Keçmiş kontor rəisindən sərt ittihamlar: “Mənim işdən azad olunmağım üçün Nəqliyyat naziri Ziya Məmmədovun adından istifadə edib məcburi ərizə aldılar”
Ölkənin bəlkə də ən çox vəsait ayrılan, investisiya yatırılan sahələrindən biri olmasına baxmayaraq nəqliyyat sektorunun problemləri bitmək bilmir. Uzun illər ən çox korrupsiyalaşmış bir sahə kimi tənqid obyektinə çevrilən, yüz milyonlarla vəsaitin dövr etdiyi bu sektor son zamanlar yenidən diqqət mərkəzinə gəlib. Xatırladaq ki, bu ilin fevral ayının 9-da prezident İlham Əliyevin sərəncamı ilə Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətə sədr təyin olundu. Buna qədər həmin vəzifədə olan Arif Əsgərov isə Nəqliyyat Nazirinin müavini postuna gətirildi.
Təbii ki, baş verən kadr dəyişiklikləri yeni müzakirələrə meydan açdı. “Azərbaycan Dəmir Yolları” QSC uzun illər medianın tənqid obyekti olan qurumlardan biri olub. Təkcə 2005-2011-ci illərdə QSC-yə Dövlət İnvestisiya Proqramı çərçivəsində 642 milyon 149 min manat sərmayə yatırılıb. Digər məlumatlara əsasən, xarici kredit təşkilatlarından QSC-yə ayrılan vəsait 2 milyard dollara yaxındır. Lakin, başgicəlləndirən bu ciddi rəqəmlərə baxmayaraq ölkənin dəmir yolları sistemində vəziyyət acınacaqlı durumda olub. Bütün bunların isə son kadr dəyişikliklərindən sonra xüsusilə araşdırıldığı, yeni tükürpədici faktların ortaya çıxdığı bildirilir. Məlumatlara görə, vəzifəyə yeni təyinat alan Cavid Qurbanov tərəfindən aparılan yoxlamalar nəticəsində dəmir yolları sistemində vəziyyətin ağır olduğu üzə çıxıb. Məlum olub ki, müstəqillik illərində Azərbaycan nə yeni elektrovoz alıb, nə də köhnə vaqon parkı yenilənib. Həmçinin hər il milyonlarla vəsait ayrılmasına baxmayaraq, dəmir yolları xətləri də bərbad vəziyyətdədir. Ölkənin dəmir yolu parkında olan vaqonların ötən əsrin 60-70, ən yaxşı halda isə 80-ci illərdə istehsal olunmuş vaqonlardan ibarət olduğu üzə çıxıb. Bütün bunlar isə uzun illər ərzində “Azərbaycan Dəmir Yolları” QSC-də müdhiş korrupsiyanın tüğyan etdiyindən xəbər verir. Məlumatlara əsasən, bu sahə ən üst səviyyədə diqqətə götürülüb və faktların ciddi araşdırılmasına göstəriş verilib.
Uzun müddət “Azərbaycan Dəmir Yolları” QSC-nin Yük Daşımaları Departamenti Xırdalan stansiyasında yük kontorunun rəisi vəzifəsində işləmiş Hüseynov Əliağa Qaraca oğlunun ölkə prezidenti İlham Əliyevə ünvanladığı müraciətdə ciddi ittihamlar yer alıb. Müraciətdə əsassız kadr dəyişiklikləri, eləcə də digər qanunsuzluqlar barəsində ətraflı bəhs olunur.
Ə. Hüseynov bildirir ki, 20 dekabr 2011-ci ildən 1 dekabr 2014-cü il tarixinə kimi “Azərbaycan Dəmir Yolları” QSC-nin Yük Daşımaları Departamenti Xırdalan stansiyasında yük kontorunun rəisi vəzifəsində işləyib. Lakin, QSC Daxili Audit Şöbəsinin auditoru Müzəffər Əsədov və Xırdalan stansiyasının yeni təyin olunan rəisi Vüsal Eminov tərəfindən qanunsuz olaraq işdən azad edildiyini bildirən müraciət müəllifi maraqlı faktlar açıqlayıb.
“28 noyabr 2014-cü il tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin Daxili Audit şöbəsinin auditoru Müzəffər Əsədov və Xırdalan stansiyasına 3 gün əvvəl rəis təyin olunmuş Vüsal Eminov iş otağıma gələrək məndə olan ciddi hesab
blanklarını təhvil verməyimi tələb etdilər. Bunun səbəbini soruşanda isə bildirdilər ki, bizə tapşırıq belə verilib, işdən çıxmağın haqqında ərizəni də yazmalısan.
Bundan sonra onlar heç bir əsas göstərmədən məndən otaqda olan ciddi hesab blanklarını təhvil verməyim üçün imza atmağımı tələb etdilər. Mən onlardan işdən çıxarılmağımın səbəblərini, ərizəni kimin istədiyini soruşanda cavab verdilər ki, bütün bunlar nazir Ziya Məmmədovun tapşırığıdır. Bu sözlərdən sonra akta imza etdim və 1 dekabr 2014-cü il tarixdən işdən çıxmağım haqqında ərizəni yazıb verdim.
