Neft bazarında durum hasilatçılar üçün ürəkaçan deyil. İri neft ixracatçılarının hasilatın azaldılmasına dair saziş imzalamasına baxmayaraq neft qiymətləri düşməkdə davam edir. Xüsusilə koronavirus pandemiyasının dünya iqtisadiyyatına, eləcə də neft bazarına zərbəsi danılmazdır.
Aprelin 20-də ABŞ neftinin qiyməti tarixdə ilk dəfə olaraq mənfiyə çevrilib. Texas neftinin qiyməti bir barrel üçün 18 dollardan mənfi 38 dollara düşüb. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti düşərək 21,30 ABŞ dolları təşkil edib.
Ekspertlər neft bazarındakı böhranın Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsir etdiyini deyir. Ona görə ki, Azərbaycan iqtisadiyyatının əsas hissəsi neftdən aslıdır. Onlar hesab edir ki, Azərbaycan iqtisadiyyatını bu durumdan qurtarmaq üçün ciddi iqtisadi islahatlar paketinə ehtiyac var.
OPEC+ ölkələri nazirlərinin neft hasilatının may ayından sutkada 9.7 mln barrel azaldılması razılaşmasına rəğmən bazarda stabilləşmə baş vermədi. Neft bazarında bu sabitsizlik nə qədər davam edəcək və bunun Azərbaycan neft sektoruna və ümumi iqtisadiyyatına təsirlərinin qiymətləndirilməsi ilə bağlı bir sıra ekspertlərin fikirlərini təqdim edirik.
Toğrul Vəliyev: Böhranın təsirləri ilin sonuna kimi uzanacaq
İqtisadçı ekspert Toğrul Vəliyev deyir ki, neft bazarında sabitləşmə ona görə baş verməyib ki, iqtisadi vəziyyət o qədər də sabit deyil.
“Sabitləşmə niyə görə baş verməyib. Çünki iqtisadi vəziyyət o qədər də sabit deyil. Yəni istehlak onsuz da azalır. Eyni zamanda neft bazarında da problemlər var. Misal üçün, Səudiyyə Ərəbistanı bazarda mövqeyini qorumaq üçün nefti daha ucuz qiymətə satır. Azalma olduğu dövrdə bütün istehsal azalır və müəyyən bazarlar da boşalır. İndi o bazarların tutulması istiqamətində mübarizə gedir. Səudiyyə də bazarda mövqeyini saxlamaq üçün qiymətləri aşağı salmağa çalışır. Ümumiyyətlə tendensiyalar da ondan ibarətdir ki, böhran hələ bitməyib və bitmək üzrə də deyil. İndiki halda gördüyümüz odur ki, təyyarələr uçmur. Sərhədlər hələ ola bilsin ki, iki ay da tam açılmasın. May ayının sonuna kimi 100 faiz belədir, proses ola bilsin ki, iyun ayında da davam etsin. Deyilənə görə hətta bir sıra tədbirlər yayın sonuna qədər davam edəcək.”
Belə vəziyyətin Azərbaycanın neft sektoruna və ümumi iqtisadiyyatına təsirlərinin qiymətləndirilməsinə gəldikdə Toğrul Vəliyev hesab edir ki, bu vəziyyət ölkəyə çox pis təsir edəcək
Bizim neftin istifadə sahəsi spesifikdir. Bir çox hallarda təyyarələr üçün istifadə olunur. Əsas Avropa istehlakçısıdır. Avropada istehlakın azalması bizə çox ciddi zərbə vurur. Toğrul Vəliyev, ekspert
“Bizim iqtisadiyyatımız neftdən aslıdır. Azərbaycanın valyuta gəliri yalnız neftdəndir. Düzdür bu ilin ilk 3 ayında valyuta gəlirini nisbətən artıra bildik. Yanvarda sabitləşdirə bildik. Amma indi artıq azalma gedəcək. Birincisi, bizim neftin istifadə sahəsi spesifikdir. Bir çox hallarda təyyarələr üçün istifadə olunur. Əsas Avropa istehlakçısıdır. Avropada istehlakın azalması bizə çox ciddi zərbə vurur. İkinci məsələ ondan ibarətdir ki, biz neftdən başqa demək olar ki, heç bir şey satmırıq. Hətta qazın da ixracı azalıb. Məhz bunun nəticəsində bizim xarici ticarətdə mənfi defisit olacaq .Mənfi olacaq, saldomuz. Eyni şey tədiyyə balansında da müşahidə ediləcək. Bu proseslərin təsirləri bizim üçün demək olar ki, ilin sonuna kimi uzanacaq. Çünki 2-ci, 3-cü rüblərdə neft qiymətinin çox da artması müşahidə olunmayacaq. Hardasa sentyabra kimi neftin qiyməti yüksək olmayacaq.”
