Bu ilin avqust ayında Azərbaycanda manatla banklararası kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb. Orta dərəcə manatla kreditlərdə illik 9,18%-dən 8,44%-ə enib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatında bildirilib. Qeyd edilib ki, bu müddətdə xarici valyutada orta faiz dərəcəsi isə əksinə, yüksəlib və 9,73%-dən 9,76%-ə artıb.
Manatla kreditlərdə ən yüksək orta faiz dərəcəsi illik 20,62% olmaqla 30-90 günlük, ən aşağı isə illik 1,45% olmaqla 180-360 günlük kreditlərdə qeydə alınıb. Xarici valyutada kreditlərdə isə ən yüksək orta faiz illik 17,22% olmaqla 30-90 günlük, ən aşağı isə illik 1,19% olmaqla 30 günədək kreditlərdə olub.
Mütəxəssislər isə hesab edirlər ki, Azərbaycanda banklararası manat kreditləri ucuzlaşması gözlənilən idi. İqtisadçı ekspert Vüqar Bayramov “Ölkə.Az”a açıqlamasında bildirib ki, manat kreditlərinin ucuzlaşması, borc faizinin ucuzlaşması anlamına gəlir. “Yəni daha aşağı faizlə manat kreditlərinin təklif edilməsilə bağlıdır. Fevral ayından bəri manat stabilləşdiyi üçün manatla depozitlərə verilən divident aşağı düşüb. Əgər əvvəllər banklar manatla depozitləri 15, bəzən 18 faizlə verirdilərsə, valyutanın stabilləşməsi fonunda həmin divident faizləri azalıb. Vətəndaşlar manatı nisbətən aşağı faizlə əldə edə bilirlər. Çünki pul stabil qalıb. Valyuta strukturunda manatla depozitlərin sayında da artım var. Xarici valyutadan divident faizləri aşağı olduğuna görə, vətəndaşların çoxu vəsaitlərini manatla yerləşdirməyə maraqlıdır. Buna da birbaşa səbəb fevraldan bəri manatın stabil qalmasıdır. Yəni divident faizləri aşağı düşürsə, avtomatik olaraq kredit faizləri də ucuzlaşır”, - deyə V.Bayramov bildirib.
Ekspert hesab edir ki, manat stabilliyini qoruyub-saxlaya bilməsə və ucuzlaşsa, nəticədə manatın kredit faizləri bahalaşacaq: “Hazırda manat kreditlərinin hansı müddətdə ucuz qalması birbaşa məzənnədən asılıdır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?