Ölkədə qeyri-neft sənayesinin, sahibkarlığın inkişafı, həmçinin şəffaflığın, xüsusən də maliyyə sahəsində şəffaflığın artırılması, eləcə də ictimai nəzarət mexanizminin daha da fəallaşdırılması istiqamətində konkret addımlar atılır, mühüm sənədlər imzalanır. Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin sahələrdə konkret nəticələrin əldə olunması, fəaliyyət mexanizminin həyata keçirilməsi istiqamətində iki mühüm Fərman imzalayıb. Bunlar Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin və Apellyasiya Şurasının yaradılması haqqında fərmanlardır. Həmin fərmanlarda qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar müvafiq dövlət orqanları hansı addımları atacaq, yeni yaradılacaq qurumların fəaliyyət mexanizmi necə tənzimlənəcək, onların qarşısında duran əsas hədəflər hansılardır?
Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-nin "Günün nəbzi" proqramında bu və digər məsələlər barədə məlumat verib. Mövzunun aktuallığını nəzərə alaraq AZƏRTAC söhbətin əsas məqamlarını təqdim edir.
Aparıcının Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasının hansı zərurətdən irəli gəldiyini və bu qurumun qarşısına hansı hədəflərin qoyulduğu barədə sualını cavablandıran Prezidentin köməkçisi deyib ki, 2016-cı il başlayandan Azərbaycan Respublikasının Prezidenti bu vaxta qədər həyata keçirilən islahatları daha qətiyyətlə və daha sürətlə aparmaq istiqamətində tədbirlər görür. Təkcə yanvar ayında bu istiqamətdə bir neçə qanun, fərman və sərəncam imzalanıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı son 10-12 il ərzində dinamik inkişaf edib, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ciddi islahatlar aparılıb. Bu müddətdə Azərbaycan Respublikası bir neçə dəfə ilin ən islahatçı ölkəsi kimi "Duing Business" hesabatında qeyd olunub, uzun illər ümumi daxili məhsulun artım tempinə görə Azərbaycan dünyada lider mövqeyini qoruyub saxlayıb. Artıq 7 ilə yaxındır ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı ilk 40 dövlət arasındadır və Müstəqil Dövlətlər Birliyində lider mövqeyini qoruyub saxlayır. 2014-cü ilin sonundan başlayaraq neftin qiymətində kəskin enmə, 2015-ci ildə dünyada mövcud olan geosiyasi vəziyyət və bundan irəli gələn iqtisadi problemlər təbii ki, hökumətləri qeyri-neft sektorunun inkişafına daha çox diqqət yetirməyə sövq etdi. Azərbaycan cənab Prezidentin rəhbərliyi və təşəbbüsü ilə qeyri-neft sektorunda genişmiqyaslı islahatlara başladı. İslahatların keyfiyyətlə və nəzərdə tutulan istiqamətdə həyata keçirilməsinin ən əsas prinsipləri maliyyə sahəsində şəffaflığın, nəzarət mexanizmlərinin və bu bazarda likvidliyin təmin edilməsidir. Əlbəttə, bütün islahatların əsasında maliyyə sabitliyi durur və cənab Prezident qeyd etmişdir ki, biz ilk olaraq bu sahədə dünya standartlarını tətbiq etməklə maliyyə sabitliyini, banklarımızın, maliyyə qurumlarımızın likvidliyini təmin etməliyik və bundan sonra digər sahələr üzrə əsaslı islahatlara gedə bilərik. Bunun üçün dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi öyrənilməklə belə bir mexanizm müəyyənləşdirildi ki, biz maliyyə bazarlarının iştirakçıları arasında tənzimləmə, nəzarət və icra mexanizmlərini bir-birindən ayıraq. Mən bir neçə gündür ki, mətbuatda gedən yazılara fikir verirəm. Bu islahatlardan məqsəd heç də hansısa səlahiyyətin hansısa qurumdan alınıb digərinə vermək deyil. Əsas məqsəd şəffaf nəzarətin, - söhbət heç də sovet ideologiyasından qalan nəzarət-yoxlama metodologiyasından getmir, - maliyyə bazarını qoruyacaq bir nəzarət mexanizminin yaradılmasıdır. Yəni, Maliyyə Bazarlarına Nəzarət Palatasının da məqsədi bu bazarın iştirakçılarının həm sağlam rəqabətini, həm də likvidliyini qorumaq və bunun üçün nəzərdə tutulan tədbirləri həyata keçirməkdir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyət prinsiplərindən danışan Natiq Əmirov bildirib ki, Palatanın fəaliyyətinin təşkili, bununla bağlı hüquqi aktların hazırlanması üçün Prezidentin Fərmanı ilə işçi qrupu yaradılıb. İşçi qrupu həm Palatanın nizamnaməsini, eyni zamanda, onun fəaliyyətini tənzimləyəcək qanunvericilik aktlarını hazırlayır. Palata öz fəaliyyətində həm sığorta, həm bank, həm də qiymətli kağızlar bazarlarını, eyni zamanda, maliyyə monitorinqi, çirkli pulların yuyulması sahələrində fəaliyyətə nəzarəti həyata keçirəcək. Həmçinin işçi qrup Mərkəzi Bank ilə Palata arasında funksiyaların dəqiq sərhədlərini müəyyənləşdirməklə bölgü həyata keçirən normativ aktlar da hazırlayacaq. Çünki Mərkəzi Bank maliyyə bazarında əsas iştirakçıdır, eyni zamanda, monetar siyasəti həyata keçirən qurumdur. Bankların maliyyə bazarının, inflyasiyanın, qiymətlərin müəyyənləşdirilməsində Mərkəzi Bankın rolu, əhəmiyyəti olduğu kimi qalır.
Maliyyə orqanlarında bir-birini təkrarlayan qurumların ləğv edilməsi məsələsinə münasibət bildirən Prezidentin köməkçisi qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə minən gündən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv olunacaq. Amma yeni dövlət orqanı yaradılmır. Fərmandan göründüyü kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası dövlət orqanı deyil. Bu, publik hüquqi şəxsdir. Bu, özü-özünü maliyyələşdirən bir qurumdur. Yəni, bu qurumun fəaliyyəti üçün dövlətdən vəsaitin ayrılması nəzərdə tutulmur. Bu Palata əsasən üzvlərinin, onun nəzarət sahəsinə aid olan qurumların üzvlük haqları və eyni zamanda, hazırlanan hüquqi sənədlərə görə ödənişlər hesabına maliyyələşdiriləcək. Palata kollegial orqandır, onun direktorlar şurası olacaq. Bu orqan həm maliyyə bazarlarında nəzarəti həyata keçirəcək, bu bazarın iştirakçılarına, o cümlədən banklara lisenziyalar verəcək və yaxud onların lisenziyalarını ləğv edəcək. Eyni zamanda, Palata bu sahədə olan müəyyən tənzimləmə aktlarının hazırlanmasında iştirak və onlara nəzarəti təmin edəcək. Yəni, demək istəyirəm ki, "dövlət qurumları birləşdirilir" ifadəsi düzgün deyil. Yaradılan yeni qurum dövlət orqanı deyil, dövlətdən maliyyələşdirilməyəcək və bu da çox önəmli bir amildir.