Onun sözlərinə görə Azərbaycan höküməti bu təsirlərin zərərinin minimallaşdırması üçün addımlar atmaldıır.
“Bunu tarazlaşdırmağa gəldikdə isə, bizdən asılı olmayan bir şeydir. Yalnız ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün addımlar atmaq lazım olacaq. Bu da əsasən monetar siyasətlə (iqtisadiyyatın pul və onun alətləri vasitəslə tənzimlənməsi-red.) bağldır. Çünki, biz idxaldan aslıyıq. Bizə valyuta lazımdır. Müvafiq valyuta ehtiyyatları da 1.70 dən hesablayarkən kifayət deyil. Ya devalivasiya, ya hansısa addımlar atılmalıdır ki, Mərkəzi Bank bu monetar siyasətini yürütməlidir ki, bizə kifayət etsin və bizi təmin edə bilsin. Yəni əks halda biz aktivlərimizə müraciət etməli olacağıq. Aktivlərimizi satmağa məcbur olacayıq. Bu isə bir qədər başqa addımdır. Yalnız belə bir addımlar ata bilərlər. Eyni zamanda iqtisadi siyasətimizi başqa istiqamətdə aparmalıyıq ki, həm idxaldan aslılığımızı azaltmaq,həm də iqtisadiyyatın bərpa edilməsinə yönəlməlidir. Düzdür kredit siyasəti müəyyən qədər təsdiqlənib. Fikrimcə bu daha geniş olmalıdır. Yalnız xüsusi sahələri yox, bir çox sahələri əhatə etməlidir." o qeyd edib.
Zöhrab İsmayıl: İqtisadiyyatın neftdən asılılığının azaldılması üçün çox ciddi addımlar atılmalıdır İqtisadçı ekspert Zöhrab İsmayıl deyir ki, OPEC+ və tərəfdaşlarının qərarı elə bir dövrə təsadüf edir ki, yəni iri iqtisadiyyatlarda bir iqtisadi böhran var.
“Koronavirus epidemiyasının yaratdığı iqtisadi böhrandır. Ona görə də neftə və neft məhsullarına təlabat xeyli aşağı düşüb. Bir çox ölkələr çox böyük iqtisadi tənəzzül proqnozlaşdırırlar. Məsələn, birinci rübdə Çində 7% iqtisadi tənəzzül oldu. Eyni zamanda bu il üçün, məsələn, Almaniya 10 % iqtisadi tənəzzül proqnozlaşdırır. Bunun müqabilində də enerji daşıyıcılarına da olan tələbat azalmaldır. OPEC-in və tərəfdaşlarının OPEC+ formatının qərarı hələ ki, may ayında qüvvəyə minəcək. Yəni hasilatın azalması may ayına təsadüf edəcək. Bu təbii ki, problemi həll edə bilməyəcək. Çünki biz hələ bilmirik, hasilatın azaldılması nə dərəcədə baş tutacaq. Bu razılaşan tərəflər nə dərəcədə səmimi olacaqlar. İkinci bir tərəfdən də bu azaldılma o təlabatın azaldılmasını nə dərəcədə qarşılayacaq. Bu razılaşma qüvvəyə minəndən hasilat azaldılan dövrdən sonra cavablandırılacaq. Amma ümumən neft bazarında bu vəziyyətin hələ bir müddət davam edəcəyi gözləniləndir. Ən azından o dövrə qədər ki, epidemiya tamamilə sonlansın. Bu problem həll olunsun. Bütün dünya ölkələri epidemyadan qurtarsınlar. Ondan sonra iqtisadiyyatlar bərpa olunsun. Aparıcı ölkələr, hansı ki, onlar iqtisadiyyatlarını bərpa etdikdən sonra təbii ki, neftə, enerji daşıyıcılarına təlabat yenidən artmağa başlayacaq. Mən düşünürəm ki, bu proses bir il, iki il çəkə bilər. Yəni bu yalnız mənim fikrim deyil. Bu, həm də müxtəlif dünya ekspertlərinin fikridir.”
