"Beynəlxalq sülh və təhlükəsizliyə nail olunması üçün yalnız sülhməramlı əməliyyatlar kifayət etmir. Sülhməramlı əməliyyatlar adətən beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması hallarında mövcud problemə münasibətə bir cavabdır".
Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Sülhməramlılar Sammitində çıxışı zaman deyib.
Nazir vurğulayıb ki, sülhməramlı əməliyyatların əhəmiyyətini və töhfələrini kiçiltmədən biz daim xatırlamalıyıq ki, sülh və təhlükəsizliyin bərpası və qorunması üçün dövlətlər tərəfindən beynəlxalq hüquqdan irəli gələn öhdəliklərin, xüsusilə də dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərinə əməl etməsinin təmin olunması ilkin və öncül tələbdir: "Azərbaycan BMT-nin sülhməramlı əməliyyatlarını beynəlxalq sülh və təhlükəsizliyin saxlanılmasında önəmli mexanizmlərdən biri kimi dəstəkləyir. Qonşu Ermənistan tərəfindən hərbi təcavüz, işğal və etnik təmizləməyə məruz qalmış və digər münaqişələrin qonşuluğunda yerləşən bir dövlət kimi Azərbaycan beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri əsasında regionda və onun hüdudlarından kənarda davamlı sülh və təhlükəsizliyin yaradılmasına sadiqdir".
Nazir vurğulayıb ki, 1999-cu ildən Azərbaycan Kosovo, Əfqanıstan və İraqdakı sülhməramlı missiyaların hərbi heyətinə nəzərəçarpacaq dərəcədə töhfə verib: "Hazırda Azərbaycan NATO tərəfindən Əfqanıstanda həyata keçirilən "Qəti dəstək" əməliyyatında iştirak edir. Biz Azərbaycanda təlim təchizi təminatı da daxil olmaqla, BMT-nin sülhməramlı fəaliyyətlərini dəstəkləməkdə davam edəcəyik".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?