vaxt supermarketlərdə məcbur olub kampaniya keçirib 1 kq 12-13 manata salırdılar. İdxalçılar nə etdilərsə, son dövrlər Bakıda Rusiya, Belorusiya mağazalarının sayı kəskin şəkildə azaldı. Hal-hazırda qalan Rusiya, Belorusiya mağazalarındakı qiymətlər elə supermarketlərdəki qiymətlərlə eynidir. Kərə yağının qiymətinin ucuzlaşması üçün indiki kimi 5-6 yox, qonşu ölkələrdəki kimi 30-40-dan çox idxalçı şirkət ölkəyə yağ idxal etməlidir. Belə olan halda həm keyfiyyət yüksələcək, həm rəqabət güclənəcək, həm də qiymətlər aşağı düşəcək. Çox təəssüf ki, 17 illik maneədən sonra ötən ilin 1 iyul tarixindən Rəqabət Məcəlləsi qüvvəyə minsə də, 10 aya yaxındır ki, nəinki bu sahədə, ümumiyyətlə, heç bir sahədə inhisarçılıq monopoliya ilə bağlı müsbətə doğru dəyişiklik olmayıb. Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə yağın bahalaşmasını başqa səbəblərlə də izah edir. O, bildirib ki, Azərbaycanda idxal monopoliyada olduğu üçün idxalçılar dünyada baş verən qiymət dəyişikliklərini izləyirlər: "Dünya bazarında qiymət düşürsə, onlar qiyməti aşağı salmırlar, çünki gətirilməsi və malın saxlanma xərclərini hesablayırlar. Amma qiymətlər artan kimi həmin inhisarçılar dərhal ölkədə yağın qiymətini qaldırırlar".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyib ki, Azərbaycanda istehlakçıların aldadılmasının hər variantına rast gəlmək olar: "Xüsusən də kərə yağı bazarında böyük problemlər yaşanır".
Onun deməsinə görə, ölkədə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun 1995-ci ildə qəbul olunsa və sonra orada altı dəfə dəyişiklik aparılsa da, istehlakçıların hüquqlarını qorumur. O hesab edir ki, hökumət üzünü istehlakçılara çevirə bilmir.
Ə.Hüseynov vurğulayıb ki, bunun səbəbi məmur inhisarçılığıdır: "Azərbaycanda məmurlar bizneslə məşğul olur və qanunların ayaqlar altına atılmasına səbəb olublar".
Onun sözlərinə görə, bazarda bir çox hallarda bitki yağı ilə qarışıq yağlar kərə yağı kimi satılır: "Kağızın üstündə "təbii kərə yağı" yazılsa da, başqa yerdə balaca hərflərlə spred yağı olduğu yazılır. Ölkədə istehlakçı üçün məlumat standartları yoxdur".
Bu mövzuya dair növbəti yazılarımızda yağ idxalı ilə məşğul olan az saylı şirkətlərin kimlərə, hansı məmurlara mənsub olduğu barədə söz açacağıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?