Azərbaycanda sahibkarlığın inkişafı, bu sahəyə nəzarətin gücləndirilməsi, iş adamlarının hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün Prezidentin fərmanları ilə Apellyasiya Şuralarının yaradıldığını bildirən Natiq Əmirov deyib ki, bu qurumlar dövlət-sahibkar münasibətlərinin qurulmasında çox mühüm amil olacaq. Bizim inzibati icraat haqqında Qanunumuz var. Apellyasiya Şuralarının yaradılması həmin Qanun çərçivəsində sahibkarların şikayətlərini ümumi şikayətlərdən ayıraraq fərdi qaydada baxılmasını təmin edəcək. Yəni, həm yerli, həm də mərkəzi icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları həmin orqanların qəbul etdikləri qərarlardan, hərəkət və yaxud hərəkətsizliyindən narazı qalan sahibkarların bu orqanlara müraciət qaydasını müəyyənləşdirir. Həmin qaydaya əsasən oradakı Apellyasiya Şurası sahibkarın müraciətinə baxmalı və 3 gün ərzində ona yazılı qərar verməlidir ki, onun şikayəti təmin olunur, yoxsa təmin olunmur. Sahibkar bu qərarı aldıqdan sonra narazı qalarsa, o, cənab Prezidentin yanında yaradılmış Apellyasiya Şurasına müraciət edə bilər. Bu Şura aşağı apellyasiya şuralarının verdiyi qərarları dəyişə, ləğv edə, yeni qərar çıxara və yaxud zəruri hallarda cənab Prezidentə müraciət etməklə müvafiq icra qurumlarına konkret göstərişlər, tapşırıqlar verə bilər. Bu sistemin yaradılması nəyi dəyişəcək? Artıq yerli icra hakimiyyəti orqanı bu müraciətə və yaxud şikayətə baxanda çox gözəl anlayacaq ki, onun bu işə baxması qanun pozuntularına və sahibkarı qane etməyən hallara gətirib çıxararsa, artıq sahibkar Prezidentin yanında Apellyasiya Şurasına müraciət edəcək. Əgər Prezident yanında Apellyasiya Şurasının qərarı ilə yerli və yaxud mərkəzi icra hakimiyyəti orqanının Apellyasiya Şurasının qərarı ləğv ediləcəksə, təbii ki, o qərarı qəbul edən, imzalayan şəxslər barədə tədbirlər görüləcək.
Burada bir mühüm məqamı da qeyd etmək istəyirəm. Bu şuralar təkcə sahibkarlara deyil, vətəndaşlara da ictimai nəzarət mexanizmlərindən istifadə etmək şansı yaradır. Artıq sahibkarların özləri bu nəzarət mexanizmlərinin iştirakçılarına çevrilir, öz müraciətlərini asanlıqla dövlət başçısına çatdırmaq imkanı əldə edirlər. Sahibkarların hüquqlarının müdafiəsi, dövlət ilə sahibkar arasında yaranan inam, etimad təbii ki, sahibkarlıq subyektlərini yeni təşəbbüslərə, sahibkarı daha arxayın şəkildə investisiya qoymağa sövq edir. Bu isə ümumi iqtisadi inkişafa təkan verir. Digər mühüm bir məqam isə odur ki, Apellyasiya Şuralarının qərarları ictimaiyyətə mütləq açıqlanacaq. Ona görə də Apellyasiya Şuralarının fəaliyyəti hər bir vətəndaş, o cümlədən sahibkar üçün tam şəffaf olacaq ki, bu, özü də ictimai nəzarəti təmin edən bir amildir.
Aparıcının, ümumiyyətlə, iqtisadi islahatlarla bağlı daha hansı istiqamətdə işlərin görüləcəyi barədə sualını cavablandıran Natiq Əmirov qeyd edib ki, cənab Prezidentin aydın və dərin düşünülmüş iqtisadi islahat konsepsiyası var. Hazırda biz həmin konsepsiyanın icrası ilə məşğuluq. Bu konsepsiya dörd əsas istiqaməti əhatə edir.
