Azərbaycan xidmət haqlarına görə regionda ən bahalı turizm ölkəsi sayılır
Yay mövsümü yaxınlaşdığından turizm şirkətlərinin mövsümü başlayır. Artıq indidən şirkətlər müxtəlif reklam çarxları ilə istirahət üçün xidmətlər təklif edirlər. Həmin təklif sırasında xarici ölkələr də, Azərbaycanın dilbər guşələri də var. Maraqlıdır, Azərbaycan vətəndaşına 7-10 günlük istirahət necəyə başa gəlir? Bu qiymətlər onların gəlirlərinə uyğundurmu? Hər dəfə bu mövzu üzərində işləyərkən, əsas toxunduğumuz məsələ xidmət haqlarının baha, keyfiyyətin isə aşağı olması üzərində geniş dayanırıq. Bu dəfə keyfiyyətdən deyil, qiymətlər və xidmət növlərindən bəhs edəcəyik. Məlumdur ki, Azərbaycan xidmət haqlarına görə regionda ən bahalı turizm ölkəsi sayılır. Bu səbəbdəndir ki, azərbaycanlıların əksəriyyəti istirahət etmək üçün Gücüstana və Türkiyəyə üz tutur. Çünki bu ölkələrdə qiymətlər Azərbaycanla müqayisədə daha ucuzdur. Müqayisə üçün turizm şirkətlərinin təklif etdikləri qiymətləri nəzər yetirək. Belə ki; -Tanınmış turistik zonalardan sayılan Bolqarıstana 12 günlük turun qiyməti xidmətlərə görə fərqlənir. 4 ulduzlu hoteldə gecələmə 969 manat, 5 ulduzlu hoteldə 1000 manatdır. Bura sığorta, viza, bilet, hotel və yeməyin qiymətləri daxildir. Günə təqribən 80-85 manat düşür. - Gözəl Adriatik dəniz sahillərində - Monteneqrada 7 günlük istirahətin qiyməti isə 590-820 manat arası dəyişir. Əlbəttə, qymətlər hotellərin ulduz sayına görə bahalaşır. Xidmətə isə hotel, bilet, yemək, əyləncə mərkəzlərində istirahət, tibbi sığorta, viza, şəhər turu daxildir. Turistlər günə təqribən 84-90 dollarını xərcləməli olacaq. - Məşhur turistik bölgələrdən sayılan Yunanıstanda 7 günlük istirahət üçün 600 manata təklif olunur. Günə 85 manat. - Türkiyənin Bodrum, Antaliya, Mərmərə, Fəthiyyə Quş Adasına 8 günlük səyahət isə 500 manata təklfi olunur. Günə 62 manata. Qiymətə aviabilet, transfer, gün ərzində 5 dəfə qidalanma, sığorta və əyləncə mərkəzində istirahət daxildir. - Müalicəvi turlardan isə Yesentukiyə, Kislovodskiyə, Jeleznovodskiyə, Pyatiqorskiyə, Karlovi Varıya səyahətlə bağlı maraqlı təkliflər reklam olunur. Sanatoriyalarda 14 günlük müalicəvi istirahət haqqı isə cəmi 450 manatdır. Azərbaycana gəlincə, ən məşhur turistik ərazilərdən biri Nabran sayılır. Qiymətlər istirahət mərkəzlərinə görə dəyişir. - Məsələn, Nabranda «Green Vile» İstirahət Mərkəzində 1 günlük istirahət üçün nə az, nə çox 70-120 manat xərcləməlisən. Belə ki, burada 1 otağın qiyməti 50 manat, 2 otaq isə 100 manatdır. Gündə 3 dəfə yemək üçün 20 manat əlavə ödəməlisən. Xidmətə isə hovuz, tennis meydançası, bilyard və stlolüstü tennis daxildir. Vəssalam. Heç bir tur isə təşkil olunmur. Beləliklə, 7 günlük istirahət üçün təqribən turistlər 1000-1200 manat xərcləməlidir. «Atlantda» isə qiymətlər nisbətən ucuzdur. Burada istirahət günə 40 manatdır. Amma bu hələ əlverişli qiymətdir. Nabranda «Caspian Sea» istirahət mərkəzində adi nömrədə 1 nəfər üçün günlük istirahət 280, lüks şəraitli VİP nömrələrdə isə 1000-1500 manatdır. - Xızıda «Cənnət Bağı» adlanan mərkəzdə bir günlük istirahət 55-100 manat arası dəyişir. Qiymətlər otaqların sayına görə fərqlənir. Xidmətə isə yalnız əyləncə mərkəzi və qdalanma daxildir. - Mənzərəli İsmayıllı rayonunda, İlisu kəndi yaxınlığında yerləşən «Green House» kompleksi ailəvi istirahət üçün əla məkandır. Bir nəfər üçün qiymətlər kotec seçimindən asılı olaraq 60 manatla 120 manat arasında dəyişir. Qiymətlərə ancaq səhər yeməyi daxildir. Məkanın ərazisində bütün mümkün əyləncələr, idman zalları, hovuz, dağ, meşə, şəlalə mövcuddur. - Quba şəhərində «Bərpa SPA Mərkəzi»ində isə 2 nəfərlik 1 otaq - 60 manat, 2 otaq 160 manatdır. Qiymətlərə yalnız səhər yeməyi daxildir. Beləiliklə, 4 nəfərdən ibarət bir ailənin 10 günlük dincəlməsi üçün yalnız yaşamaq üçün kotecə 1600 manat ödəməlidir. Günorta və nahar yeməkləri, əyləncə üçün xərcləri də üstünə gələndə təqribən 2000 manatdan çox pul israf edilməlidir. - Qubanın digər istirahət mərkəzində-«Long Forest» dincəlmək də ucuz başa gəlmir. 1 otaqlı kotecin bir günlük qiyməti 45 manat, 2 otaqlının isə 90 manatdır. Xidmətə yalnız sauna, dağ velosipedləri, bilyard, stolüstü tenis və s. atlarla gəzinti, tarixi abidələrə ekskursiya daxildir. Göründüyü kimi, Azərbaycanda 7 günlük istirahət etmək Monteneqra, Yunanıstan, Türkiyə ilə müqayisədə kifayət qədər yüksəkdir. Habuki, xarici ölkələrə getmək üçün bilet, viza, tibbi sığorta haqlarını və göstərilən xidmətləri nəzərə alsaq, qiymətlər daha baha olmalı idi. Azərbaycanda vətəndaşların ödədikləri pulun müqabilində gördükləri xidmətin keyfiyyətinin necə aşağı olması isə bu məkanlara üz tutan hər kəsə bəllidir. Rəsmi statistikaya görə Azərbaycanda orta aylıq maaş 396 manat təşkil edir. Xatırladaq ki, prezident İlham Əliyev turizmin inkişafı ilə bağlı dövlət proqramını təsdiq edib, bu sahənin post-neft dövrü üçün Azərbaycanın başlıca gəlir mənbəyi adlandırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?