Yüksək rütbəli məmurların uşaqlarının öz bahalı maşınları ilə Bakı küçələrində çıxardığı oyunlara böyük ictimai maraq bu mövzuya bir daha qayıtmağı tələb edir. Amma bu dəfə retro janrında... Şəxsən mən özüm bu barədə iki dəfə yazmışam. Birinci dəfə düz 35 il qabaq - 1979-cu ildə “Literaturnaya qazeta”da “Təkərlər üstdəki kişi”, ikinci dəfə isə 2005-ci ildə “Realnıy Azerbaydjan” qəzetində “Musiqili limuzin” adlı məqalələrimdə... Birinci yazımda söhbət “qızıl gəncliyin” öz “Volqa” və “Jiquli”ləri ilə lovğalanmasından, gecələr Hökumət Evi ətrafındakı meydanda sürətlə şütüyüb ötüşməsindən, italyan siqnalı ilə səs-küy salmasından, ikincidə isə bir əli ilə sükanı tutan, o birində bahalı mobil telefon saxlayan “qaqulik”lərdən gedirdi. Bu iki köhnə yazıma bir də nəzər salıb indi baş verənlərlə müqayisələr aparanda ortaya maraqlı məqamlar çıxır. Amma hər iki halda meydana çıxan ümumi cəhətlər də var: 1) bizim mentalitetdəki özünü göstərmək, lovğalanmaq xisləti; 2) özünün (hətta heç imkanlı atasının da yox!) seçilmiş adam, deməli, həm də cəzasız qalan şəxs olmağını gözə soxmaq mərəzi... “Litqazeta”dakı birinci məqaləmə reaksiyalar mənə maraqlı idi. Yay idi, dəhşətli isti vardı. Biz - mərkəzi qəzetlərin xüsusi müxbirləri yazıçılar, rəssamlar və digər yaradıcı ziyalılarla birlikdə MK-nın I katibi Heydər Əliyevi onun ənənəvi rayon səfərlərində müşayiət edirdik. Yolla gedirdik. Birdən kortej pambıq tarlalarının düz ortasında dayandı (belə şeylər tez-tez olurdu). Heydər Əliyev kolxozçularla şəxsən əl verib görüşmək üçün maşından düşdü. Kəndlilər onun başına toplaşdı. Heydər Əliyev günortanın möhkəm istisinə, yandırıcı günəşə baxmayaraq kolxoçularla söhbət elədi. Yolumuza davam elədik. Növbəti belə dayanacaqların birində mən hərbi formasını altdan-üstdən bərk-bərk geyinmiş daxili işlər naziri Cəfər Vəliyevi yanımda dayanan gördüm. Onun general lampasları yandırıcı istidə, özü də pambıq tarlasında, sadə geyimli kəndlilərin fonunda çox gülməli görünürdü. Cəfər Vəliyevlə münasibətlərimiz yaxşı idi. Təbii ki, naziri görəndə salamlaşdım. O isə heç gözləmədiyim halda qaşlarını düyünləyib mənimlə quru, soyuq danışdı: - Bu nədir yenə yazmısan? Maşınlar, siqnallar... Bizimlə məsləhətləşmək lazım idi. - Nə barədə? - Belə də... Biz sənə müvafiq arayışlar verərdik. - Cəfər müəllim, arayış nəyimə lazımdır? Mən gördüklərimi, daha doğrusu, eşitdiklərimi yazmışam. - Bu haqda yazmaq vacib idimi? Ən yaxşısı Keçici Qırmızı bayraqlar haqda yazmaqdır... Həmin yazı isə Heydər Əliyevin israfçılığa, bədxərcliyə, bahalı yas və toy mərasimlərinə qarşı müharibə elan etdiyi, məsul vəzifədə işləyən şəxslərin uşaqlarının hüquq fakültəsinə qəbul olunmasına yasaq qoyduğu vaxtlarda yazılmışdı. Daxili işlər naziri isə əksinə, mahiyyət etibarilə harın gülbalaların müdafiəsinə qalxırdı! Amma ən maraqlısı və gülməlisi həmin “avtoş”ların bu yazıya reaksiyası idi. Məsələ burasındadır ki, mən ehtiyatsızlıq edərək həmin yazıda öz ünvanımı da dəqiq göstərmişdim. Yazı dərc edilən gün gecə Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindəki binamızın yanında, düz eyvanımın altında dəhşətli səslər eşitdim. “Avtoş”lar mənim balkonumun altında əllərini italyan siqnallarının üstünə basmışdılar. Səhərisi gün də, o biri günlər də belə davam elədi. Balkondan onları kartof “atəşinə” tutmaqdan yorulmuşdum. Kisədəki kartof da qurtardı. Burada iki mühüm detal vardı. Birincisi, “papaların gül balaları” cəzalanmayacaqlarına çox arxayın idilər. İkincisi isə rəhbər işçilər onların ünvanına mətbuatdakı (özü də ümumittifaq miqyaslı qəzetdə!) açıq tənqiddən xoşlanmayaraq narazı qalmışdılar. O zamankı sovet nomenklaturasının tənqidə cavabı belə olmuşdu. “Çirkli, qara” pullar həm nomenklatura məmurlarında, həm də “sexovşik”lərdə o zamanlar da vardı. Amma bu pullarını açıq-aydın nümayiş etdirmək heç kimin ağlının ucundan da keçməzdi. İctimaiyyət buna dərhal qəzəbli reaksiya verər, dövlətin cəza aparatı isə o dəqiqə işə düşərdi. Gizli “sovet burjuaziyası” sadə həyat tərzi keçirdiyini hər dəqiqə gözə soxmağı sevirdi. O zaman istənilən ehtiyatsız hərəkət məhv olmaq demək idi! İndi isə vəziyyət fərqlidir. Bazar iqtisadiyyatıdır. Korrupsiya var. Cəmiyyət görünməmiş dərəcədə təbəqələşib. “Bacarana baş qurban” və “beş günlük dünya” mentaliteti bu vəziyyəti daha da qəlizləşdirir. Cəmiyyət, onun kasıb təbəqələri indiki nomenklaturanın harınlığına hiddətlənir. Özü də təkcə kreslo, vəzifə sahiblərinin və biznesmenlərin yox, həm də onların göydən başlarına yağan sərvəti gördükcə getdikcə qudurğanlaşan balalarının harınlığından... Hətta prezident özü də bu hallardan (çox təəssüf ki, bu təmayül son vaxtlar getdikcə yayılmaqdadır) narazıdır. Prezident məmur balalarının bu harınlığını kəskin şəkildə tənqid etdi, məmurlara ciddi xəbərdarlıq olundu. İlham Əliyev bununla əslində atasının sovet vaxtı deyildiyi sözlə ifadə etsək, neqativ hallara qarşı mübarizə xəttini davam etdirmiş oldu. “Neqativ hallar” deyiləndə isə özünü göstərmək, əşyəviçilik, qulluq mövqeyindən şəxsi məqsədlər üçün istifadə etmək, məişət israfçılığı (sonuncu ifadə Heydər Əliyevin “Literaturnaya qazeta”da dərc olunan və bütün dünyada böyük rezonans doğuran, bir çox Qərb nəşrləri tərəfindən təkrar-təkrar dərc edilən məşhur “Qoy ədalət zəfər çalsın” başlıqlı müsahibəsində işlədilmişdi) nəzərdə tutulurdu. Başqa sözlə, burada söhbət korrupsiya təhlükəsindən, hakimiyyətlə pulun təkcə siyasət və iqtisadiyyat sahəsində yox, həm də mənəvi sferada çulğaşmasından gedir... KƏRİM
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?