2024-cü il aprelin 1-nə Azərbaycanda bank sektorunun cəmi kredit portfeli 24 milyard 155,1 milyon manata yüksəlib. Bu, ilin əvvəli ilə müqayisədə 4% və ya 919,2 milyon manat çoxdur. 2024-cü ilin əvvəlində bankların cəmi kredit portfeli 23 milyard 235,9 milyon manat təşkil edib. Sektorun biznes kreditləri ilin ilk üç ayında 4,6% və ya 580,5 milyon manat artaraq 13 milyard 253,7 milyon manata yüksəlib. İstehlak kreditləri portfeli 7 milyard 141,7 milyon manata, daşınmaz əmlak kreditləri isə 3 milyard 759,4 milyon manata çatıb. Bu isə ilin əvvəli ilə müqayisədə müvafiq olaraq 131,5 milyon manat və 206,6 milyon manat çoxdur.
İstehlak kreditinin atrmasının mənfi tərəfləri nələrdir?
Gundemxeber.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli cebhe.info-ya bildirib ki, Azərbaycanda kredit portfelinin artması ümumilikdə pis deyil: “Bu, o deməkdir ki, kreditlər vasitəsilə iqtisadi aktivliyə töhfə verən addımlar atılır. Narahatlıq yaradan fakt isə ondan ibarətdir ki, biznes kreditləri istehlak kreditlərinə nisbətən çox az artır. Yəni daha çox biznes kreditləri artmalıdır ki, aktivlik çoxalsın, kifayət qədər ciddi iqtisadi müsbət dalğalar yaransın. Yeni iş yerləri, istehsal sahələri, xidmət sahələri yaransın. Amma görünən odur ki, biznes kreditlərinə maraq hələ də azdır”. İqtisadçı qeyd edib ki, istehlak kreditlərinin artmasının ümumi iqtisadi -ticari aktivliyə müsbət təsirləri olduğu kimi, mənfi tərəfləri də var: “Bunun neqativ tərəfi isə ondan ibarətdir ki, istehlak kreditləri çox olanda, bir müddətdən sonra geri qaytarılması ilə bağlı problemlər yaranır. Azərbaycanda zaman-zaman bu cür hallar baş verib. Bir çox hallarda problemli kreditlərin təsnifatına baxdıqda, daha çox istehlak kreditləri olur. Bu baxımdan banklar diqqətli olmalıdır ki, istehlak kreditlərinin artması sonradan problemli kreditlərin artmasına da gətirib çıxarmasın”.
Sorğu
Yeni dizaynımız necədir?