Gundemxeber.az » İqtisadiyyat » SOCAR-ın Bakı Ali Neft Məktəbində Polimer Tədqiqat Laboratoriyası açılıb
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) İtaliyanın “Maire Tecnimont” şirkətinin dəstəyi ilə yaradılan Polimer Tədqiqat Laboratoriyasının açılışı olub.
Gundemxeber.az SOCAR-a istinadən xəbər verir ki, tədbirdə şirkətin prezidenti Rövşən Nəcəf, BANM-in rektoru Elmar Qasımov, “Maire Tecnimont”un baş icraçı və əməliyyat direktoru Alessandro Bernini, İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri və digər rəsmi şəxslər iştirak ediblər.
E.Qasımov dəyəri 500 min avro olan laboratoriyanın əhəmiyyətindən danışıb, onun BANM-in tədqiqat fəaliyyətlərinə dəstək olacağını, həmçinin tələbə və müəllimlərin elmi araşdırmalarına fayda verəcəyini qeyd edib. O, bu laboratoriyanın ən aktiv laboratoriyalardan biri olacağına, burada mühüm tədqiqatlarlar aparılacağına inandığını ifadə edib. Hazırda BANM-in 14 məzununun “Maire Tecnimont”da çalışdığını vurğulayan E. Qasımov bu hadisənin əməkdaşlığın növbəti uğurlu nəticəsi olduğunu bildirib.
R.Nəcəf isə Polimer Tədqiqat Laboratoriyasının istifadəyə verilməsinin BANM-in gələcək inkişafı baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb. SOCAR-ın “Maire Tecnimont”la uzunmüddətli və qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrindən danışan şirkətin prezidenti bu laboratoriyanın “Maire Technimont”la uğurlu əməkdaşlığın növbəti təzahürü, eyni zamanda, yeni tədris ilində BANM-in müəllim-tələbə kollektivinə edilmiş ən gözəl hədiyyə olduğunu qeyd edib. Müstəqillik illərində, xüsusən son 20 ildə ölkəmizdə təhsilin inkişafı istiqamətində strateji addımlar atıldığını, ölkə başçısının yüksək diqqəti və birbaşa nəzarəti ilə xüsusi dövlət proqramlarının uğurla icra edildiyini diqqətə çatdıran R.Nəcəf BANM-in maddi-texniki bazasının gücləndirilməsinin, burada beynəlxalq standartlara cavab verən müasir laboratoriyaların yaradılmasının tələbələrin gələcək karyera inkişafı, ölkəmizdə yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi üçün əlverişli zəmin yaradacağını ifadə edib.
A.Bernini isə BANM ilə səmərəli əməkdaşlıqdan bəhs edib, 2016-cı ildən qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla həyata keçirildiyini bildirib, “Maire Tecnimont”un əməkdaşlıq etdiyi müxtəlif universitetlər arasında ilk dəfə BANM-də yaradılmış bu laboratoriyanın əməkdaşlığın yeni mərhələsinin təməlini qoyacağını vurğulayıb. O, BANM-in Azərbaycanın ən nüfuzlu təhsil müəssisələrindən biri olduğunu qeyd edərək qarşıda daha böyük plan və hədəflərin nəzərdə tutulduğunu ifadə edib.
K.Taffuri isə İtaliya ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə inkişaf etdiyini qeyd edib, istifadəyə verilən bu laboratoriyanın Azərbaycanda təhsilin daha da inkişafına mühüm töhfə verəcəyini bildirib.
Çıxışlardan sonra tədbir iştirakçıları Polimer Tədqiqat Laboratoriyasında yaradılan şəraitlə tanış olublar. Laboratoriya tələbə və müəllimlərin elmi araşdırmalar aparmaları üçün bütün zəruri şəraitin yaradıldığı, mövcud avadanlıqların tədqiqatların aparılması və materialların spesifikasiya tələblərinə nəzarətin təhlilinə imkan verdiyi diqqətə çatdırılıb.
Daha sonra SOCAR ilə “Maire Tecnimont” şirkəti arasında mövcud və gələcək əməkdaşlıq məsələlərinin müzakirəsinə dair ikitərəfli görüş keçirilib.
Gundemxeber.az
2-09-2016, 12:09
8-02-2019, 11:24
2-09-2013, 13:12
30-05-2016, 12:22
31-01-2020, 16:51
Sorğu
Yeni dizaynımız necədir?