Belə vəziyyətin Azərbaycan neft sektoruna təsirlərinə gəldikdə isə Zöhrab İsmayıl hesab edir ki, Azərbaycan iqtisadiyyatı neftdən birbaşa böyük aslılıqda olduğuna görə bu təsirlər hələ davam edəcək.
Hökümət dövlət maliyyəsinin idarə olunmasında, eyni zamanda xərclərin şəffaflığının artırılması, tenderlərin rəqabətli həyata keçirilməsi, bax bu, məsələlərin üzərində düşünməlidir. Mümkün qədər bədxərcliyi və korrupsiyanı aradan qaldırmaq üçün əlindən gələni eləməlidir. Zöhrab İsmayıl, ekspert
“Bilirsiniz ki, bu ilin birinci rübündə neft fondu öz aktivlərinin təxminən 2 milyard dollarını itirib. Yəni, aktivləri ucuzlaşıb, azalıbdır. Bunun səbəblərindən biri də təbii ki, neft fondunun gəlirlərinin azaldılmsı ilə əlaqədardır. Neft Fondu gəlirlərindən təxminən 544 milyon dollar artıq xərcləyib. Eyni zamanda onun səhmləri də ucuzlaşıb. O harada ki, neft fondunun vəsaitlərini idarə etmək üçün səhmlər alıb, orada da itkilər var. Söhbət təxminən 1 milyard dollardan gedir. Başqa itkilər də var. Bu da çox güman ki, daşınmaz əmlak, qiymətli metallar, qızıl və s bunların qiymətlərinin ucuzlaşması ilə bağlıdır. Həmçinin valyuta məzənnəsinin dəyişməsindən itkilər var. Bu təsirlər artıq Azərbaycan iqtisadiyyatında özünü göstərməkdədir. İndi görürsünüz ki, çox böyük işsizlər ordusu yaranıb. Düzdür, Azərbaycanda işsizlik daha çox olubdur. Rəsmi göstərilən 5 %-dən dəfələrlə çox olubdur. Bununla belə o insanlar ki, günəmuzd işləyirdilər, işsiz olsalar da hardansa gündəlik işləyib qazanırdılar. Onlar da bundan məhrum olublar. Ona görə də hökümət əvvəlcə bu işsilərə yardım üçün vəsait ayırmışdı. İki yüz min üçün nəzərdə tutulmuşdur. Sonra o müraciətlərin miqyasını gördükdən sonra hökümət 3 dəfə artırdı. Altı yüz min nəfərə yardım vermək qərarına gəldi. Ancaq bu, yalnız son bir ayda baş verənlərdi. Ona görə də qarşıdakı bir-iki ay ən azı epidemiyanın tam nəzarətə götürülməsi və xəstələnən insanların sağalması və s. bu ən yaxşı halda bitəcək. Bu müddət ərzində təbii ki karantin də davam edəcək. Mümkündür ki, bu bir qədər yumşalsın. Bir çox iş yerləri var ki, onlar mayın 4-dən sonra da işləyə bilməyəcəklər. Bu, Azərbaycan iqtisadiyyatında xüsusən də real sektorda mənfi nəticəsini göstərməkdədir. Azərbaycan iqtisadiyyatı neftdən birbaşa böyük aslılıqda olduğuna görə bu təsirlər hələ davam edəcək. Çünki ən azından neftin qiyməti stabilləşməlidir. Bilirsiniz ki, büdcədə neftin qiyməti 55 dollar götürülüb. Amma indi bu iki dəfədən də aşağı qiymətdədi. Büdcənin 60 faizi birbaşa neft sektorundan formalaşır. Bu o deməkdir ki, neft sektorlarının gəlirləri də, büdcəyə verəcəkləri də iki dəfədən çox azalacaq. Buna görə Azərbaycan, mən düşünürəm ki, maliyyə böhranını yaşayacaq. Neft fondunun rezervlərindən daha çox istifadə etməyə məcbur olacaq. Ona görə də Azərbaycanda bu prosesin də ən azı bir il çəkəcəyini gözləyirik. Bu böhranı biz yaşayacayıq. Amma təbii ki, bütün dünyada və ətraf ölkələrimzdə bu pandemiyanın qarşısı alınsa və tamamilə aradan götürülsə ondan sonra iqtisadi əlaqələr də yenidən bərpa olunar. O cümlədən, ölkənin içində də iqtisadi sektorlar, xüsusilə real sektorlar hansı ki, bu insanlar ki, gündəlik qazanc əldə edirlər, - ticarət, xidmət sektoru, - bu sektorlar öz fəaliyyətini bərpa eləyə bilər. Belə görürnür ki, hələlik buna da çox var.