Birinci istiqamət maliyyə bazarlarında sabitlik, manatın likvidliyinin bərpa olunması, eyni zamanda, bu sahədə maliyyə intizamının möhkəmləndirilməsidir. Azərbaycan 38 milyard dollara yaxın valyuta ehtiyatlarına malikdir. Bu, ümumi daxili məhsulun həcmindən daha böyük rəqəmdir. Belə bir strateji ehtiyatlara malik olan dövlət təbii ki, heç bir maliyyə çətinliyi çəkə bilməz. Amma maliyyə resurslarından düzgün, səmərəli istifadə və maliyyə resurslarını sonradan əlavə dəyərə çevrilməklə ümumi daxili məhsulun həcminin artırılmasında iştirak prinsiplərinin tənzimlənməsi cənab Prezidentin müəyyən etdiyi ən prioritet istiqamətdir. Maliyyə Bazarlarına Nəzarət Palatası da bu məqsədlə yaradılıb. Palatanın bütün təşkilati məsələləri fevral ayında həll olunacaq, normativ hüquqi aktlar hazırlanıb qəbul ediləcək. Mart ayından etibarən Mərkəzi Bank, eyni zamanda, Palata və digər aidiyyəti qurumlar ölkədə manatın likvidliyinin artırılması istiqamətində çox ciddi qərarlar qəbul edəcək. Çox yaxın müddətdə ölkədə manatın aktivliyi tamamilə bərpa olunacaq. Bu, cənab Prezidentin müəyyən etdiyi digər üç istiqamət üzrə islahatların həyata keçirilməsini dəstəkləyən və eyni zamanda, təmin edən amil kimi çıxış edəcək.
İkinci əsas istiqamət ixracın stimullaşdırılmasıdır. İxracın təşviqi ilə əlaqədar İqtisadiyyat Nazirliyinin nəzdində AZPROMO fəaliyyət göstərir. Eyni zamanda, ixracı təşviq etmək üçün ayrı-ayrı qurumların təklifləri əsasında qanunlara dəyişikliklər edilib, müxtəlif normativ hüquqi aktlar hazırlanıb və həyata keçirilib. Lakin cənab Prezidentin son çıxışında da qeyd etdiyi kimi, bu amillərin məcmusu dövlətimizin başçısının ümumi islahat konsepsiyasına tam uyğun gəlmir. Ona görə ki, cənab Prezidentin müəyyən etdiyi hədəflər və bu gün onun islahat konsepsiyasında öz əksini tapan istiqamətlər yeni tələblər ortaya qoyur. Bu gün dünya iqtisadiyyatı yeni çağırışlarla üzləşir. Azərbaycan iqtisadiyyatı bu çağırışlara cavab verməlidir. Bunun üçün cənab Prezident ixracı təşviq edəcək, stimullaşdıracaq bir qurumun yaradılması və onun konsepsiyasının hazırlanması barədə tapşırıq verib. Əslində bunun əsas konturları hazırdır. Beynəlxalq ekspertlər cəlb edilməklə bunun yekunlaşdırılması işləri görülür. Bu qurum həmin konsepsiyanın tələblərinə uyğun olaraq, ilk növbədə, qonşu ölkələrin iqtisadiyyatının tərkibini, strukturunu araşdıracaq, həmçinin Azərbaycanın qonşu ölkələrin bazarlarına hansı məhsulları ixrac edə biləcəyini müəyyənləşdirəcək. Məhz bundan sonra biz daxildə həmin istehsalı təşviq edəcək siyasəti həyata keçirəcəyik. Bütün bunlardan məqsəd ölkəmizi inkişaf etdirmək, "Made in Azerbaijan" brendinin tanıdılmasına nail olmaqdır. Bunun üçün investorların cəlb edilməsi nəzərdə tutulur. İnvestorların cəlb edilməsi üçün cənab Prezident yeni özəlləşdirmə proqramının hazırlanması barədə aidiyyəti qurumlara tapşırıq verib. Hazırda beynəlxalq ekspertləri cəlb etməklə həmin özəlləşmə proqramının hazırlanması üzərində iş gedir.
Cənab Prezident göstəriş verib ki, bu özəlləşdirmə proqramı indiyədək mövcud olan proqramlardan kəskin şəkildə fərqlənməlidir. Yəni, bu proqram çərçivəsində özəlləşdirilən obyektin, istehsalat müəssisəsinin və yaxud hər hansı digər obyektin özəlləşdiriləndən sonra aktiv fəaliyyətini təmin edəcək investisiya proqramları olmalıdır. Yeni özəlləşmə proqramı beynəlxalq tələblər çərçivəsində hazırlanacaq və şəffaf şəkildə ictimaiyyətə təqdim olunacaq.
