İbtidai siniflərdə uşaqlara təxminən “Uşaqlar, oyanın, çarpayınızda sevinclə əl çalın, axı bizim prezidentimiz böyük İlham babadır” şeiri öyrədilir
19-cu əsrin sonlarında Nyu-York qəzetinə “Həqiqətən Şaxta Baba varmı?” sualı ilə məktub ünvanlayan balaca qız haqqında danışmışdıq. Müasir Azərbaycan uşaqları, çox güman ki, Bakı qəzetlərinə “Şaxta Babanın ağlı başındadırmı?” sualı ilə müraciət edəcəklər. Ən azından Azadlıq radiosunun Azərbaycan servisinin məqaləsini oxuyanda ağlıma məhz bu sual gəlir. Söhbət Əl Oyunları Stadionunda keçirilən yeni il şənliyindən gedir. “Uşaqlar, gəlin əziz prezidentimizi alqışlayaq!”, “Uşaqlar, siz gözəl bağçalarda və məktəblərdə oxuyursunuz, gəlin buna görə birinci ledimizə təşəkkür edək!” – Azərbaycan uşaqları yeni ilin ilk həftəsində hər zamanki yeni il tapmacalarının və nağıllarının yerinə belə ifadələr eşidiblər. Mən uşaq bağçasına gedərkən bizdə də qəribə yolka şənlikləri olurdu. Bir qədər keflənmiş şaxta baba – saqqal yapışdırmış və yanaqlarına pomada sürtmüş yerli Mədəniyyət Sarayının keşikçisi və kütləvi oyunlara rəhbərlik edən işçisi pambıq və zər yapışdırılmış çubuqla və ya qırılmış şvabra ilə yerə vuraraq, Qarabağ haqqında, necə qaytaracağımız, düşməni darmadağın edəcəyimiz və s. haqqında gurultulu nitqlər səsləndirirdi. Biz uşaqlar – eyni tipli dizləri qırışmış ağ corab və boz çeşkalar geymiş qar dənəcikləri, dovşanlar və tülkülər isə nədənsə addımlayır və “Marş irəli, Azərbaycan əsgəri” deyə bağırırdıq. İli necə qarşıladıqsa, elə də keçirdik. Daha doğrusu, bir ili deyil, tam 20 ili. Yenə eyni şəkildə addımlayır və oxuyuruq, Qarabağ isə yenə də yerindədir. Görünür, prezidentimiz də onun adı ilə qarşılasaq Yeni İli, hətta növbəti 20 ili elə də keçirəcəyimizə inanır. Nə deyim, adam seçkilərə hazırlaşır. Amma gəlin Əl Oyunları Stadionundakı yolka şənliyinə qayıdaq. Bir neçə sitat daha gətirək: “Uşaqlar, bu il ən böyük hadisə nə olub?” Uşaqlar susur. Şaxta Baba: “Eurovision! Bu, prezidentimizin məqsədyönlü işinin nəticəsidir, elə deyilmi?”. Uşaqlar xorla: “Bəli!” Şaxta baba və qar qız hansı otdan çəkir, maraqlıdır? Yüz faiz əfqan kəndlilərinin gizlindən yetişdirdiklərindən. Yaxşı ki, ilin hadisəsi Bakıda kanalizasiya sisteminin dəyişməsi olmayıb (baxmayaraq ki, bunun faydası daha çox olardı), yoxsa yolkada bu haqda da danışardılar. Aşqabadlı tanışımla heyrətimi bölüşdüm, o isə mənə onların yolkalarında dahi “arkadağ” (hami) Berdıməhəmmədov haqqında nələr deyildiyini danışdı. Nənəm isə öz növbəsində dedi ki, onun zamanında yolkalarda Stalin haqqında mahnıları bağırırdılar. Məhz bağırırdılar, çünki bağırtı şəxsi şüuru və alçaqlığın dərk edilməsindən irəli gələn iyrənc mənəviyyatı boğur. Bax, biz də yolkaya gedəcəyik, gözlərimizdən qığılcım çıxana qədər bağıracağıq, amma o qədər də pis deyil. Gördüyünüz kimi, başqalarında da belədir, Siz deyin, niyə şikayət edək. Amma Türkmənistan azadlıq üzrə dünya reytinqlərində sadəcə Şimali Koreyadan irəlidə gedərək, axırdan əvvəlki yeri tutur. Sizin məşhur lopabığ Stalin isə düşərgələrdə milyonlarla insanı çürüdüb, odur ki, özümüzü onlarla bir tutmağı istəməzdik. Biz özümüz Eurovision keçirməyimizlə fəxr edirik, deməli Avropa ilə ayaqlaşmalıyıq. Məsələ Avropada da deyil, Azərbaycan uşaqlarındadır. Bu yaxınlarda Facebookda oxudum ki, ibtidai siniflərdə uşaqlara təxminən “Uşaqlar, oyanın, çarpayınızda sevinclə əl çalın, axı bizim prezidentimiz böyük İlham babadır” şeiri öyrədilir. Bunu oxuyanda dəhşətə gəlirsən. Valideynləri Lenin baba haqqında, bizi Heydər baba haqqında nağıllarla doyururdular, indi övladlarımızı İlham baba haqqında cəfəngiyyatla bəsləyirlər, yəqin ki nəvələrimizə də Leyla nənə haqqında danışacaqlar. Çox təəssüf... Contact.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?