"Belə bir qərar qəbul etməklə Mərkəzi Bank onu nümayiş etdirmək istəyir ki, artıq hədəflərinə nail olub və infliyasiyanı cilovlayıb".
Gundemxeber.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli uçot dərəcəsinin aşağı salınması ilə bağlı Mərkəzi Bankın qərarından danışarkən deyib.
Ekseprt bildirib ki, uçot dərəcələri həmişə infliyasiyanın idarə etmək məqəsdi ilə istifadə olunur:
"Digər tərəfdən, bu, birbaşa kredit bazarına təsir edir. Bu ilin əvvəlindən yay aylarına qədər Azərbaycan Mərkəzi Bankı faiz dərəcələrinin artırılması ilə infliyasiyanı cilovlamaq xəttini tutub. Digər maliyyə alətləri ilə də infliyasiyanı zəifləməsi üçün tədbirlər görürdülər".
Akif Nəsirli infliyasiyanın 10% ətrafında olduğunu qeyd edib:
"Son aylar infliyasiyanın zəiflədiyi hiss olunur".
Ekspert bildirib ki, bundan sonra kredit faizləri də aşağı düşməlidir:
"Uçot dərəcəsi kreditlərin verilməsinin baza hissəsidir. Onun aşağı düşməsi əslində kreditlərin də faizinin aşağı düşməsinə və vətəndaşların kreditə əlçatanlığına gətirib çıxardacaq. Bu da maliyyə sferasında pul kütləsinin artmasına gətirib çıxardacaq. Bu günə kimi pul kütləsinin azalmasını hədəfləyirdilər, artıq indi faiz dərəcəsini aşağı salmaqla birbaşa pul kütləsinin maliyyə sferasında artmasını stimullaşdırırlar. İndi bu nə qədər effektiv olacaqsa, onu qarşıdakı aylarda görəcəyik. Hesab edirəm ki, Mərkəzi Bankın bu siyasəti il ərzində davamlı olarsa, bu ölkədə infliyasiyanın yenidən stimullaşdırılmasına gətirib çıxardacaq. Yəni infliyasiyanın bir qədər artmasına səbəb olacaq".
Qeyd edək ki, Mərkəzi Bank İdarə Heyəti uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq, 8,5 %-dən 8 %-ə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq, 7 %-dən 6,5 %-ə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq, 9,5 %-dən 9 %-ə endirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?