İqtidarda Artur Rəsizadənin əvəzlənməsi məqbul hesab edilməsə də, oliqarxlar iddialarından əl çəkmir
Seçkilər ərəfəsində baş nazir Artur Rəsizadənin vəzifədən uzaqlaşdırılacağı barədə məlumat yayılıb. Artur Rəsizadənin yerinə hakimiyyətin yuxarı dairələrinin lobbiçiliyi ilə vergilər naziri Fazil Məmmədov gətiriləcək. Məlumatı qəzetimizə verən mənbə bunu son vaxtlar vergilər nazirinin təqdim etdiyi kadrların vəzifələrə təyin olunması ilə əsaslandırıb. Xatırladaq ki, Bakının ən böyük rayonlarından biri olan Binəqədiyə Fazil Məmmədovun yeznəsi, Gədəbəyə isə qohumu icra başçısı təyin edilib. Hakimiyyətdaxili mənbələrdən daxil olan məlumatlarda isə bildirilir ki, hakimiyyətdə Artur Rəsizadənin əvəzlənməsi gündəmdə deyil. Doğrudur, baş nazir postu uğrunda iqtidar daxilində bəzi qrupların savaşı gedir. Artur Rəsizadənin yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, spiker Oqtay Əsədov, nəqliyyat naziri Ziya Məmmədov kimi iddialılar var. Lakin iqtidar ideoloqları hesab edir ki, indiki vəzifədə baş postuna Artur Rəsizadədən layiqli şəxs yoxdur. Çünki bu şəxs adıçəkilən məmurlardan fərqli olaraq iddialı deyil. Ümumiyyətlə, hakimiyyət prezidentlik üçün tramplin olan postlara birinciliyə iddiası olmayan şəxslərin təyin olunmasını məqbul hesab edir. Prezidentlik kürsüsünə tramplin olan postlar isə baş nazir, spiker və Bakı meri vəzifələri hesab edir. Bu vəzifələrdə təmsil olunan Artur Rəsizadə, Oqtay Əsədov və Hacıbala Abutalıbov isə hakimiyyətdə ən dişsiz məmurlar hesab olunurlar. Fazil Məmmədovə gəlincə, bu şəxs Kəmaləddin Heydərovun komandasına daxildir və “fövqəlnazir”in diktəsilə işləyir. Onun baş nazir təyin edilməsi Nazirlər Kabinetinin Kəməladdin Heydərovun nəzarətinə keçməsi demək olacaq ki, hakimiyyətdə buna yol verməzlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?