Uzun müddətdir vidalaşmaq istəyən Hafiz Məmmədov nəhayət ortağına qarşı kampaniyanın gedişində oyundan çıxdı, biznesini risk altında qoymadı; “Bank of Azerbaijan”la “Topaz” qarşıdurması da köhnə şəriklərin amansız savaşının əlamətidir. Azərbaycanın iqtisadi hakimiyyəti daxilində zəlzələ kim hadisə baş verib. Ölkənin iqtisadi rıçaqlarından birini öz əlində cəmləşdirib saxlamağı bacaran nəqliyyat naziri ağır zərbə alıb. Ziya Məmmədov günbəgün ətrafında daralan halqanın ən dirənmiş dalanına çatıb. Hələ rəsmən təsdiqlənməyən və lakin yaxın günlərdə üzə çıxacağı şübhə doğurmayan proseslər yaşanıb.
Arxa çevirmək, yoxsa...?
Ziya Məmmədovla iş adamı, “Hafka” ləqəbli Hafiz Məmmədovun yolları ayrılıb. Bu özəl və qeyri-rəsmi məlumat mötəbər qaynaqlardan “Gündəm-xəbər”ə sızdırılıb. Xəbərin səhihliyinə şübhə belə olmadığını deyən mənbəmiz qeyd edir ki, “Hafka” şəriki ilə vidalaşıb və Məmmədovlar ailəsinin başı üzərindəki “Domokl qılıncı”nın necə fırlandığını görür. H.Məmmədov Z.Məmmədov klanı ilə iqtisadi bazarlığını dayandırıb və onların arasında qeyri-rəsmi söhbətdə münasibətlərə son qoyulub. “Hafka” biznesinin risk altında qoymaq istəmədiyini, prezidentin qəzəbinə tuş gəlmək niyyətində olmadığını və yarı yolda onu buraxmaq məcburiyyətində qaldığını söyləyib. Mənbəmiz iddia edir ki, “Hafka” Məmmədovların başı üzərində dolaşan qara buludların çoxalmasından əndişələnib. Ona görə də qərara alınıb ki, biznes ortaqlığına son qoyulsun. Mənbə iddia edir ki, Ziya Məmmədov möhkəm hirslənib və bu qərarı gözlənilməz hadisə kimi dəyərləndirib. Bununla belə tərəflər arasında razılıq əldə olunub ki, müvəqqəti olaraq münasibətlər dayandırılsın. Çünki bu həm də nazirin “Hafka”nın nəzarətindəki biznesini qorumaq, sığortalamaq üçün əlverişli imkandır. Nazir biznesinin onun adı altında idarə etməyin daha asan olduğunu başa düşüb. Odur ki, indiki şəraitdə yolların ayrılması qane edir. Amma proseslərin hara qədər irəliləyə biləcəyi də qeyri-müəyyən olaraq qalır. Ola bilsin ki, nazirin tamamilə hakimiyyətdən uzaqlaşdırılması reallaşsın. Bu halda “Hafka” ilə ayrılan yollar rəsmən bitəcək. Artıq tərəflər arasında münasibətlərin kəsildiyini təsdiqləyən faktlar da var. Bu barədə az sonra... Amma bir mühüm detalı nəzərinizə çatdırmaq vacibdir ki, Ziya Məmmədov “Hafka” ilə yollarının ayrılmasından narahatdır. Nazir belə qənaətə gəlib ki, artıq ən yaxın dostu belə onun istefaya göndəriləcəyindən xəbərdardır və belə situasiyada ona arxa çevirir.
“Topaz”ın dizi yerə qoyuldu
Nazir şübhələnməyə başlayıb ki, hakimiyyətin ən yuxarı və məxfi dairələrində özü ilə bağlı mühüm müzakirələr gedir və yaxın ətrafına da təlimat verilib ki, ondan uzaqlaşsınlar. Hafiz Məmmədov da böyük maliyyə resursları, bankı, futbol klubları, biznes imkanları geniş olan bir iş adamıdır. O, siyasi proseslərdə bilavasitə iştirak etmir və heç də istəməz ki, biznesi təhlükə altına düşsün. Ondan başqa, “Hafka” kifayət qədər təcrübəli və siyasi hakimiyyətdə əlaqələrə malik biznesmendir. Onun Ziya Məmmədovla yolları ayrılması ilə heç də hər şeyi itirmiş sayılmır. Hökumətin bir başqa qanadında çətir altına girə bilər, imkanlarını genişləndirər. Ara yerdə nəqliyyat nazirinin “torbası tikilir” və bu iqtisadi rəqabətin piramidasında zəlzələ kimi bir hadisədir. Hər halda Ziya Məmmədov ən yaxın tərəfdaşını itirməklə böyük güc yanından qopmuş olur. Mənbənin iddialarına görə, bu məsələni rəsmən kimsə təsdiqləməz: “Ancaq reallıq bundan ibarətdir ki, Ziya Məmmədovla Hafiz Məmmədov görüşüblər, ikinci birincinin diqqətinə çatdırıb ki, vəziyyət ağırdır, gərginlik var, onu nazir vəzifəsindən kənarlaşdıracaqları halda biznesi də təhlükə altına düşə bilər”. O ki qaldı bu xəbərin təsdiqləyən məqamlara göz qabağında “Topaz” var. Belə ki, “Bank of Azerbaijan”ın sahibi olan Hafiz Məmmədovla mərc oyunlarının təşkilini həyata keçirən Topaz arasında ciddi problem yaranıb.
