Qaz üçün ödənişlər niyə it-bata düşür? Bir neçə gündür Bakıda «PayPoint» köşklərində qaz pulu ödənişləri ilə bağlı çətinliklər yaranıb. Abunəçilər ödəmə üçün istifadə etdikləri kartlarına pul yükləsələr də qaz ala bilmədiklərini deyirlər. Abunəçilər pullarını geri almaq, yaxud yükləmə əməliyyatını gerçəkləşdirmək üçün «PayPoint» köşklərinin idarəçisi olan «Komtec» şirkətinin binasına üz tutublar. Burada isə şikayətçilərin çoxluğundan narazılıqlarla müşahidə olan növbələr yaranıb. Ödəməsi gerçəkləşməyən abunəçi Saleh Məmmədov deyir ki, abunəçilərin kartlarına pul yüklənmirsə ödəməni dayandırsınlar ki, insanlar növbədə əziyyət çəkməsinlər: “20 manat keçirmişəm amma qaz gəlməyib. Bizə verilən qəbzdə şirkətin ünvanı yoxdur, saatlarla şəhəri gəzib ünvan axtarmışam. Mən nə üçün bütün günü bununla məşğul olmalıyam? Deyirlər ki, düzələcək. Yaxşı, bəs mənim itirdiyim vaxta görə pulu kim ödəyəcək? Mən bütün günü burda durmaqla pul itirirəm.” «Komtec» şirkətinin əlaqə mərkəzi qrupunun rəhbəri Şirin Məmmədyarova məsələ ilə bağlı açıqlamasında bildirib ki, yaranan çətinlik texniki problemlərlə bağlıdır: “Bunun səbəbi Azəriqaz.ın sistemində yaşanan çətinlikdir. Ödəniş çox olduqda abonentlərin kartlarına məlumat ötürülə bilmir və qaz gəlmir. Ödənişi “Komtec” şirkəti olaraq biz həyata keçirdiyimiz üçün abonentlərin pullarını ya qaytarırıq, ya da kartlara yükləyirik. Bu müvəqqəti çətinlikdir. Bununla bağlı «Komtec» və Azəriqaz tərəfdən lazımi texniki tədbirlər görülür.” Şirin Məmmədyarova onu da deyib ki, ödəmənin müvəqqəti olaraq dayandırılması “Paypoint” sistemində edilən digər ödəmələrə problem yaradacağından belə bir tədbir onlar tərəfdən müzakirə mövzusu deyil.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?