Bu gün parlament Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə dövlət başçısının xanımı Mehriban Əliyevanın təqdim etdiyi amnistiya aktını qəbul edib. Akt 114 səs “lehinə” olmaqla qəbul edilib. Amnistiya aktı 9 min nəfərə şamil ediləcək. Onun 2 min nəfəri həbsdən azad ediləcək. Əsasən ciddi cinayətlər törətməyən və ya az ağır cinayətlər törədən qadınlar; 18 yaşından əvvəl cinayət törədənlər; birinci və ikinci qrup əlilər; 60 yaşına çatmış kişilər; himayəsində həddi-büluğa çatmayan və birinci və ikinci qrup əlil uşaqlar olanlar; Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərin iştirakçıları; qaçqınlar və köçkünlər azad ediləcək. 2007 və 2009-cu illərdə də Azərbaycanda amnistiya aktları qəbul edilib və hər ikisinin təşəbbüsçüsü Mehriban Əliyeva olub. Lakin hüquq müdafiəçiləri və vəkillik nümayəndələri indiki amnistiyadan razı deyil, çünki bu, siyasi məhbuslar problemini həll etmir. Vəkil Cavad Cavadov bildirib ki, 2007 və 2009-cu illərdə olduğu kimi, bu amnistiya da istintaq altında olan və məhkəmə qarşısında dayananlara toxunmayıb, yalnız barələrində hökmün qanuni qüvvəyə mindiyi şəxslərə şamil edilib. “Bu, ədalətsizlikdir. Çünki məhkəmə proseslərinin mümkün subyektiv yubadılması səbəbindən insanları azad olunmaq hüququndan məhrum etmək düzgün deyil”, - o vurğulayıb.
Bundan əlavə, amnistiya siyasi, mülki, dini fəalların, jurnalistlərin mühakimə olunduqları maddələrə şamil edilmir. C.Cavadovun sözlərinə görə, sözügedən kateqoriyadan amnistiyaya yalnız dini fəal Mehdi Şamili düşür.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?