“Axırıncı aşırım” və baş bankirin təsdiqi
Topaz-dakı mənbədən daxil olan məlumata görə, problemin yaranma səbəbi “Bank of Azerbaijan”ın düşdüyü maliyyə böhranıdır. Topaz yarandığı gündən “Bank of Azerbaijan”ın özünə rəsmi tərəfdaş seçib və bütün maliyyə əməliyyatları məhz bu bank tərəfindən aparılıb. Topaz məntəqələrinin yaradılması üçün tələb olunan depozitlər və gündəlik yığılan mərc vəsaiti “Bank of Azerbaijan”da toplanıb, uduşlar bu bank tərəfindən təqdim olunub. Lakin “Bank of Azerbaijan”ın düşdüyü vəziyyət Topaz-ın maliyyə tələblərini qarşılamağa imkan verməyib və nəticədə bankın külli miqdarda borcu yaranıb. Topaz uzun müzakirə və mübahisələrdən sonra “Bank of Azerbaijan”la əməkdaşlığa son qoymaq qərarına gəlib. Hazırda maliyyə əməliyyatlarını “Yapıkredi Bank” vasitəsilə həyata keçirən Topaz “Bank of Azerbaijan”da yığılıb qalmış vəsaiti geri ala bilmir. Borcun hansı məbləği əhatə etdiyi hələlik açıqlanmır, lakin Hafiz Məmmədovla Topaz arasında qarşıdurmanın getdikcə daha da dərinləşməsi, vəsaitin külli miqdarda olduğunu təsdiqləyir. Topaz hələlik məsələni hüquqi müstəvidə həll etməyə tələsmir. Lakin problem daha da dərinləşərsə, Hafiz Məmmədova qarşı rəsmi pul iddialarının ortaya çıxacağı qaçılmaz olacaq. “Bank of Azerbaijan”da maliyyə problemi yarandığını Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov da təsdiqləyib. “Topaz” məntəqələri isə heç kimə sirr deyil ki, Ziya Məmmədov və oğlunun kurasiyasındadır.
“Hafka” nədən narazıdır?
Mənbə iddia edir ki, hələ bir müddət əvvəldən Ziya Məmmədovun Hafiz Məmmədovla arası dəyib. İndisə narazılıq pik həddə çatıb. Hafiz Məmmədov uzun müddətdir ki, Ziya Məmmədovla biznes tərəfdaşlığına son vermək istəyir. Artıq bir çox sahələrdə onların biznes şərikliyinə son qoyulub. Bir müddət öncə, iflasa uğrayan, Ziya Məmmədova məxsus “Bank of Azərbaycan” bankında onların biznes şərikliyinə son verildi. Belə ki, Hafiz Məmmədov dövr edən pullarını bankdan çıxarmaqla “Bank of Azərbaycan”ın iflasına səbəbkar oldu. “Transqeyt” şirkətində də, təsisçi Hafiz Məmmədov olsa da, icraçı direktor Ziya Məmmədovun oğlu Anar Məmmədov idi. Nazirlər Kabinetinin son qərarı ilə bu şirkətin də artıq iflasa uğradığını demək olar”. Mənbə bildirir ki, Ziya Məmmədovla Hafiz Məmmədov arasında narazılıqlardan biri də "Hafka"nın prezident olduğu “Bakı” futbol klubunda nazirin oğlu Anar Məmmədovun fəxri prezident olmasıdır. Nazir oğlunun mütəmadi olaraq klubun işlərinə müdaxilə etdiyini deyən mənbənin sözlərinə görə, futboldan kifayət qədər başı çıxan Hafiz Məmmədov bunu xoşlamır. Ziya Məmmədovun “vurulacağı” təqdirdə Hafiz Məmmədovun nazirlə bütün biznes əlaqələrinə tamamilə son verəcəyi gözləniləndir. Bu həm də onu deməyə əsas verir ki, nazirin əsas maliyyə qaynaqlarından sayılan paytaxtda sərnişin daşınmasının təşkili funksiyasının Bakı şəhər İcra Hakimiyyətinə verilməsi ilə başlanan proses davam etdirilməkdədir.
