Ziya Məmmədovun və şəriki “Hafka”nın obyektlərinin təftişinə başlanır; “Topaz”a qarşı kampaniyaya start verilib
Milli Məclisin son iclasında deputatlar “Topaz”dan danışıblar. Deputat Məlahət İbrahimqızı və Fazil Mustafa bukmeyker kontorlarını tənqid ediblər. Deputatlar bildiriblər ki, bu məsələ ilə bağlı maariflənməyə ehtiyac var. Gənclərin qumara qurşandığını təhlükəli vəziyyət kimi qiymətləndiriblər. Deyiblər ki, bu oyun nəticəsində ailələr dağılır, müflisləşir. Spiker Oqtay Əsədov isə “Topaz”ın təşkil olunmasını idmanın inkişafına yönəldilmiş addım kimi dəyərləndirib və şikayətlərin araşdırılmasının vacib olduğunu vurğulayıb. “Azadlıq” qəzetinin 6 mart tarixli sayında bu obyektlərin nəqliyyat naziri Zaya Məmmədovun oğlu Anar Məmmədova məxsus olması isə sərt təpkiyə səbəb olub. Anar Məmmədovun əmisi, deputat Elton Məmmədov bildirib ki, futbol qumarı obyektlərinin A.Məmmədova heç bir adiyyəti yoxdur: “Anlamıram ki, bu müxalif qüvvələr sağlam gənclərimizdən nə istəyir. Biz hüquqi dövlətdə yaşayırıq. Hüquqi dövlətdə “Topaz” və ya idmanımızın inkişafına yönəldilmiş digər obyektlərin fiziki-hüquqi şəxslər tərəfindən dövlət qeydiyyatından keçərək fəaliyyət göstərməsində qeyri-adı heç nə yoxdur. Bu, artıq hüquqi bazalı məsələdir. Ona görə də hesab edirəm ki, belə məsələlərə nəinki “Azadlıq”, digər müxalif qüvvələr də hüquqi qiymət verməlidir. Bu müxalifət aktiv gənclərimizin hissiyyatı ilə oynamasın. Bu gənclər dövlətçiliyimizə sədaqətlə xidmət edən, dövlətimizin mənafeyini qoruyan insanlardır”. Bu açıqlama göstərir ki, deputat nazir qardaşının və onun oğlunun adının qumar biznesində hallanmasından bərk narahatdır. Amma “Gündəm xəbər”ə verilən məlumata görə, deputatların “Topaz”ı “topa tutması” planlaşdırılıb və nazirin biznesinə hücum kampaniyasına başlanıb. Məlumatı verən mənbə iddia edir ki, spikerin şikayətlərin araşdırılması haqda dedikləri əslində ciddi bir siqnaldır və yaxın günlərdə “Topaz” məntəqələrinin təftişinə başlanacaq. Qaynağımız deyir ki, Z.Məmmədovun qumar biznesinə ciddi zərbə vurula bilər. Məntəqələrdə aparılan araşdırmalar zamanı vergidən yayınma hallarının aşkar olunacağı gözlənilir. Məlumdur ki, Azərbaycanın bukmeyker kontorlarında “qara bazar”ın yığışdırıldığı elan olunub. Amma deputatların “Topaz”ı tənqid etməsindən sonra gənclər və idman naziri Azad Rəhimov xeyli vaxt sonra etiraf etdi ki, “qara bazar” tamamilə ləğv olunmayıb. Halbuki, rəsmilər “qara bazar”ın yığışdırıldığını iddia edirdilər. İndisə vəziyyətdən xilas olmaq üçün köhnə bazarın mövcud olduğunu təsdiqləyirlər. Heç kimə sirr deyil ki, həm leqal, həm də qeyri-leqal bukmeyker məntəqələri Ziya Məmmədov və iş adamı olan şəriki Hafiz Məmmədovun inhisarındadır. Artıq futbol qumarı tamamilə monopoliyadadır və əldə olunan pulların hara getdiyi məlumdur. Hazırda “Topaz” məntəqələri qaynayır, gecə-gündüz qızğın qumar yarışları gedir, udan sevinir, uduzan məyus olur. Hazırda “qara bazar”ın ələ almağa nail olan nazir və şəriki virtualda buna müvəffəq ola bilmirlər. “Topaz”a qarşı bir neçə şirkət alternativ kimi meydana çıxarılıb. Mərc həvəskarlarına yaxşı tanış olan “Marathonbet”, “Gamebooker”, “ZenitBet” qeyri-rəsmi fəaliyyətdə olan qumar kontorları ölkəmizdə “at oynadır”. Bu bukmeykerlər artıq çoxsaylı oyunçu qazanıb və buna da əmsalları yuxarı təklif etməklə nail olub. Daimi oyunçular bilir ki, adıçəkilən kontorlarda oyunların əmsalı daha yuxarı olduğuna görə qumarbazlara cəlbedici görünür. “Topaz” şirkəti isə digər şirkətlərdən 20-50 faiz arasında aşağı əmsal təklif edir. Hazırda 5 ildir Rusiyanın bukmeyker kontoru olan “ZenitBet” Azərbaycanda meydan sulayır. Deyilənə görə, “ZenitBet” şirkətinin Azərbaycan hakimiyyətində, hüquq-mühafizə orqanlarında güclü himayəçiləri var. “Kofçent” oynayanlar isə deyirlər ki, “Topaz” artıq sərfəli deyil. Onların sözlərinə görə, virtualda olan qumarla daha çox pul qazanmaq mümkündür. “Topaz”da yalnız böyük risklər hesabına udmağın mümkünlüyü, 10 oynayandan 9-nun isə bəri başdan məğlubiyyətə məhkum olunması isə kontorun fəaliyyət göstərdiyi ilk günlərdəcə üzə çıxdı. Bu isə qazanmaq ehtirası ilə alışıb-yanan “Topaz” başbilənlərini acı reallıqla üz-üzə qoymaqdadır. Məlumatlara görə, bir sıra yerlərdə “Topaz” məntəqələri bağlanıb. Buna səbəb işləksiz olması və mənfəət gətirməməsidir. Çünki oyunçular internet vasitəsi ilə uduş qoyub bankdan qazancını götürür. Belədə “Topaz” maraq azalır. Xatırladaq ki, “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovun kürəkəni metronun “Memar Əcəmi” stansiyasına yaxın ərazidə yerləşən kontorunu bağlamaq məcburiyyətində qalmışdı. Səbəb sadədir: bu şərtlərlə işləmək alınmır. Heç bir müştəri uduzmaq üçün oynamaq istəmir. “Topaz” isə oyunçunun udmasını istəmir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?