Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
gundemxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
"Son illərdə Sumqayıt şəhərində geniş abadlıq-quruculuq işləri aparılmış, o cümlədən şəhərin mərkəzi küçələrinin asfalt örtüyü, işıqlandırma sistemi yenilənmiş, parklar salınmış, çoxmənzilli binaların sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, lift təsərrüfatının yenidən qurulması sahəsində müəyyən işlər görülmüşdür.
Bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, şəhərin mənzil fonduna daxil olan 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?