Onun fikrincə, dövlətin vəsaitlərinin səmərəli istifadə olunması üçün əlindən gələni etməlidir.
“Hökümət anlamalıdır ki, dövlətin vəsaitləri, ictimai vəsaitlər, neftdən əldə olunan gəlirləri hansı ki çox azalıbdır onları qorumaq lazımdır. Ona görə də hökümət dövlət maliyyəsinin idarə olunmasında, eyni zamanda xərclərin şəffaflığının artırılması, tenderlərin rəqabətli həyata keçirilməsi, bax bu, məsələlərin üzərində düşünməlidir. Mümkün qədər bədxərcliyi və korrupsiyanı aradan qaldırmaq üçün əlindən gələni eləməlidir. Bu birinci tədbirdir. İkinci tədbir isə təbii ki, bu pandemiyadan sonra ölkədə dərin iqtisadi islahatlar aparmaq lazımdır.
Yəni elə bil iqtisadi sistem ölkədə yaranmalıdır ki, o iqtisadi sistem mümkün qədər çox insanı işlə təmin edə bilsin. İnvestisiyalar cəlb eləmək mümkün olsun. Rəqabət qabiliyyəti artsın. Eyni zamanda mülkiyyətə və investisiyalara təminat olsun. Dövlət səviyyəsində təminat olsun. Burada hüququn aliliyi çox önəmli bir məsələdir. Bunlar ilkin addımlardır. Tutaq ki, indi hansısa vergi güzəştləri olunur və s. bunlar hamısı keçici məsələlərdir. Əsas odur ki, investisiyalar üçün şərait yaradılsın. Heç də söhbət xarici investisiyalardan getmir. İnvestisiyalara təminat verilsin və məsələlər hüquqi səviyyədə həll olunsun. Qanunlarla, məhkəmənin müstəqilliyi ilə həll olunsun. Təbii ki, bu təməl məsələlər həll olunduqdan sonra daha böyük məsələlərdən inkişafından danışmaq mümkün olar. Azərbaycan iqtisadiyyatının neftdən azaldılması üçün çox ciddi addımlar atılmalıdır. Ölkənin ixrac potensialının artırılması, ümumiyyətlə büdcə planlaşdırılarkən neft sektorundan ayrılan vəsaitlər azaldılması daha çox qeyri-neft sektorundan gəlir mənbələrinin tapılması, eyni zamanda xərclərin azaldılması lazımdır. Burada söhbət heç də sosial xərclərdən getmir. Daha çox bu investisiya adı altında israf olunan, korrupsiyaya uğrayan tikinti xərcləridir. Bunlar azaldılmalıdır. O cümlədən, dövlət qurumlarına, nazirliklərə, komitələrə ayrılan vəsaitlərin azaldılması gərəkdir. Bu günləri dövlət aparatı büdcə xərcləmələri deməkdir. Bunlardan başlamaq lazımdır.
Milli Məcliisin deputatı Vüqar Bayramov deyir ki, OPEC+ hasilatın azaldılması ilə bağlı son qərarı ilə neftin bazar qiymətini artırmağı hədəfləmirdi. Çünki, nə sent barrel ilə neft bazarında koronavirus pandemiyası səbəbindən tələbin azalması və əksinə təklifin əvvəlki dövrlə müqayisədə stabil qalması, hətta mart ayında artması müşahidə olunurdu.
