1993 – 2015, iyirmi il keçdi, amma ehtiyatda olan kontingentin səfərbərlik üzrə çağrılmasında nə dəyişdi?
Ölkə üzrə hazırlıq Müdafiə Nazirliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir çox ayıblarını aşkarladı
Ötən ilin avqust ayında cəbhə bölgəsində baş vermiş hadisələrə rəğmən ölkə başçısı müvafiq fərman imzaladı. Həmin fərmanda hərbi sirrin yayılmaması məqsədilə jurnalistlərə bu yönümdə məlumat yaymağa bir növ qadağa qoyuldu. Yalnız Müdafiə nazirliyi mətbuat xidmətinin hazırladığı rəsmi məlumatlara istinadən yazılar hazırlamaqdan başqa çarəsi qalmayan əksər qələm əhli, demək olar ki, bu mövzuya toxunmamaq qərarı ilə kifayətlənməli oldular. Çünki rəsmi məlumatların inandırıcı olmadığı qənaətindədirlər. Heç kimə sirr deyil ki, sağlam tənqidə dirəniş göstərməkdənsə nəticə çıxarmaq daha faydalıdır. Məhz inkişaf da elə bu yönümdədir. Amma təəssüflər olsun ki, müstəqilliyimizin dörddə bir əsrə yaxın yaşı olmasına baxmayaraq hələ də sağlam tənqidlə qərəzli yazışmanı qarışdıranlar kifayət qədərdir. Amma qələm xalqa, dövlətə xidmət göstərdiyindən rastımıza çıxan yarıtmazlıqları qabartmalıyıq ki, bəlkə nəticə çıxardıb aradan qaldıran olsun. Həm də ölkənin müdafiəsi məsələsində susub göz yummaq ən azından vətəndaşlıq prinsiplərinə yaddır. Son yarım ilə yaxın bir dövrdə ölkə başçısının hərbi hazırlığı xüsusilə diqqət mərkəzinə aldığı müşahidə olunur. (Düzdür, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ötən illərdə də ordununu müasir silah və texnika ilə təhcizatına xüsusi diqqət yetirirdi. Amma Tərtərin Qapanlı kəndi yaxınlığında müdafiə mövqeyində duran altı əsgərin erməni kəşfiyyatı tərəfindən öldürülməsi hadisəsi ilə bağlı Ağdam cəbhə bölgəsinə səfərindən sonra şəxsi heyətin hazırlığını əsas prioritet olaraq hədəfə götürdü). Bu ötən ilin avqust hadisələrindən sonra avqust və oktyabr aylarında həyata keçirilən müvafiq tədbirlərdən göründüyü kimi ölkənin müdafiəsinin gücləndirilməsinə hesablanıb. Ayın ilk günlərindən birində ölkə üzrə hazırlıq siqnalı verildi. Plana görə Müdafiə Nazirliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları bir sutka ərzində ehtiyatda olan beş min nəfər zabit və on beş min nəfər çavuş, əsgər olmaqla, cəmi iyirmi min nəfər şəxsi heyət toplamalı idi. Plan gecə saatlarında elan olunmuşdu və rayon, şəhər icra strukturları bu barədə xəbərdarlıq almışdı. Odur ki, ehtiyatda olan kontingentin toplanmasında heç bir problem yaranmamalıydı.
Heç yaranmamadı da.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbələrinin əməkdaşları çağırış üçün qeydiyyatda olan şəxsi heyəti telefon vasitəsilə xəbərdar etdikdən sonra çağrılanlar maksimum qısa müddətdə deyilən ünvana toplandılar. Adətən hərbi toplanışlar ölkənin böyük poleqonlarında həyata keçirilir. Həmin poleqonlarda çadırlar qurulur, səhra mətbəxləri işə salınır, isti çay, heç olmasa yarma sıyığı hazırlanır. Çağrılan kontingenti qəbul edəcək daimi zabit heyəti müvafiq sənədlərlə gələnləri qarşılayır, ştat-vəzifə kitablarında qeydiyyat aparır və ən azından tağım formalaşan kimi əsaslı təlim-hazırlıq işlərinə start verilir.
