Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident.
Əziz Qardaşım.
Ankara şəhərində törədilmiş terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.
Biz bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, ona qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu amansız hadisə terrorizmə qarşı hamılıqla mübarizənin zəruriliyini bir daha təsdiq edir.
Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
X X X
Fevralın 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, o, Ankarada baş vermiş terror aktı ilə bağlı Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün fevralın 18-də Bakıya gələ bilməyəcək.
Dövlətimizin başçısı Ankarada törədilmiş terror aktını qətiyyətlə pisləyib, həlak olanların ailə üzvlərinə, Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, faciə qurbanlarına Allahdan rəhmət diləyib.
Prezidentlər Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsinin vaxtını bir qədər sonra müəyyənləşdirmək barədə razılığa gəliblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?