Hikmət Hacıyev: "Ermənistan və separatçı rejimin "viza"ların heç bir hüquqi gücü ola bilməz"
Sentyabrın 21-də Bizimyol.info Ermənistan işğal etdiyi Azərbaycan torpağı olan Dağlıq Qarabağa viza verməsi ilə bağlı xəbər vermişdi. Saleh Nasirov adlı istifadəçi öz "facebook" profilində bununla bağlı şəkil paylaşıb. Ermənistanın verdiyi "Viza"nın qiyməti 4 avrodur. Qeyd edək ki, bu hal beynəlxalq hüququn əsas prinsiplərinin pozulması ilə yanaşı yerli qanunvericiliyə də ziddir. Hazırda Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş icazəsi olmayan bütün ölkələrin vətəndaşları ölkəmizə gələndə viza almalıdırlar. Bu, Azərbaycanın bütün əraziləri üçün, eləcə də işğalda olan ərazilərimiz üçün keçərlidir. Ermənistanın Dağlıq Qarabağa viza verməsi isə Azərbaycan suverenliyinə qəsddir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Bizimyol.info-ya açıqlamasında bildirdi ki, Ermənistan işğalçı və təcaüzkar dövlətdir. O, Ermənistanın beynəlxalq hüquqa görə məsuliyyət daşıdığını qeyd etdi: "Əvvəllərdə bizdə Ermənistan tərəfindən yaradılmış qondarma Dağlıq Qarabağ rejimi və onun tərəfindən hər hansı viza fəaliyyətinin göstərilməsi kimi məlumatlar var idi. Çox məhdud bir miqyasda bu kimi fəaliyyətlərini davam etdirirlər. Təcrübə göstərir ki, Ermənistanın viza rejimində iştirak edən, ora səfər edən şəxslər Ermənistan diasporası ilə əlaqəli olanlardır. Bu məsələ bizim diqqətimizdədir, daimi şəkildə izləyirik. Beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət çərçivəsində bu məsələlər qaldırılır".
H.Hacıyev deyir ki, Azərbaycanın işğal olunmuş ərazilərinə ölkəmizin razılığı olmadan kiminsə səfər etməsi Azərbaycan Respublikası Qanunvericiliyinin pozulması deməkdir: "Azərbaycanın işğal olunmuş ərazilərinə viza vermək səlahiyyəti nə Ermənistanda, nə də Qondarma Dağlıq Qarabağ respublikasında var. Ermənistan işğalçı dövlətdir. Onlar tərəfindən verilən "viza"ların heç bir hüquqi gücü ola bilməz".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?