Ziya Məmmədovun oğlu prezidentə qarşı necə fəaliyyət göstərir - Nazir oğlunun BÖYÜK İDDİASI
Azərbaycanda məmur övladlarının “dəbdəbəli həyat hekayətləri” son vaxtlar tez-tez medianın gündəmini zəbt edir. Və maraqlıdır ki, bəzən bu informasiyalar yalan olmur, reallığı əks etdirmiş olur. Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun həyatına baxdıqda ən azından bu xəbərlərə inanmamaq mümkün deyil. Bu şəxs gəncdir, həyat təcrübəsi də o qədər deyil. Orta statistik Azərbaycan gənci ilə müqayisədə isə “uğurlu karyeraya” sahiblənməsi aydın sezilir.
“Həyatın bir anı”... Və ya Anar Məmmədovun başına qonmuş dövlət quşu
“A.Məmmədov “uğurlu karyerasını” necə qurub” sualını ən sadə vətəndaşımıza ünvanlasaq, cavab birmənalı olaraq “atası nazirdir axı” olacaq. Bəli, bir göz qırpımında nazir atasının “milyardları” A.Məmmədovun karyerasına xeyli “uğur” gətirib, amma bu kömək bir çox hallarda normadan çox olub, deyəsən.Onun təhsilinə və ümumi fəaliyyətinə nəzər saldıqda qəribə mənzərə yaranır: “avtoş” ləqəbi ilə bütün şəhərdə ad qazanan pleyboy birdən-birə karyera barədə “düşünməyə başlayır”... Şirkət rəhbəri təyin olunur. Amma bununla da kifayətlənmir. O, özünü ictimai işlərdə də göstərmək istəyir. A.Məmmədovun adı Azərbaycanın xaricdə təbliğ edilməsi işində tez-tez çəkilir, özünün “Amerika-Azərbaycan Cəmiyyəti” adlı təşkilatı ilə gündəmə gəlmək istəyir... Lakin hər şeyə rəğmən, cəmiyyətdə onu nazir oğlu, özü də “ayı” yeyəcək qədər dəbdəbə içində yaşayan nazir oğlu kimi tanıyırlar. Xərclənən milyonlar bu imici dəyişmək gücündə deyil...
Gündəmdə və reallıqda olan Anar Məmmədov
Zaman-zaman gündəmə təbiətsevər, idmansevər, musiqisevər, Azərbaycansevər və... daha nələri “sevər” şəxs kimi düşməyə çalışan A. Məmmədov türklər demiş, maləsəf, reallığı əks etdirən düşüncələrdə fərqli obrazdadır. Türklərdən misal gətirmişkən, türk mediasının yazdıqları da ilgincdir: “Azərbaycanda nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Türkiyədə 40 milyona ada alıb. O, həm də “Çırağan” hotelində milyon dollarlıq ziyafəti ilə də yaddaşlarda iz buraxdı”. DİA.AZ olaraq qeyd edək ki, bu xəbər Azərbaycan mediasında yayılsaydı, bəlkə də sifarişdir deyə düşünmək olardı. Amma söhbət A.Məmmədovla yaxından- uzaqdan əlaqəsi olmayan türk mediasından gedir. Onun əmisi oğlu Aynar Məmmədovun “fironlar kimi” yaşaması isə dolayısı yolla Məmmədovların “təqdimatıdır”. Necə deyərlər, övladını göstər, kim olduğunu deyim...
Ağacları kəsib taxtadan restoran tikdirdi
Nazir oğlunun adı zaman-zaman “mahnı qalmaqalı” kimi yumşaq hadisələrdə hallanmaqla yanaşı, ağac kəsmək, adam döymək, sürücüləri incitmək, yetim-yesirin haqqını yemək kimi ciddi məsələlərdə də çəkilir. O, hətta o qədər “böyük” məsələlərə qarışır ki, dövlətin rəhbərliyindəki şəxsləri belə saya salmır desək, yanılmarıq. Misal üçün, dövlət səviyyəsində ağac kəsənlərlə bağlı ciddi məsələ qaldırılır, amma A.Məmmədov kəsdiyi ağaclardan “Bakı Beynəlxalq Avtovağzalı”nın yanında restoran tikdirir. Bu, elə bir restorandır ki, tikintidə bir dənə də daşdan istifadə edilməyib, başdan-ayağa “rus tipli” evlərə bənzər ağacdan inşa edilib. Halbuki dövlət başçısı bu məsələni dəfələrlə qaldırıb və hamıya, xüsusən də məmurlara xəbərdarlıq edib. Görünür, nazir oğlu o qədər “böyük” iddialardadır ki, dövlət başçısının xəbərdarlığını da eşitmir və dövləti dəyərlərə qarşı çıxır. Xatırlayırsızsa, mərhum Prezident Heydər Əliyev “Bakıda ağac kəsən elə bil ki, mənim qolumu kəsir” demişdi. Məmmədovlar sülaləsi öz keçmişlərini unutduqları kimi, deyəsən, bu mötəbər kəlamı da çoxdan yaddan çıxarıblar... Amma nazir oğlunun dövlətçilik əleyhinə fəaliyyəti təkcə bununla bitmir. A.Məmmədov bu istiqamətdə yeni kampaniyaya başlayıb.
