General-polkovnikin oğlu DYP əməkdaşının işdən çıxarılmasına səbəb oldu
Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Nəcməddin Sadıqovun oğlunu qayda pozuntusuna görə saxlayan polis işdən qovulub.
İşini itirən yol polisi Cavanşir Lətif oğlu Qasımov AzNews.az-a hadisənin təfərrüatını danışıb: “Gecə təxminən 01:00 radələri olardı, Mərdəkan-Buzovna yolunda içkili sürücülərlə bağlı reyd aparırdıq. Gördük ki, bir maşın manevr qaydasını pozdu, üstəlik işıqlı yolda uzaqvuran işıqdan istifadə edir. Saxlayanda təhlükəsizlik kəmərini də taxmadığını gördüm. Özümü təqdim etdim. Elə sözümü bitirməmiş mənə dedi ki, “nə istəyirsən əəə, nə düşmüsüz yenə yollara?” İş başında olduğumu xatırlatdım və qayda pozan sürücünü saxlamağın vəzifə borcum olduğunu bildirdim. Dedi ki, kəmər taxmamışam, yaxşı eləmişəm, küçük. Mən də ağsaqqal adama qarşı nalayiq sözlər işlətməyin ayıb olduğunu bildirdim. Bundan sonra o, bir az da özündən çıxdı, düşdü maşından, təkrarən məni təhqir etməyə başladı, ailəmi, anamı, atamı söydü. Üstümə hücum çəkdi, hətta məni ölümlə hədələdi, dedi ki, maşınla üstündən keçərəm. Amma yanımdakılar araya girdi, imkan vermədilər... Sonra avtomobilinə minib, sürdü getdi”.
Səhərisi işə gələn C.Qasımov Bakı şəhər Baş Polis İdarəsindən onu axtardıqlarını eşidib: “Sonra rəisimiz mənə dedi ki, sən neyləmisən, onun nömrəsinə baxmırsan ki? Niyə saxlamısan axı onu? Dedim ki, o vətəndaşdır, qayda pozuntusuna yol verib, mən də borcumu yerinə yetirib saxlamışam. Mənim kimi dövlətə, dövlətçiliyə sadiq, işinə məsuliyyətli və vicdanlı polisi işdən çıxardılar. Məcburiyyət qarşısında qalıb təqaüdə çıxdım. Vəzifəli şəxsin oğluyla nə mən bacardım, nə də qanun. Onun atası generaldır, mənim atam isə 2-ci qrup böyük vətən müharibəsi əlili. Mən nə edə bilərəm? Əlacım ona qaldı ki, ərizəmi yazıb təqaüdə çıxım”.
Cavanşir Qasımov bildirib ki, onu işindən edən şəxs Nəcməddin Sadıqovun kiçik oğlu Məmməd Sadıqovdur.
Məmməd Sadıqov Bakı Şəhər Vergilər Departamentinin rəis müavinidir. O, qayda pozuntusunu “10 NP 020” dövlət nömrə nişanlı “Range Rover” markalı maşınla törədib.
İyulun 9-da DYP-nin şöbə rəisi, polkovnik Vaqif Əsədov sözügedən polis əməkdaşının işdən çıxarıldığını təsdiqləyib. O, C.Qasımovun general oğlunu saxladığı üçün deyil, işində nöqsanlara yol verdiyi səbəbindən işindən azad olunduğunu bildirib.
Oxşar hadisə ötən gün Şamaxı rayonunda da baş verib. Məlumata görə, bu günlərdə Şamaxıya gedən Kərəm Həsənovun avtomobili yerli yol polisləri tərəfindən saxlanılıb. Komitə sədrini tanımayan polislər onunla kobud danışıb. Kərəm Həsənov yol polisləri barədə DİN rəhbərliyinə şikayət edib. Bundan sonra Şamaxının yol polis rəisi Mübariz Fətəliyev işdən çıxarılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?