"Baxmayaraq ki, OPEC+ öz tarifində ən böyük azalmaya getdi .Nəticə etibarı ilə yenə də neft bazarında təklifin tələbi üstələməsi müşahidə olunur. Xüsusən pandemiya qiymətləndirmələrinə görə neft bazarında təxminən tələbin 20 mln barrel gündəlik olaraq azalmaslna gətirib çıxardır. OPEC həmin tələbin azalmasının təxminən yarısını kompensasiya etdi. Amma yenə də təklif tələbi üstələyir. Neft bazarına çıxarılan neftin həcmi neftə olan tələbdən daha çoxdur. Bu da təbii ki, qiymətlərin azalmasına səbəb olur. Xüsusilə OPEC+ un anlaşmasının bazara müəyyən psixoloji təsiri var idi. Amma nəticə etibarı ilə, bu, xüsusilə brend markalı neftin qiymətində kəskin azalmalarının qarşısını alınmasına hesablanmış psixoloji təsirdir. Amma nəticə etibarı ilə OPEC+ hətta anlaşmaya əməl etsə də belə, bu, bazardakı mövcud tarazlığı dəyişə bilmir. OPEC daha böyük azalmalara getməkdən ehtiyatlanır. Çünki OPEC+ üzv olan ölkələr üçün bazardakı pay çox önəmlidir. Ölkələr bazar payını qoruyub saxlamağa çalışırlar. Çünki daha böyük azalmalar həmin ölkələrin bazar payının azalmasına səbəb ola bilər. Bu da sonradan həmin bazar payının bərpa edilməsi ilə bağlı çətinliklər yarana bilər. Praktik olaraq neft bazarındabu mövcud əsas kvotaya təsir göstərə bilər. Xüsusilə nəzərə alsaq ki, hazırda neft bazarında üç ölkə Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ aparıcı neft hasil edən ölkələrdir. Amma Rusiya və Səudiyyə Ərəbistanı anlaşması da bir daha təsdiq etdi ki, hələlik neft ölkələrinin əvvəlki dövrlərdən fərqli olaraq bazara təsir etmək imkanları məhduddur. Ya xeyli kəskin azalmalara gedilməlidirlər, ya da ki, mövcud qiymətlə neft ölkələri praktiki olaraq razılaşmalıdır. Belə görünür ki, hələ neft ölkələri neftin dünya bazar qiymətində kəskin artımlar gözləmirlər, proqnozlaşdırmırlar. Yalnız post pandemiya dövründə qiymətlərin yenidən artması proqnazlaşdırılır. Amma koronavirusun aktiv olduğu dövrdə qiymətlərin artması proqnozlaşdırılan deyil."
Onun sözlərinə görə Azərbaycan neft ixrac edən ölkədir və Azərbaycan üçün neftin dünya bazar qiyməti əhəmiyyətlidir.
