Ramin Məhəmmədoğlu: Hətta öz hüquqşünasının belə KİA Servisdəki hüquqpozmalara don geyindirməyə gücü çatmır
İzləyicilərimizə saytımızın rəhbəri Ramin Məhəmmədoğlunun rastlaşdığı olaydan - istifadə etdiyi KİA Servis Mərkəzində qiymətlərin necə “şişirdilməsindən” bəhs edən “Səlahiyyətli KİA Servis Mərkəzlərində qiymət siyasəti necə tənzimlənir?” sərlövhəli tənqidi məqaləmizi xatırlatmaq istəyirik. Oxucularımız sırasına yeni qatılanlara məlum edirik ki, R.Məhəmmədoğlu yarım il əvvəl şəxsi “KİA Cerato” avtomobili ilə avtoqəzaya düşmüşdü. İdarə etdiyi avtomobil ATASIĞORTA şirkəti tərəfindən “kasko” sığorta olunduğundan, hadisə zamanı sığorta ekspertləri tərəfindən baxış keçirilmiş və avtomobilə dəymiş zərər 11250 (on bir min iki yüz əlli) manat hesablanaraq, avtomobilin təmiri üçün bank hesabına yatırılmışdır. Bundan sonra avtomobil Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bəşir Bünyadov küçəsi-11 ünvanda yerləşən KİA Servis Mərkəzinə təmirə verilmişdir. Lakin üstündən xeyli müddət keçsə də, avtomobilin təmiri dayandırılmışdır. Servis Mərkəzi avtomobil sahibindən ehtiyat hissələri üçün 3 (üç) min manat, xidmət üçün daha 3 (üç) min manat əlavə tələb etmişdir. Buradan aydın görünür ki, KİA Servis Mərkəzi təmir xidməti üçün təzə avtomobilin qiymətini tələb edir. Çünki sözügedən avtomobilin hazırki satış qiyməti 17 min 800 manatdır. Təmir üçün ödənilən 11 min 250 manata sonradan tələb olunan 6 (altı) min manatı əlavə edəndə, təxminən elə o qədər alınır.
Bu mövzuda tənqidi məqalə ilə çıxış etmiş Cümhuriyyət.az saytının apardığı araşdırmaların nəticələrinə görə, Servis Mərkəzində təmir zamanı qiymətləndirmə açıq olur və bu, sığorta şirkəti ilə razılaşdırılır. Bu halda, əmlakın dəyəri müştəriyə bəlli olur. Amma bu “şəffaflıq” heç də bizim anladığımız, hər kəsi məmnun edən şəffaflıqdan deyil. Ona görə ki, qiymətləndirmədən öncə qiymətləndirici təşkilatlarla servis arasında separat anlaşma əldə olunur. Bu anlaşmaya görə, əmlak real dəyərindən ən pis halda iki dəfə çox qiymətləndirilir. Bu prosesin başında isə məhz Servisin təmir üzrə direktoru Mustafa Şaplı durur.
Sonda qeyd edək ki, “sığorta şirkətinin tərtib etdiyi “Qüsur aktı” ilə Mustafa bəyin tələbi arasında bunca kəskin fərqin necə yaranmasına açıqlama verməsi üçün KİA Servis Mərkəzinin hüquqşünası ilə fikir mübadiləsi aparmaq üçün görüş təyin etmişdik. Lakin hüquqşünas vədinə xilaf çıxaraq, həmin vaxt görüşə gələ bilmədi. Başa düşüləndir: Şefinin qol qoyduğu hüquq pozuntusunu müdafiə etməyə hüququ bilgiyi çatmır əlbət.
R.Məhəmmədoğlu məhkəməyə və ölkə başçısına müraciət etməkdə qərarlıdır. Məhkəməyə öz haqqı üçün, Prezidentə isə aldadılmış və aldadıla biləcək KİA Servis Xidməti istifadəçiləri üçün.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?