ABŞ Federal Ehtiyat Sistemi (FED) 31 oktyabr - 1 noyabr tarixlərində monetar siyasətlə bağlı keçirdiyi növbəti iclasında gözlənildiyi kimi uçot dərəcəsini dəyişdirməyib.
Bununla yanaşı, FED ABŞ iqtisadiyyatının "inamlı addımlarla" inkişaf etdiyini bildirib. Qeyd edək ki, sentyabr iclasında FED iqtisadiyyatın "mülayim addımlarla" inkişaf etdiyini bildirmişdi. FED həmçinin qeyd edib ki, inflyasiya son aylarda nisbətən sürətlənsə də, 2% hədəfinə çata bilməyib. FED monetar siyasətin sərtləşdiriləcəyinin davam edəcəyini bildirsə də, dekabr iclası ilə bağlı açıqlamalar verməyib. "Report"un analitik qrupu bildirir ki, dünən "The Wall Street Journal" ABŞ Prezidenti Donald Trampın FED-in yeni rəhbəri vəzifəsinə Cerom Paueli (Jerome Powell) təyin etməsi barədə "Ag Ev"in FED-i xəbərdar etdiyini bildirib. Qeyd edək ki, Pauel monetar siyasətin mərhələli şəkildə sərtləşdirilməsinin tərəfdarıdır. Pauel seçilərsə, hazırkı FED rəhbəri Canet Yellenin siyasətini davam etdirəcəyi gözlənilir. FED-in yeni rəhbərinin adının bu gün Bakı vaxtı ilə saat 16:00-da açıqlanacağı gözlənilir. Bu xəbərin maliyyə bazarlarına ciddi təsir etməsi gözlənilmir. Analitik qrup noyabr ayında dolların möhkəmlənməyə davam etməsini proqnozlaşdırır. Əsas valyuta cütlüyü USD/EUR-un 1,13 səviyyəsinə qədər enməsi ehtimal olunur. Lakin, dekabr iclasının vaxtı yaxınlaşdıqca, dollar yenidən ucuzlaşmağa başlayacaq və 2018-ci ilin ilk yarısında 1,15 USD/EUR səviyyəsinin üzərində qalacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?