Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, ixracda neft-qaz sektorunun xüsusi çəkisi yenidən artmaqdadır.
2017-ci il ildə ixracda neft-qazın xüsusi çəkisi 86.3 faiz təşkil edib. 2018-ci ildə isə bu göstərici 91.3 faizə yüksəlib.
Ancaq hələ 2015-ci ildə baş verən iki devalvasiyadan ( manat dollar qarşısında 2 dəfə dəyər itirdi) sonra Azərbaycan rəsmiləri deyirdi ki, indi başlıca məqsəd qeyri-neft sektorunu inkişaf etdirməkdir.
Bəzi ekspertlərə görə, son statistikalar ötən iki ildə bu sahədə vəziyyətin bir elə dəyişmədiyini göstərir.
“Bəs belə isə neftin yenidən qiyməti düşsə, nə baş verəcək” sualı bir çoxlarını düşündürməkdədir.
Deputat Vahid Əhmədov da ölkə iqtisadiyyatının əsasını neft və qazın təşkil etmısi fikri ilə razılaşır.
“Sənaye məhsulları ixracda faktiki olaraq yoxdur”
Deputat deyib ki, ixrac olunan məhsullarda da neft və qaz üstündür:
“Çünki məhsul istehsal etmək elə də asan deyil. İstehsal etdiyin məhsulun ixrac yönümlü olması üçün müəyyən işlər aparılmalıdır. Birinci növbədə reklam və təbliğat qurulmalıdır, keyfiyyətli məhsul istehsal olunmalıdır, standartları yüksək olmalıdır. Ona görə də Azərbaycanda neft-qaz, müəyyən qədər də kənd təsərrüfatı məhsulları, pomidor və digərləridir. İri texnika, sənaye məhsulları və digərləri ixracda faktiki olaraq yoxdur. Bu mənada komitənin açıqlamasını təbii saymaq lazımdır”.
Vahid Əhmədov qeyri-neft sektorunda müəyyən işlərin görüldüyünü, sənaye parklarının yarandığını bildirib:
“Bunlar ixrac yönümlü məhsulların istehsalına hələ çatmayıblar. Faktiki olaraq daxili tələbatı ödəmək üçün istifadə olunur. Əgər qeyri-neft sektorunun inkişafını istəyiriksə, bunun üzərində işləmək lazımdır, yeni müəsissələrin yaradılmasına çox böyük ehtiyac var.”
Vahid Əhmədov “neftin qiymətinin düşəcəyi təqdirdə nə baş verəcək” sualına “mən ümumiyyətlə, neftin qiymətinin düşməsini arzulamıram” deyib. Deputat əlavə edib ki, Azərbaycanın dövlət büdcəsi neftdən asılıdır:
“Ona görə də neftin qiyməti kəskin enərsə, müəyyən problemlər yarana bilər”.
“Bəyanatlarla qeyri neft sektoru inkişaf etməz”
İqtisadçı Rövşən Ağayev isə hesab edir ki, qeyri-neft sektorunun inkişafı bəyanatlarla, hətta hansısa proqram və strategiyaların qəbul olunması ilə təmin edilmir:
“Bütövlükdə institusional islahatlar və hökumətin biznesin inkişafı üçün kəskin iradəsi olmalıdır. Nə zaman ki, oliqarxiya, əlindəki böyük kapital iqtisadiyyatdan çəkiləcək, kiçik və orta sahibkarlığın pəncərələri açılacaq, biznesin mülkiyyətini, təminatını qoruyan azad məhkəmə olacaq, onda mənzərə dəyiçəcək.”
İqtisadçı daha sonra deyib:
“Ola bilər ki, qeyri-neft sektorunun inkişafı ilk baxışdan iqtisadi görünə bilər, amma bunun səbəbləri siyasidir.Yəni bu sahibkarlığa təkan verən qanunvericilik təşəbbüsünün doğru-dürüst olmasından və hakimiyyət bölgüsündən asılıdır. Qanunvericlik təşəbbüsü dedikdə, normal ölkədə bütün təbəqələrin maraqlarına xidmət edən effektiv parlamentin olmamasını nəzərdə tuturam. Siyasi iradənin olduğu şəraitdə institusional problemlər həll olunacaqsa, qeyri-neft sektoru inkişaf edəcək . Əgər bunlar olmayacaqsa, mənzərə dəyişməyəcək, sadəcə, bəyanat veriləcək ki, filan prpqram qəbul olunub”.
Rövşən Ağayev deyib ki, əgər 2015-ci il devalvasiyası olmasa idi, neftin qiymətinin düşəcəyi təqdirdə“hansı mənzərənin yaranacağı” sualına nəzəri cavablar verərdi:
“Necə ki, 2015-ci ilə qədər bu barədə nəzəri cavablar verirdik, video çarxlar çəkirdik. Təşkilatımız devalvasiyaya qədər bu istiqamətdə 5 video çarx çəkdi ki, neftin qiyməti ensə, nələr gözlənilir. Biz onda yaşamadığımız situasiyanı danışırdıq, buda insanlara bir az mücərrəd görünürdü. Amma 2015-ci ildə neftin qiyməti hətta 35 dollara qədər endi, yerli valyuta iki dəfə dəyərdən düşdü, ikirəqəmli inflyasiya yaşandı, insanların manatla aktivləri tam dəyərsizləşdi. Yəni biz bunları yaşadıq. Ona görə neftin qiyməti ensə, həmin mənzərə yaşanacaq”.
İqtisadçı bildirib ki, neftin qiymətinin 45 dollardan aşağı enməsi Azərbaycandan ötrü kritik həddir:
“Əgər bu baş verərsə, tədiyyə balansını tarazlaşdırmaq mümkün olmur, milli valyuta üçün ciddi risklər yaranır. 50-55 dollar neft qiyməti isə valyuta ehtiyatlarının tükənməsi təhlükəsi deməkdir. 60 dollar isə hökumətin özünü rahat hiss etməsi üçün əlverişli səviyyədir. Amma ölkə təbii resurslardan asılı olmamalıdır. Yəni ölkə neftin qiymətindən o şəkildə asılı olmamalıdır ki, bu, milli təhlükəsizlik məsələsinə çevrilsin."/AzadlıqRadiosu
Sorğu
Yeni dizaynımız necədir?