Anar Məmmədovun yeni media qrupu... “hədəflər vurulacaq”
Bu yaxınlarda A.Məmmədov yeni media qrupu yaradıb. Buna qədər onun “media holdinqi” yaradacağı haqqında informasiyalar yayılırdı. Amma nazir oğlu fərqli xətt tutub. O, bir sıra media layihələrinin müəllifi olan jurnalist Elnur Baimovun rəhbərlik etdiyi saytları və sosial şəbəkələrdəki populyar səhifələri satın alıb. Hazırda həmin media qrupuna üzdə E.Baimov rəhbərlik etsə də, maliyyə və sifarişlər A.Məmmədovdan gəlir. A.Məmmədov E.Baimovu irəli buraxmaqla sanki bu media orqanlarının ona aid olmadığı görüntüsü yaratmağa çalışır. Amma bilən bilir ki, E.Baimov Nəqliyyat Nazirliyində işə düzəlməmişdən öncədən A.Məmmədovun media üzrə əsas məsləhətçisidir. Onun sifarişləri məhz E.Baimov vasitəsilə mətbuata ötürülür. Nazir oğlunun media holdinqinə hazırda “News.az”, “Mugamradio.az”, “Marka.az”, “interpress.az”, “Qaynar.info”, “Auto FM”, həmçinin, reklam saytları – (bu saytlarda da lazım gələndə tanınmış şəxslərə qarşı yazılar yazılır) – “Turbo.Az”, “Boss.Az” və “Bina.Az” saytları daxildir. Nazir oğlunun hədəfində gun.az, eləcə də “Yurd TV”-nin olduğu deyilir. Bu media holdinqin rəhbərliyinə Cəmil Rüstəmxanlının (Sabir Rüstəmxanlının oğlu – red.) gətiriləcəyi bildirilir. Bu “təyinatda” isə qohumluq əlaqələri önə çıxır. Belə ki, C.Rüstəmxanlı Ziya Məmmədovun qardaşı qızı ilə evlidir. “İnterpress.Az” saytının Vətəndaş və Həmrəylik Partiyasının Bakı şəhəri, Xətai rayonu, Xaqani Rüstəmov küçəsi, 1210-cu məhəllədə yerləşən baş qərargahının ikinci mərtəbəsinə köçürülməsi də bunu təsdiqləyir. Hazırda ofisin ikinci mərtəbəsində sayt üçün ayrılan otaqlarda təmir işləri aparılır, yaxın günlərdə köç reallaşacaq.
Nazir oğlu Prezidentə qarşı
Burda ortaya sual çıxır: “Uğurlu karyera” və təmin edilmiş həyata malik olan nazir oğluna bu media şəbəkəsi nə üçün lazımdır?Axı A.Məmmədov sıravi iş adamı olduğunu və siyasətə qarışmadığını deyir. O zaman bu qədər xəbər portalını, medianı nə üçün “qanadının altına” yığır?.. Sözügedən media orqanlarının tutduğu istiqamət suallara cavab tapmaqda kömək edir. Son dövrlər bu saytlarda əsas hədəfin Prezidentə sədaqətli olan məmurların və millət vəkillərinin üzərinə cəmləndiyi müşahidə olunur. Halbuki həmin şəxslər həqiqətən də dövlət başçısına və Azərbaycana sədaqətlidir, həmçinin nə özləri, nə övladları, nə də yaxınları Məmmədovlar kimi dəbdəbə içində yaşamır. Aydındır ki, bu, bir gözdənsalma kampaniyasıdır. Burda ən diqqət çəkən məqam nazir oğlunun (həm də nazirin özünün) dövlət rəhbərliyinə qarşı çıxmasıdır. Nə fərqi var, ağac kəsib restoran tikdirdin, Prezidentin seçiciləri olan bu ölkənin vətəndaşlarının incitdin, insanları döydürdün, yaxud Prezidentin komandasına qarşı kampaniyaya başladın... Məkrli niyyət mediadan aşıq-aşkar görünür. Yuxarıdan da görünürmü?..
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?