Ə. Hüseynov müraciətində bildirir ki, heç bir ciddi səbəb göstərmədən-onun ərizəsi əsasında, yaxud QSC-nin əmri əsasında olduğu əsaslandırılmadan təhvil-təslim aktı yazılıb və ciddi hesab blankları alınıb. Lakin, onun işdən çıxarılmasından sonra daha maraqlı hadisələr baş verib.
Belə ki, işdən azad olunduqdan 2 gün sonra Ə. Hüseynov əvvəlki ərizəsinin etibarsız sayılması və yenidən işə qayıtması tələbi ilə stansiya rəisi Vüsal Eminova müraciət edir. Ərizəni qəbul edən V.Eminov ondan əvvəlki işinə davam etməsini bildirib.
“Bundan sonra mən dekabr ayının 15-nə qədər öz işimdə işlədim və bu müddət ərzində 122 ədəd xidmətlərə görə yığım qəbzi (QU-57) yazıb 28 min 859 manat 37 qəpik pul qəbul etmişəm. Bütün bunlardan sonra 2015-ci ilin yanvar ayının 10-na qədər stansiya rəisi Vüsal Eminovun göstərişi ilə əmrsiz işlədim və rəis mənə bildirdi ki, sənə kassada başqa iş verəcəyəm”.
Maraqlıdır ki, “öz ərizəsinə əsasən” işdən azad olunmuş şəxsə sonradan 15 gün müddətində yenidən öz səlahiyyətlərindən istifadə etməyə imkan verilib. Ə. Hüseynov müraciətində bunun səbəblərini aydınlaşdırmağa çalışır:
“ Əgər 1 dekabr 2014-cü il tarixindən işdən azad olunmuşdumsa 15 dekabr 2014-cü il tarixə kimi kassaya aid olan bütün sənədləri, kassa mədaxil orderlərini, həmin dövrün yaddaş vərəqələrinin hesablanmasını, yük alan-yük göndərən təşkilatlarla hesablamaların aparılmasını mənə hansı səlahiyyətlərlə etibar etmişdilər”?
Müraciət müəllifinin sözlərinə görə “Azərbaycan Dəmir Yolları” QSC-nin Daxili Audit şöbəsinin auditoru Əşrəf Məmmədəliyev belə “kadr islahatlarından” dəfələrlə istifadə edib. “Əşrəf Məmmədəliyev 2014-cü ilin noyabr ayında bir həftə ərzində heç bir əsas olmadan Vətəgə, İmişli və Xırdalan stansiyalarından 8 nəfərin işdən çıxarılması üçün ərizələrini məcburən almış, əmək müqavilələrinə xitam verdirmişdir. Həmin şəxslər bu günə qədər də işsizdirlər”.
Ə. Məmmədəliyevin kadr dəyişiklikləri zamanı qohumlarına, öz yaxın çevrəsinə üstünlük verdiyini bildirən Ə. Hüseynov Xırdalan stansiyasında qohumlardan ibarət bir kollektivin formalaşdırıldığını qeyd edir: “ Bu gün Əşrəd Məmmədəliyev hansı əsaslarla, kimlərin göstərişi ilə bir-birinə yaxın adamları-rəis müavinləri, xəzinədar və s. bir yerə toplayaraq Xırdalan stansiyasını onlara tapşırıb”.
Qanunsuz olaraq işdən azad olunduğu, konstutision hüquqlarının və əmək məcəlləsinin müddəalarının kobud şəkildə pozulduğunu bildirən Ə. Hüseynov ölkə başçısından yardım istəyir:
“ Azərbaycan Dəmir Yolları” QSC Yük Daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyev və Xırdalan stansiyasının rəisi Vüsal Eminov mənim işdən azad
olunmağım üçün Nəqliyyat naziri Ziya Məmmədovun adından istifadə edib məcburi ərizə almaları həm konstitusiyaya, həm Əmək Məcəlləsinə, həm də sizin göstərişlərinizə ziddir.
Cənab Prezident! Yuxarıda göstərdiyim faktlar əsasında 2015-ci ilin fevralın 12-də Nəqliyyat naziri Ziya Məmmədova, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova, QSC sədrinin 1-ci müavini Əlirza Süleymanova geniş məzmunlu ərizə ilə müraciət etmişəm. Həmin ərizələr tədbir görülməsi üçün Yük Daşımalar Departamentinə göndərilsə də bu günə qədər heç bir cavab verilməyib”.
Müraciətdən aydın olduğu kimi “Azərbaycan Dəmir Yolları” QSC-də aparılan kadr dəyişiklikləri zamanı müəmmalı hadisələr cərəyan edir. Kimlərisə vəzifədən azad etmək üçün Nəqliyyat naziri Ziya Məmmədovun adının hallandırılması maraqlı nüanslara yol açır. Məgər nazir hər hansı bir stansiya işçisini vəzifədən azad etmək üçün qeyri-rəsmi göstəriş verirmi, yoxsa sadəcə olaraq onun adından istifadə edərək işçiləri məcburi qaydada işdən çıxarırlar? İşdən azad olunmuş şəxslərə hansı əsaslarla rəsmi sənədlər, hesablaşma sənədləri etibar olunub? Yəqin ki, qeyd olunan bütün bu ciddi faktlar aidiyyatlı qurumlar tərəfindən araşdırılacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?