2016-cı ildə Gürcüstana 1 milyon 523 min75 nəfər Azərbaycan vətəndaşı səfər edib. Bu göstərici ilə Azərbaycan vətəndaşları Gürcüstana səfər edən xarici ölkə vətəndaşları sırasında birinci yerdədir. Bir il əvvəl belə səfər edən Azərbaycan vətəndaşlarının sayı 1 milyon 393 min 257 nəfər idi. Azərbaycanlıların Gürcüstana bu marağının ən müxtəlif səbəbləri var. Hətta dollar tapa bilməyənlər manatla Gürcüstana gedə bilirlər. Yeni ili Tbilisidə qarşılayan gənc ictimai siyasi fəal Əbülfəz Sadıqov bildirir ki, həmin ərəfədə Gürcüstanın paytaxtında xeyli azərbaycanlı ilə rastlaşıb. Onun sözlərinə görə nəqliyyat xərclərinin az olması və digər xərclərin minimal olması bayramı Gürcüstanda qeyd etmək qərarını gücləndirib. Tələbə Ofeliya Allahverdiyeva bildirir ki, yeni ili Gürcüstanda qeyd etmək istəyini reallaşdırmaq üçün hazırlığa başlayanda valyuta problemi ilə qarşılaşıblar. Azərbaycanda bir neçə banka müraciət etsələr də dollar tapa bilməyiblər. Əlacsız qalan gənc və dostları manatla Tbilisiyə yola düşüblər. Turizm üzrə ekspert Ruslan Quliyev bildirir ki, brend mehmanxanalar Azərbaycanda Gürcüstandan daha ucuz olsa da,orda ekonom otellərin çox olması, Gürcüstanda ümumilikdə bu sahədə ucuzluq olmasını deməyə əsas verir. İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, azərbaycanlıların Gürcüstana daha çox meyl etmələrinin məntiqi izahı var. Bu nəqliyyat və digər xərclərin daha ucuz başa gəlməsi ilə əlaqədardır. Ekspert qeyd edir ki, ölkədəki valyuta qıtlığı bu səfərlərin önəmini azaldır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?