Bu ilin birinci yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çiraq-Günəşli” (AÇG) yataqlar blokundan gündə orta hesabla 542 400 barel və ya ümumilikdə 98 mln bareldən artıq, yəni 13 mln ton neft hasil edilib.
Bu barədə yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd edilib. "Birincü yarım il üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (42 000), “Mərkəzi Azəri” (131 000), “Qərbi Azəri” (120 000), “Şərqi Azəri” (94 000), “Dərinsulu Günəşli” (96 000) və “Qərbi Çıraq” (60 000) platformalarından birlikdə – gündə orta hesabla 542 400 barel və ya ümumilikdə 98 mln bareldən artıq, yəni 13 mln ton olub", - məlumatda bildirilir. Birinci yarım ilin sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub. Birinci yarım ildə AÇG-də 7 neft hasilat quyusu qazılıb. Qeyd edək ki, AÇG-də iştirak paylarına BP (30,37%), SOCAR (25,0%), “Chevron” (9,57%), “İnpex” (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), “İtochu” (3,65%), ONGC Videsh Limited (OVL) (2,31%) malikdir. AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur. Xatırladaq ki, AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?