Üçüncü əsas istiqamət daxili bazarın formalaşdırılması və idxaldan asılılığa son qoyulmasıdır. Bu, çox mühüm istiqamətdir. Artıq yanvar ayından etibarən Azərbaycanın idxal prosesləri, gömrük orqanları tərəfindən idxal mallarının rəsmiləşdirilməsində şəffaflıq və bu istiqamətdə digər müvafiq orqanlarda atılan addımlar sahibkarlıq mühiti üçün çox əlverişli bir şərait yaradıb. Ancaq idxal mallarının kütləvi şəkildə Azərbaycana daxil olması artıq bizim yerli istehsalçıları narahat etməyə başlayıb. Bu gün çoxlu sayda yerli istehsalçı müraciət edir və onların idxal malları ilə rəqabətini tənzimləyəcək qaydaların yaradılmasını xahiş edir. Yerli istehsalın təşviqi, stimullaşdırılması və idxaldan asılılığın azaldılması bu gün qarşıda duran başlıca vəzifədir. Ancaq cənab Prezidentin qeyd etdiyi kimi, biz xarici bazarlardan Azərbaycana daxil olan idxal mallarını məhdudlaşdırmaqla yerli istehsalı inkişaf etdirə bilmərik. Belə halda rəqabət aradan qalxar və yerli istehsalçılarda bir növ arxayınlıq yaranar. Məqsəd sağlam rəqabəti inkişaf etdirməkdir. Məsələnin əsas mahiyyəti də bundan ibarətdir. Bu gün daxili bazarı qorumaq üçün rəqabət mühiti iqtisadiyyatın, ümumiyyətlə, bazarın inkişafının ən əsas təminedici amilidir. Rəqabət mühiti olmadan heç bir bazar təbii ki, inkişaf edə bilməz. Bununla belə, daxili istehsalda rəqabəti inkişaf etdirmək, yerli bazarı qorumaq üçün bir sıra mühüm tədbirlər görüləcək. Bu sırada maarifləndirici tədbirlərə də üstünlük veriləcək.
Azərbaycan Prezidentinin islahat konsepsiyasının çox önəmli istiqamətlərindən biri də dövlət satınalmaları yolu ilə sahibkarları, xüsusilə kənd təsərrüfatı məhsulu istehsalçılarını stimullaşdırmaqdır. Cənab Prezidentin tapşırığı ilə indi elə bir yeni sistem hazırlanır ki, kənd təsərrüfatı məhsulu istehsalçılarına hətta bir il əvvəldən dövlət öz sifarişlərini verəcək. Bunun çox böyük üstünlükləri var. Çünki sahibkar biləcək ki, yetişdirdiyi məhsulu bazarda tam sata bilmədikdə qalan hissəni dövlət ondan alacaq. Yəni, dövlət - büdcə təşkilatları və digər təşkilatlar alıcı qismində çıxış edəcək. Hazırda bu mexanizm üzərində iş gedir. Düşünürəm ki, yaxın qısa müddət ərzində bu layihə də başa çatacaq, müvafiq qanunvericilik aktları hazırlanacaq. Yəni, ilk növbədə, kənd təsərrüfatı məhsulu istehsalçılarımız, gələcəkdə isə digər yerli istehsalçılarımız ən azı dövlətin ehtiyacları qədər sifarişləri almaq imkanına malik olacaqlar. Bu proses çox şəffaf, internet üzərindən olacaq. İnsanlarımız, sahibkarlarımız, eyni zamanda, ictimai nəzarəti təmin etmək üçün digər qurumlarımız bu prosesi şəffaf şəkildə izləyə biləcəklər. Göründüyü kimi, dördüncü əsas istiqamət sahibkarlığın inkişafına dövlət dəstəyinin prioritet istiqamət olduğunu təsdiq edir. Dövlət bütün bürokratik əngəlləri aradan qaldırır, sahibkarlara hər cür kömək göstərir. Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi iqtisadi islahatlar ölkənin yeni inkişaf hədəflərinə hesablanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?