Məmmədovlara hücum güclənir
Nazirlər Kabinetinin 14 aprel 2014-cü il qərarını xatırladan mənbə bildirir ki, həmin qərara kimi, Paytaxtda sərnişin daşınması nəqliyyat naziri Ziya Məmmədova məxsus “Transqeyt” şirkətinin monopoliyasında olub. Bununla da Ziya Məmmədovun çox önəmli maliyyə qaynaqlarından biri əlindən alınıb. Bundan başqa, bir müddət öncə, Bakı yollarının təmir-bərpası funksiyası da Nəqliyyat Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə verilmişdi. Son dövrlər mətbuatda Ziya Məmmədovun yaxın qohumlarının bahalı avtomobillərlə, olduqca dəbdəbəli həyat şəraiti ilə gündəmə gəlmələri nazirin mövqelərini xeyli dərəcədə zəiflədib. Hakimiyyətin yuxarı pillələrində prezident İlham Əliyevin “qudurğan məmur balaları”na barmaq silkələməsinə baxmayaraq , məsələn, Ziya Məmmədovun qardaşı deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun bahalı avtomobillərlə ötüş yarışına çıxmasını qəzəblə qarşılayırlar. Ziya Məmmədov üçün karyerasının ən kritik dövrü olduğunu bildirən mənbənin sözlərinə görə, nazirin biznesinə əl qoyulması sonda onun vəzifəsini itirməsi ilə nəticələnə bilər. Hər zaman məmur oliqarxlar işdən azad olunmazdan öncə, onların biznes sahələrinə əl qoyulur. Bu yolla onlar zərərsizləşdirilir. Mümkündür ki, “Hafka”nın onunla yollarını ayırması Ziya Məmmədovun zəiflədilməsinə hesablanıb. Hakimiyyət heç zaman öz kadrını birdəfəlik sıradan çıxarmır. Nəzərə almaq lazımdır ki, Ziya Məmmədov da zəif fiqur deyil.
“Baglan”la bağlanan yollar
Bir məsələni də yada salmaq lazımdır ki, köhnə şəriklərin yollarının rəsmən ayrılması çıraq salsın. Söhbət ondan gedir ki, Ziya Məmmədovun ən böyük partnyoru “Baghlan” şirkətlər qrupudur. Bakıdakı beynəlxalq avtobus vağzalının tikintisi, London taksilərinin alınıb Azərbaycan paytaxtına gətirilməsi, magistral yolların çəkilişini bu şirkət həyata keçirib. “Baghlan Group FZCO” holdinqini 2007-ci ildə Birləşmiş Ərəb Əmirliklərində Hafiz Məmmədov yaradıb. Soyadları eyni olsa da, Hafiz Məmmədovla Ziya Məmmədovun hər hansı qohumluq əlaqəsinə dair sübut yoxdur. İndi isə qarşıdakı aylardan etibarən Hafiz Məmmədovun şirkətlər qrupuna sifariş edilməli olan iri layihələrin icrasının məhz “Garant Holdinq”ə yönəldiləcəyi iddia edilir. Bu, daha çox Hafiz Məmmədovun ortaqlıq xaricində bir çox addımları ilə izah edilir. Məsələn, onun Fransada tanınmış klublardan birinə sponsorluq etməyə başlayarkən öz şərikləri ilə məsləhətləşmədiyi bildirilir. Hər halda yayılan iddialar bundan ibarətdir. Amma onların nə qədər həqiqətə uyğun olub-olmadığını demək çətindir. Bunu yəqin ki, qarşıdakı dövrdə daha əminliklə söyləmək mümkün olacaq. Və bütün bu xəbərlərin yayılma sürəti, arealı və genişlənməsi bir məsələyə diqqət çəkir - Məmmədovlar hakimiyyətdə olduğu dövr ərzində heç vaxt görmədiyi hücumlarla üzə-üzə qalıb. Bu ailə sağdan-soldan hücumlarla üzləşib. Hakimiyyət daxilində bütöv bir qüvvə onlara qarşı birləşib. Açıq-aşkar savaş gedir. Rafiq QARA
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?