'Dolların ucuzlaşması daha çox vergi və gömrüyə təsir göstərir'
Fevralın əvvəlindən bu günədək manatın dollarla müqayisədə dəyər qazanması birmənalı qarşılanmır. Əksər ekspertlər düşünür ki, dolların ucuzlaşmasının iqtisadi əsası yoxdur. İlkin baxışda elə təsəvvür yarana bilər ki, nisbətən ucuz dollar idxal mallarını da ucuzlaşdıracaq. Ancaq məsələnin o biri tərəfi də var: Dolların dəyər itirməsi dövlət qurumlarının büdcə qarşısındakı öhdəliklərinə də mənfi təsir göstərə bilər. Məsələn, Vergilər Nazirliyi bu il hesablamalarında 1 dolların məzənnəsini 1.75 manatdan götürüb. Ucuz dolların dövlətə faydası və ziyanı
İqtisadçı ekspert Rövşən Ağayev də deyir ki, Vergilər Nazirliyinə məzənnənin birbaşa təsiri beynəlxalq neft müqavilələri ilə bağlıdır: “Məsələn, bu il beynəlxalq konsorsiumun vergi yükü 475 milyon manat müəyyənləşdirilib. Onların dediyi kimidirsə, yəni orta illik məzənnəni 1.75 götürüblərsə, deməli, bu, 271 milyon dollar deməkdir. Orta illik məzənnə, tutalım, 1.80 manat olacaqsa, proqnozdan 5 qəpik kənarlaşma büdcəyə əlavə 13 milyon manat daxilolma gətirəcək. Yaxud 1.70 olacaqsa, büdcəyə həmin mənbədən 15 milyon manatadək az vəsait daxil olacaq”.
“Dolayı təsirlər də var”
Ekspert dolayı təsirlərə də diqqət çəkir: “Məzənnənin yüksəlməsi xərcləri artıraraq, mənfəəti azalda, üstəlik, iqtisadi fəallığı da azaltmaqla gəlir və sonda vergi itkisinə yol aça bilər”. Rövşən Ağayevin fikrincə, məzənnə Vergilər Nazirliyindən daha çox Gömrük Komitəsinə və Dövlət Neft Fonduna (DNF-yə) təsir göstərir: “Çünki Vergilər Nazirliyinin daxilolmalarında valyuta gəlirlərinin payı 5-6 faizi aşmır, amma Gömrük Komitəsi və DNF-də bu pay 100 faizdir”.
“Dolların məzənnə dəyişkənliyi heç kimə sərf etmir”
İqtisadçı ekspert Qalib Toğrul dolların məzənnəsi dəyişkənliyinin, əslində, heç kimə, nə hökumətə, nə sahibkara, nə vergi ödəyicisinə, nə də vətəndaşa sərf etdiyini düşünür. Onun qənaətincə, keçici olaraq, həm də qısamüddətli dövrdə dolların bahalaşması, bəlkə də, DNF-dən büdcəyə transfertlərdə, bir də neft sektorundan vergi daxilolmalarında dövlətə sərfəli ola bilər: “Ancaq uzunmüddətli dövrdə bu inflyasiya və xərclərin artmasi deməkdir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?