“Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) təbii qazla yanaşı, hidrogenin nəqli üçün də uyğun olması mövcud infrastrukturun perspektiv imkanlarının göstəricisidir”.
Bunu “Report”a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji sahəsi üzrə ekspert İlham Şaban deyib.
“Avropa yaxın oniliklərdə qaz ixracı üzrə əsas bazarımız olacaq. Bu mənada “köhnə kontinent”in perspektiv prioritetləri baxımından hidrogen gələcəyin enerjisi adlandırıla bilər. Belə ki, Avropa 2050-ci ilə kimi atmosferə atılan karbohidrogen tullantılarının səviyyəsini sıfıra salmağı, eyni zamanda da hidrogen iqtisadiyyatı qurmağı hədəfləyir”
İ.Şaban hidrogenin super təmiz enerji olmasına diqqət çəkib: “Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, bu gün dünyada istehsal olunan hidrogenin əsas hissəsi təbii qazdan alınır. Bu zaman atmosferə karbon qazı ifrazı baş verdiyindən ekoloji cəhətdən təmiz sayılmır. Lakin hidrogen həm də adi sudan elektroliz metodu ilə alınır. Əgər onun istehsalında bərpa olunan enerjidən istifadə olunursa, karbon emissiyası olmur və bu cür metod ekoloji cəhətdən təmiz sayılır. Sonuncu metod Avropa İttifaqının yeni enerji siyasətinə tam şəkildə cavab verir”.
Məsələnin iqtisadi tərəfinə toxunan ekspert qazdan hidrogen alınmasının mövcud texnologiyalar çərçivəsində kommersiya baxımından o qədər də sərfəli olmadığını vurğulayıb.
“Qazdan alınan hidrogen sudan alınandan daha baha başa gəlir, yəni rentabelliyi aşağıdır. İndiki halda bu məhz belədir. Lakin texniki tərəqqinin bir yerdə durmadığını nəzərə alsaq, 30 ildən sonra onun rentabelliyini artıracaq texnologiyaların ortaya çıxacağı istisna deyil. İstənilən halda hidrogen Avropanın enerji doktrinasında prioritet olduğundan ən azından bu kontinent üçün birmənalı olaraq gələcəyin enerjisi sayıla bilər”, - ekspert əlavə edib.
Qeyd edək ki, bir neçə ay əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın “Snam” şirkəti bu sahədə birgə tədqiqat və təcrübələr, xüsusən metan və hidrogen qarışığı və onların daşınması barədə bir memorandum imzalayıblar. Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Konsorsiumu kəmərlə hidrogenin nəqli üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamağı planlaşdırır.
Xatırladaq ki, bu günlərdə Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarım sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi - TAP Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək kommersiya əməliyyatlarına başlayıb. Peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji hissəsini vaxtında və etibarlı şəkildə təhvil vermək üçün çətin şəraitdə səylə və effektiv çalışıb.
TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. Kəmər keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?