“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması və bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə tədbirləri davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əldə olunmuş razılığa əsasən, 2014-cü ilin oktyabr ayından agentliyin Sumqayıt şəhərindəki “Asan xidmət” mərkəzində “Azərsu” ASC-nin abunəçilərinə bəzi müştəri xidmətlərinin göstərilməsinə başlanılıb.
“Asan xidmət” mərkəzində abunəçilər aşağıda təklif olunan xidmətlərdən istifadə edə bilərlər:
- Abonentlərin bazadakı məlumatlarına dəyişikliklərin edilməsi; - Borc haqqında məlumatın (arayış) verilməsi; - Smart-sayğac quraşdırılan tarixdən karta yükləmələr haqqında məlumatın verilməsi. - Səbəbindən asılı olmayaraq istənilən ödəniş provayderi vasitəsilə həyata keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi (ödənişin bazaya düşməməsi, bazaya düşən ödənişlərin köşklərdə smart-kartlara yüklənməməsi və s. hallarda) - Yeni smart-kartların verilməsi; - İtirilmiş və ya zədələnmiş smart-kartların bərpası; - Qeydiyyatda olan və “Azərsu” ASC-nin Abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin sudan istifadə və tullantı suların axıdılması xidmətlərinə görə limitlərinin smart-karta yüklənməsi; - Smart tipli sayğacın digər smart-sayğacla əvəz olunması səbəbindən yeni smart-kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi; - Smart-sayğacların istismar qaydaları haqqında məlumatın verilməsi.
Sumqayıt şəhərindəki “Asan xidmət” mərkəzi 15-ci məhəllə 42d ünvanında yerləşir.
Yaxın vaxtlarda abunəçilər Gəncə şəhərində yerləşən “Asan xidmət” mərkəzində də “Azərsu” ASC-nin xidmətlərindən istifadə edə biləcəklər. Qeyd edək ki, hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Yasamal rayonundakı 3 və Sabunçu rayonundakı 4 saylı “Asan xidmət” mərkəzlərində təşkil olunmuşdur. Yaşayış yerindən asılı olmayaraq abunəçilərin bu mərkəzlərdə “Azərsu” ASC-nin xidmətlərindən istifadəsinə məhdudiyyət qoyulmur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?