PA rəsmisi növbəti dəfə YAP namizədi prezident seçiləcəyi halda gənclərin problemlərinin həll olunacağına vəd verdi, müxalifətçi gəncləri isə milləti dünyada biabır etməkdə ittiham etdi
“Əminəm ki, prezident İlham Əliyev 3-cü dəfə prezident seçiləcəyi təqdirdə gənclərin problemlərinin həllində, dövlət idarəçiliyində, ailə planlaşmasında, gənclərin mənzillə təminatında nəzərdə tutulandan da artıq işlər görüləcək”. Bu fikirləri Gənclər və İdman Nazirliyi yanında fəaliyyət göstərən Gənclərlə İş üzrə İctimai Şuranın iclasında Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib. Mayın 13-də Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın iclası keçirilib. Gənclərin prezident İlham Əliyevin siyasətini tam dəstəklədiklərini bəyan etdikləri və bütün Azərbaycan gəncləri İlham Əliyevə səs verməyə çağırdıqları deyilir. PA-nın rəsmisi Əli Həsənov bununla bağlı deyib: “İlham Əliyevin yenidən prezidentliyə namizədliyinin dəstəklənməsi və onun üçüncü dəfə prezident seçilməsində gənclərin qoyduğu iradə ortadadır. Biz bu iradəni dəyərləndiririk”. Hakimiyyətin gənclikdən qorxduğu göz qabağındadır. Çünki ölkədə ən çox narazı təbəqənin gənclər olduğu bəllidir. Gənclər işsiz, mənzilsiz və müstəqil fikirli insanlara qarşı qəddar, düşmən münasibəti olduğunu görür. Ona görə də hökumət hakimiyyətdən üz çevirib. Ə.Həsənovun 5-6 YAP-çı gəncin qarşısında pafoslu çıxışları blefdən başqa heç nədir. Ölkənin müstəqil gəncliyi hakimiyyətə nifrət edir. Əli Həsənov gənclər siyasəti ilə bağlı dövlət proqramının icrasına 100 milyondan artıq vəsaitin ayrılacağını deyib: “Faktiki olaraq təhsil, sosial və digər sahələrə dair layihələrimiz gənclərlə bağlıdır. Prezident İlham Əliyev gənclərə ipoteka kreditinin verilməsi məsələsini Nazirlər Kabinetinin iclasında ciddi tapşırıq kimi qarşıya qoydu. Azərbaycanın neftdən gələn gəlirlərindən gənclər daha asan şəkildə, daha praktik formada istifadə etmək imkanına malik olmalıdır. İpotekanın həcmi artırılmalı, istifadəsi asanlaşdırılmalıdır. Hər bir gənc ipotekadan istifadə edib öz təhsilini, yaşayışını, ailə planlaşdırılmasını, mənzil problemlərini həll etməlidir. Faktiki olaraq ortada dövlətin iradəsi var, bu iradənin reallaşdırılması üçün dövlət proqramı var. Ona görə də biz bu gün bütün opponentlərimizin və vətəndaşların qarşısına açıq alınla çıxa bilərik və onların qarşısında seçimimizin şüurlu olduğunu söyləyə bilərik”. Ə.Həsənov unudur ki, hökumət son 10 ildə 1 faiz belə gənclərin mənzil problemini həll etməyib. Gənclərin iş tapa bilməməsi, tapdıqları işdən aldıqları məvacibini yalnız gündəlik məişət xərclərinə güclə yetməsi nəticəsində necə mənzil almaq olar? Hökumət 10 ildir xalqa, gəncliyə ipoteka yalanı danışır. “Gül bayramı”na xərclənən milyonlardan bir qəpiyi gənclərin ev probleminə yönəldilsəydi, daha faydalı olardı. Ə.Həsənov isə qarşıdakı 5 ildə bu problemlərin çözümünə vəd verir. Gülməlidir. Bu ölkədə normal maaş alıb ipoteka ilə mənzil əldə edə bilən gənc yoxdur. Vardısa da hökumətin böyür-başında fırlanıb, yaltaqlıq və əliəyri yollarla qazanırlar. Əli Həsənov xarici təşkilatların Azərbaycana qarşı böhtan siyasətində gənclərdən bir mexanizm kimi istifadə etdiyini təəssüflə vurğulayıb: “Bəzən xarici təşkilatlar Azərbaycan dövlətinə böhtan atırlar, təəssüflər olsun ki, böhtan kampaniyasında gənclərimizdən bir mexanizm kimi istifadə olunur. Gənclərimizin bəzilərini yolundan azdırırlar, dövlətçilik istiqamətində fəaliyyətdən çəkindirirlər, ayrı-ayrı çirkli mərkəzlərdən maliyyələşən qrantlar ilə onları qeyri-sağlam, antimilli yola sövq edirlər və onların informasiyası əsasında dövlətimizi, millətimizi xaricdə biabır edirlər, yürütdüyümüz siyasətin mahiyyətini təhrif edirlər. Və sözün əsl mənasında dövlət quruculuğu və idarəçiliyi ilə gənclər arasında uçurum yaratmaq istəyirlər. Əgər şüurlu gənclər onlara reaksiya və dirəniş verməsə, əlbəttə ki, onlar bu hədəflər sırasına normal gəncləri də alacaqlar. Azərbaycan 20 ildir formalaşmış və özünü tam təmin etmiş dövlətdir. Lakin hər bir dövlətin gücü onun vətəndaşlarının iradəsi ilə ölçülür”. Təbii, üstüörtülü də olsa PA rəsmisi müxalifətçi gəncləri, müxtəlif müstəqil təşkilatlardakı azad düşüncəli insanları, sosial şəbəkələrdə, aksiyalarda aktiv olanları nəzərdə tutur. Hakimiyyətin gəncliklə bağlı narahatlığını dilə gətirir. Amma unudur ki, milləti dünyada biabır edən bu gənclik yox, məhz onun təmsil olunduğu hökumətdir...
Sorğu
Yeni dizaynımız necədir?