Nədənsə bu dəfəki toplantıya ölkənin ikinci dərəcəli şəhərdə yerləşən iki hərbi hissənin daimi dislokasiya yerində start verildi. Şəxsi heyəti qəbul etmək üçün nə kazarmalarda yer hazırlanmışdı, nə də çadırlar qurulmuşdu. İsti çay, ucuz sıyıqlardan söhbət belə getmirdi. Yeni taborlar komplektləşdirmək üçün ayrılan bir zabit və cəmisi bir neçə ay əvvəl müddətdən artıq xidmətə qəbul olunmuş çavuşlar, belə bir əməliyyatın keçirilməsi üçün ümumiyyətlə təlimatlandırılmamışdılar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılanda hərbi komissarlıqların ləğv olunaraq yerində tam yeni bir qurumun yaradılacağına inanmayanlar az deyildi. Bu toplantı bir daha sübut etdi ki, yuxarılarda nə baş verir-versin, hansı dəyişikliklər olur-olsun, rayon təşkilatları hərbi komissarlıq sistemində işlədikləri kimi öz işlərinə davam etməkdədirlər. Belə ki, lazım olandan artıq adam çağırıldığına onlar heç bir ad verə bilmirdilər. Onların saxtakarlığını elə keçmiş kolleqaları, hazırda Müdafiə nazirliyində çalışan zabitlər üzə çıxartdılar. Çağırış planına əsasən iki siyahı tərtib edilir. Birinci siyahıya əsas heyət, ikinci siyahıya isə ehtiyat heyət daxil olunur. Komandada əsas heyətin çağıldığı göstərilsə də kimlərisə ört-basdır etmək üçün ehtiyat heyəti çağıran əməkdaşlar dərhal ifşa olundu və həmin, qanundankənar çağrılanlar geri qaytarıldılar. Bu bir daha onu göstərdi ki, ad dəyişməklə qurum yenilənməyib. Rayon Hərbi Komissarlıqları öz işlərini və köhnə əməllərini davam etdirməkdədirlər.
Müdafiə Nazirliyinə gəlincə yaşanan acınacaqlı vəziyyət yalnız təəssüf hissiylə müşahidə olunur. Müstəqil Azərbaycan Ordusunun yaranışının 1991-ci ildən bəri olması ilə kifayətlənməyən yüksək rütbəli mənsəb sahibləri yəqin ki, bir neçə ildən sonra yüz illik yubiley hazırlıqlarına start verəcəklər. Amma təəssüf hissiylə qeyd etmək istərdim ki, ehtiyatdan çağrılan kontingentin qəbul edilməsi, bölüşdürülməsi və bölmələrin komplektləşdirilməsi ilə məşğul olan zabit heyətinin hazırlığı heç də 1993-cü ildə Elçibəy hökumətinin dövründə poleqonlarda bu işi həyata keçirən heyətin səviyyəsindən yüksək deyildir. Hətta qeyd etmək yerinə düşərdi ki, 1993-cü ilin noyabr ayında o vaxtkı ölkə başçısı Heydər Əliyevin xalqa müraciətindən sonra bu tədbir daha yüksək səviyyədə təşkil olunmuşdu.
On iki saat müddətində cəmi bir bölmə (fərq etməzdi, hansı bölmə olurdusa olsun) komplektləşdirə bilməyən Müdafiə Nazirliyidən ayrılmış iyirmiyədək yüksək rütbəli zabitə təlimin sonunda nə qiymət verəcəklər, deyə bilmərəm. Ancaq onu bilirəm ki, onlarda heç bir vətənpərvərlik, döyüş əhval-ruhiyəsi olmadığından çağrılan kontingent gəldiklərinə peşmançılıq hissi keçirə bilərdilər. Hərbi hissə komandiri də daxil olmaqla növbə ilə üç-üç düzülüş önünə, tribunaya qalxan zabitlər nəinki kütləni idarə etmək iqtidarında deyildilər, onların nə isə iş aparmağa nə savadı, nə də bacarıqları çatmırdı. Həyatın müxtəlif sahələrində çalışan bir vaxtlar döyüşlərdə iştirak etmiş zabit və ən azından döyüş bölgəsində xidmət keçmiş çavuş, əsgər heyətinin başını “Məlikməmməd” nağılı ilə qatmaq isə indi qeyri mümkündür. Başqa söz tapa bilməyən yüksək rütbəlilərin tez-tez tribunada bir-birlərini dəyişməsi isə heç nəyi dəyişmədi. Hətta toplantı yerinə gələn general-leytenant Kərim Vəliyev tribunaya qalxıb çağırılan kontingenti salamlamadan ərazini tərk etdi.
Əlbəttə ki, cəmisi bir gündə ölkənin müdafiəsinə cavabdeh olan iki böyük qurumun işində yol verilmiş nöqsan və qüsurları, çatışmaz və yarıtmazlıqları sadalamaqla bir az da uzatmaq olar. Amma buna ehtiyac yoxdur, çünki qeyd olunanlar kifayət qədər ciddi nöqsanlardır. Son olaraq bir məqama diqqət çəkmək istəyirəm.
Ötən ilin avqust hadisələrində ölkə başçısı Azərbaycan – Ermənistan cəbhə xəttinin mərkəzində yerləşən Ordu Korpusunun tabeçiliyində olan hərbi hissələrin döyüş hazırlığı ilə tanış olduqdan sonra Ağdam ərazisində müşavirə keçirdi. Həmin müşavirədə səsləndirdiyi bəyənatlardan ən üstünü onun Qarabağ müharibəsi veteranları barədə dedikləri oldu. Qarabağ savaşının birinci mərhələsində iştirak edənlərin əksəriyyəti dərhal vəziyyəti başa düşdü. Cəbhə bölgəsində yerləşən Ordunun hazırlığından tam razı qalmayan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev müharibə veteranlarına arxalanır. Bu birmənalı aksiomadır və şərhinə ehtiyac duyulmur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?