“Avroviziya”dan sonra POS-terminallardan istifadə edilmir
Ölkə başçısının ötən ilin sentyabrın 30-da imzaladığı sərəncamla əhali ilə nağdsız hesablaşmaların aparılması üçün "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 17-ci maddəsinə dəyişiklik edildi. Sərəncamda bildirilir ki, ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminallar quraşdırılmalıdır. Bu ilin oktyabrın 4-də isə Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları"nı və "POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları"nı təsdiq edib. Qərara əsasən, bu il ərzində ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı Bakı, Gəncə və Sumqayıtdakı bütün müəssisələrdə POS-terminalların quraşdırılması başa çatmalıdır. Prezidentin ötən ilin sonlarında sərəncam imzalamasına baxmayaraq, təəssüflər olsun ki, kifayət qədər aylıq dövriyyəsi olan yanacaqdoldurma məntəqələrinin əksəriyyətində hələ də nəğd ödənişə üstünlük verilir.
“LUKoil”, “Azpetrol”, “SOCAR” nağd pula işləyir
Ötən həftə ərzində müştəri kimi “LUKoil”, “Azpetrol”, “SOCAR”-ın bir neçə yanacaqdoldurma məntəqəsində olduq. Sözügedən məntəqələrdə ödənişi kartla həyata keçirmək istədiyimizi deyəndə, bildirdilər ki, POS-terminal yoxdur. Yalnız Tbilisi prospektində yerləşən “İST Petrol” yanacaqdoldurma stansiyasında bizə ödənişi kartla etmək üçün şərait yaratdılar. Qeyd edək ki, ölkə başçısının müvafiq sərəncamı ilə post-terminalların quraşdırılmasına Vergilər Nazirliyi və Mərkəzi Bank nəzarət edir.
POS-terminaldan istifadə etməyənlərə cəza yoxdur
Məsələ ilə bağlı Vergilər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, oktyabrın 20-dək Bakı şəhəri üzrə 482 yanacaqdoldurma məntəqəsində POS-terminal quraşdırılıb. Nazirlikdən onu da qeyd etdilər ki, adını çəkdiyimiz yanacaqdoldurma məntəqələrinin əksəriyyətində POS-terminallar quraşdırılıb: “Amma vergi qanunvericiliyi baxımından POS-terminallar olmayan və bundan istifadə etməyən müəssisələrə hələ ki, hansısa sanksiyanın tətbiqi nəzərdə tutulmayıb. POS-terminalın işləyib işləməmisinə biz məsul deyilik. Mərkəzi Bank bu işə baxır”. Mərkəzi Bankdan isə bildirdilər ki, yanacaqdoldurma məntəqələrində POS-terminallara onlar nəzarət etmir: “Biz yanacaqdoldurma məntəqələrindən POS-terminalların quraşdırılmasını tələb edə bilmərik. POS-terminalların quraşdırılması tələbini Vergilər Nazirliyi qoyur, kommersiya bankları isə quraşdırır. Biz banklara nəzarət edirik, POS-terminallar isə bunun kiçik bir hissəsidir”.
“Avroviziya”dan sonra dayanan kampaniya?
Qeyd edtdiyimiz kimi, Vergilər Nazirliyindən bildirdilər ki, “LUKoil”, “Azpetrol”, “SOCAR” yanacaqdoldurma məntəqələrinin əksəriyyətində Pos-terminallar quraşdırılıb. Əgər belədirsə, niyə sözügedən məntəqələrdə istehlakçılara POS-terminallardan istifadə imkanı verilmir? Halbu ki, Azərbaycan kimi özünü turizm üçün açıq elan edən ölkədə sözügedən xidmətin geniş yayılması və bütün sahələri əhatə etməsi vacibdir: “Avroviziya” Mahnı Müsabiqəsi ərəfəsində Pos-terminalların quraşdırılması ilə bağlı kampaniya keçirildi və xüsusilə şəhərin mərkəzində yerləşən əsas xidmət və ictimai-iaşə və ticarət müəssisələrində quraşdırıldı. Təəssüflər olsun ki, sonra bəlli oldu ki, bu, daha çox kampaniya xarakteri daşıyır. Bununla bağlı görüləcək iş kifayət qədər olsa da, “Avroviziya”dan sonra bu siyasət davam etdirilmədi. Məlumat üçün bildirək ki ölkəmizdə 4,6 milyondan çox adamda plastik kartın var. Bu da o deməkdir ki, əgər bütün müəssisələrdə POS-terminallar olarsa, ödənişi kartla həyata keçirmək istəyən kifayət qədər istehlakçı var. Nəzərə alaq ki, bu gün bir çox dövlət və özəl müəssisələr əməkhaqlarını kartla ödəyir.
POS-terminalın üstünlüyü
POS-terminallardan istifadənin əhəmiyyəti böyükdür. Bu, dövriyyədəki qeyri-nəğd pulun çəkisinin artmasına gətirib çıxara bilər. Eyni zamanda POS-terminallar vasitəsilə ödənilmiş vəsaitin tərkibində olan aksizlər, digər vergilər birbaşa dövlət büdcəsinə çatır. Azərbaycanda yanacaqdoldurma məntəqələrinin çoxunda ödənişin nağd şəkildə həyata keçirilir, hətta ödəniş zamanı istehlakçı istəmədiyi təqdirdə, qəbz verilmir. Yəni çox nadir hallarda ödəniş edəndə yanacaqdoldurma məntəqələrinin işçiləri onun kassa əməliyyatını aparır. Amma POS-terminallar bütün əməliyyatların uçotunun aparılmasına gətirib çıxaracaq, həm də şəffaflıq imkanları genişlənəcək və nəticədə büdcə qazanacaq və büdcədə qeyri-neft gəlirlərinin miqdarı artacaq.
Vergidən yayınmağın yolu
Yanacaqdoldurma məntəqələrində POS-terminalların istifadə olunmamasının əsas səbəbi müəssislərin satış, yaxud xidmət əməliyyatlarının qeydiyyatında maraqlı olmamalarıdır. Çünki bu, əlavə vergi öhdəliyi yaradır, yəni ödənişlər məcburi şəkildə həyata keçirilməlidir. POS-terminallardan istifadədən imtina şirkətlər üçün vergidən yayınmağın bir yoludur. POS-terminalın quraşdırılması yalnız texniki məsələ deyil, həm də müəyyən iqtisadi əsasları var. POS-terminal quraşdıran şirkətlər müəyyən ödənişlər edirlər. Bu ödənişlər aylıq xidmət haqqı şəklində formalaşır, şirkət üçün əlavə xərc yaradır. Bu da POS-terminalların quraşdırılmaması üçün digər səbəbdir. Bütövlükdə götürdükdə, əməliyyatların POS-terminallar vasitəsilə həyata keçirilməsi bəzi şirkətlər üçün indiki halda o qədər də maraqlı görünmür. Qeyd edək ki, Azərbaycanda ticarət və xidmət obyektlərində indiyədək 30 mindən çox POS-terminal quraşdırılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?