2020-ci ilin dövlət büdcəsində cari və ümumi investisiya xərclərinin bir qisminin növbəti illərə saxlanılacağı gözlənilir. Təbii ki, sosial xərclərlə bağlı hər hansı azalmalar olmayacaq. Büdcə xərclərində sosial xərclərin payı 38.5 %-dir. Bütün hallarda neftin bazar qiyməti Azərbaycan iqtisadiyyatı üçün arzuolunan deyil. Vüqar Bayramov, Milli Məclisin deputatı
"Nəzərə alsaq ki, Azərbaycan ixracatının 81 faizini xam neft təşkil edir. Bu baxımdan neftin bazar qiymətindəki dəyişmələr ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir. Bu da təbii ki, neftin bazar qiyməti yüksələndə Azərbaycan daha çox valyuta cəlb edə bilir. Neftin bazar qiyməti aşağı düşəndə ölkəyə daxil olan valyuta həcmi azalır. Təbii ki, mövcud qiynmətlər Azərbaycan üçün də arzu olunan deyil. Mövcud qiymətlər praktik olaraq bütün neft ölkələrinin gəlirlərinin azalmasına gətirib çıxarır. Azərbaycan üçün, xüsusən, bir tərəfdən indiki halda neft ölkələri üçün pandemiyanın təsirləri var. Pandemiya real sektorda aktivliyin azalmasına gətirib çıxardır. Digər tərəfdən isə neftin bazar qiymətinin aşağı düşməsi ölkəyə daxil olan valyuta həcminin azalmasına səbəb olur. 2020-ci ilin dövlət büdcəsinin gəlirlərinin 46% qeyri-neft sektorlarının payına düşür. Həm 2020-ci ilin ilk iki ayında, eləcə də birinci rübün yekunlarında qeyri-neft sektorundan daxil olmalarda proqnozlar yerinə yetirilib. Bu təbii ki, daha çox iki ayın yekunlarında büdcəyə daxil olan vəsaitin cəlb edilməsi ilə bağlıdır. Amma nəzərə alsaq ki, aprel-may aylarında pandemiyanın aktiv olduğu aylardır. Bu da qeyri-neft sektorundan büdcəyə daxil olmalara təsir göstərəcək. Güman olunur ki, büdcə daxil olmalarında azalmalar olacaq. Eyni zamanda büdcə gəlirlərinin digər 54% neft sektorunun payına düşür. Dövlət Neft Fondunun büdcəyə transfertləri ümumi neft gəlirlərinin 84 faizini təşkil edir. Dövlət Neft Fondu dollar ifadəsində 2020-ci ildə 6.7 milyard dollar vəsaiti məhz manata çevirərək büdcəyə transfert edəcək. Dövlət Neft Fondunun aktivlərinin 40 milyard dollardan çox olduğunu nəzərə alsaq DNF üçün həmin vəsaitin transfertində hər hansı bir çətinlik yoxdur. Bununla belə neft sektoru birbaşa neft sektorundan daxil olmalar ümumi büdcə gəlirlərinin 8%-ni təşkil edir. Bu da təbii ki, xüsusilə həm iqtisadi aktivliyin aşağı düşməsi, həm neftin bazar qiymətinin azalması birbaşa neft daxilolmarına təsir göstərir. Nəzərə alsaq ki, Azərbaycan prezidenti təcili olmayan xərclərin təxirə salması ilə bağlı göstəriş verib. O baxımdan 2020-ci ilin dövlət büdcəsində cari və ümumi investisiya xərclərinin bir qisminin növbəti illərə saxlanılacağı gözlənilir. Təbii ki, sosial xərclərlə bağlı hər hansı azalmalar olmayacaq. Büdcə xərclərində sosial xərclərin payı 38.5 %-dir. Bütün hallarda neftin bazar qiyməti Azərbaycan iqtisadiyyatıüçün arzu olunan deyil. Bu da təbii ki, ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir
Bu gün mövcud 15.1 milyard manatlıq kredit portfelinin 12.1 milyard manatı Bakının payına düşür. Yəni o deməkdir ki, Azərbaycanda kommersiya bankları tərəfindən təklif edilən hər 100 manat kreditin 80 manatı Bakının payına düşür. Bütün regionlar ümumi kredit portfelinin 20 % formalaşıdrır. Vüqar Bayramov, Milli Məclisin deputatı
