Ermənistanın hakim "Vətəndaş sazişi” partiyasının idarə heyətinin üzvü Akop Arşakyan Rusiya tərəfinə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutunun tələblərindən yan keçəcək dövlətlərarası sazişin imzalanması təklifini açıqlayıb.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Arşakyanın sözlərinə görə, Rusiya hələlik təklifə cavab verməyib.
"Roma statutunun ratifikasiyasından bir neçə ay əvvəl biz Rusiyanı ikitərəfli müqavilə imzalamağa dəvət etdik ki, dövlətlərarası hüquqi münasibətlərimiz beynəlxalq strukturlar tərəfindən yoxlanılmasın, ratifikasiya əlaqələrimizə təsir göstərməsin. Əslində, biz hələ cavab almamışıq, lakin Roma statutunun qüvvəyə minməsinə hələ çox vaxt var”, deyə Akop Arşakyan brifinq zamanı bildirib.
Ermənistanın hakim "Vətəndaş sazişi” partiyasının idarə heyətinin üzvü vurğulayıb ki, hüquqi baxımdan Ermənistan və Rusiya iki ölkəyə aid məsələlər üzrə beynəlxalq məhkəmənin qərarlarının tətbiqini istisna edən razılaşma əldə edə bilərlər.
Xatırladaq ki, sentyabrın 1-də Ermənistan hökuməti BCM-nin Roma statutunun ratifikasiya layihəsini parlamentə göndərib. Sənəd Ermənistan tərəfindən hələ 1999-cu ildə imzalanıb, lakin o vaxtdan bəri ratifikasiya olunmayıb. Oktyabrın 3-də Ermənistan parlamenti onu ratifikasiya edib.
Ermənistan Xarici İşlər Nazirliyi statutun ratifikasiya olunmasının məqsədinin Azərbaycanı məsuliyyətə cəlb etmək olduğunu bildirib. Kreml Ermənistanın BCM-nin Roma statunun ratifikasiya etmək qərarını yanlış adlandırıb. Mart ayında BCM-nin məhkəməyə qədərki palatası Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Həbs orderi uşaqların Ukraynadan qanunsuz çıxarılması işi üzrə verilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?