Pandemiya dövrü təbii ki, vacibdir. Eləcə də iqtisadiyyatın post pandemiya dövrünə hazırlaşması və post pandemiya dövründə iqtisadi aktivliyin daha qısa zamanda bərpa edilməsi əsas prioritetlərdəndir. Nəzərə alsaq ki, iqtisadiyyat nazirliyi tərəfindən hazırlanmış iqtisadi paketdə yalnız pandemiyanın iqtisadiyyata təsirlərinin araşdırılması deyil, eyni zamanda, post pandemiya dövründə sahibkarların dəstəklənməsi nəzərdə tutulub. Vergi güzəştləri həm də, güzəştli kreditərəçıxış imkanlarının artırılması formasında həyata keçiriləcək. Təbii ki, post pandemiya eləcə də mövcud neftin dünya bazar qiymətlərinin aşağı olduğu dövr üçün iqtisadiyyatın diversifikasiyası ilə bağlı islahatların dərinləşməsi çox vacibdir. Nəzərə alsaq ki, 2020-ci ilin növbəti aylarında islahatların davam etdiriləcəyi ilə bağlı ölkə prezidenti tərəfindən bəyanat verilib. Bu isə ondan xəbər verir ki, xüsusilə struktur islahatları və gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər genişlənəcək. İqtisadiyyatın şaxələnməsi neftdən aslılığının aradan qaldırılmasına xidmət edir. Növbəti dövlərdə Azərbaycan üçün prioritet məsələ iqtisadiyyatın şaxələnməsinə nail olmaqdır. Eyni zamanda post pandemiya dövrü artıq iqtisadi menecmentə fərqli yanaşmanın nümayiş etdirilməsini tələb edir. Həm online menecment sisteminin formalaşması, avtomatlaşdırmaya daha çox diqqət ayrılması, bu istiqamətdə Azərbaycan dövləti tərəfindən texnoloji dəstəyin sahibkarlara nümayiş etdirilməsi. Eyni zamanda biz həm də post pandemiya dövründə vergi güzəştlərinin yəni paketinin genişlənməsini də təklif edirik. Xüsusilə online ticarətlə məşğul olan sahibkarlar üçün əlavə dəyər vergisinə güzəştin tətbiq edilməsinə ehtiyac var. Nəzərə alsaq ki, ABŞ da daxil olmaqla əksər ölkələrdə online ticarət satış vergisindən azaddır və Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsinə ehtiyac var ki, pandemiya dövründə biz online iqtisadiyyatın daha çox inkişaf etməsini müşahidə edə bilək. Sahibkarlar, xüsusilə regionda fəaliyyət göstərən sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılması vacibdir. Aparılan monitorinqlər göstərir ki, banklar tərəfindən regionlarda fəaliyyət göstərən sahibkarlardan paytaxtda girov tələb olunduğuna görə həmin sahibkarların güzəştli kreditlərdən istifadədə çətinlikləri var. O baxımdan girov sisteminin təkmilləşdirilməsi və regionda fəaliyyət göstərən sahibkarların bu imkanlardan daha çox istifadə etməsinə ehtiyac var. Bu gün mövcud 15.1 milyard manatlıq kredit portfelinin 12.1 milyard manatı Bakının payına düşür. Yəni o deməkdir ki, Azərbaycanda kommersiya bankları tərəfindən təklif edilən hər 100 manat kreditin 80 manatı Bakının payına düşür. Bütün regionlar ümumi kredit portfelinin 20 % formalaşıdrır. O baxımdan bu da birbaşa girov sisteminin təkmilləşdirməsini tələb edir. Eyni zamanda təbii ki, regionda fəaliyyət göstərən sahbkarların kredit resuslarına çıxış imkanların artırılması vacibdir. Təbii ki, bu konteksdə post pandemiya dövründə dövlət dəstəyinin gücləndirilməsi hədəflənir .Güman edilir ki, Azərbaycanda post pandemiya dövründə yeni iqtisadi model tətbiq edilsin. Təklif olunan iqtisadi paket də bundan xəbər verir. Bu iqtisadi paket post pandemiya dövründə sahibkarlara dəstəyin gücləndirilməsi də daxl olmaqla fərqli istiqamətlərdə güzəşt paketinin tətbiq edilməsini nəzərdə tutur ki, bu da xüsusən də sahibkarların post pandemiya dövründə dövlət tərəfindən daha yaxından dəstəklənməsinə xidmət edəcək," Milli Məcliain deputatı qeyd edib.
Rəsmilər nə deyir?
Azərbaycan Energetika Nazirliyi “OPEC +” ölkələri nazirlərinin qərarını yüksək qiymətləndirir. Nazirlik bildirir ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri may ayından etibarən yerinə yetirməklə neft bazarının balanslaşdırılması prosesinə töhfəsini davam etdirəcək.
“Əməkdaşlıq Bəyannaməsi”nə edilmiş son düzəlişə əsasən “OPEC +” ölkələri üzrə gündəlik neft istehsalı ilə bağlı kvotalar may-iyun aylarında 9,7 milyon barrel, iyulun 1-dən ilin sonuna kimi 7,7 milyon barrel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel həcmində qərarlaşır./amerikaninsesi.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?