Müxalifət daxili işlər nazirinin və baş prokurorun son açıqlamalarını hakimiyyətin xof yaratmaq istəyi ilə əlaqələndirir Seçkiyə bir həftə qalmış daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov seçki ilə bağlı açıqlamalar verdilər. Srağagün 9 oktyabr prezident seçkilərini müşahidə etmək məqsədilə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin olunmuş xüsusi əlaqələndirici Mişel Vuazəni və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Marianini qəbul edən Ramil Usubov seçkilərə polisin hazır olmasından danışıb. Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, ölkəmizdə keçiriləcək prezident seçkilərindən danışan nazir Ramil Usubov bu ümumdövlət əhəmiyyətli tədbirə hazırlıq dövründə və seçki zamanı ictimai asayişin qorunması, baş verə biləcək qanun pozuntularının qarşısının alınması, polisin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin təmin olunması məqsədilə nazirlik tərəfindən xüsusi Tədbirlər Planı hazırlandığını, həmin sənədin artıq icraya yönəldiyini diqqətə çatdırıb. Nazir həmçinin qeyd edib ki, daxili işlər orqanlarının əməkdaşları oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı üzərlərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyə tam hazırdır. Həmçinin nazir Usubov dövlət televiziyasına verdiyi müsahibəsində müxalifətin ünvanına kəskin bəyanatlar səsləndirib, Milli Şuranı sabitliyi pozmağa cəhd göstərməkdə suçlayıb. Prokurorluq işçilərinin peşə bayramında baş prokuror Zakir Qaralov da seçkiyə hazırlaşdıqlarını bəyan edib. Prezident seçkilərindən danışan baş prokuror “dövlətçiliyə qarşı yönəlmiş hər cür qəsdlərə qarşı barışmaz mübarizəni davam etdirəcəyik” deyərək Baş Prokurorluqda işçi qrup yaradıldığını bildirib: “Azərbaycanda oktyabrın 9-da keçiriləcək seçkilərlə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq prokurorluq orqanları qarşısında duran vəzifələrin yerinə yetirilməsi, seçki komissiyalarından vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar daxil olan cinayət əməlinin olması ehtimal edilən məlumatlara dərhal baxılması və cinayəti törətməkdə təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi işinin daha səmərəli həyata keçirilməsi məqsədilə işçi qrupu yaradılıb”. Müxalifət daxili işlər nazirinin və baş prokurorun seçkiyə bir həftə qalmış bu cür bəyanatlar verməsini hakimiyyətin seçkidə yenə güc strukturlarına, zora arxalandığının göstəricisi hesab edib. AXCP sədrinin müavini, Milli Şuranın üzvü Fuad Qəhrəmanlı bildirdi ki, hər iki generalın açıqlamasından öncə İTV-dəki debatlarda müxalifətin namizədi Cəmil Həsənliyə hücum edənlər onun barəsində hüquq-mühafizə orqanlarının ölçü götürməsi haqda çağırış eləyiblər. Bu, hakimiyyətin güc strukturlarını seçkiyə qarışdıracağının anonsu idi: “Sanki bir xof yaratmağa cəhd olunurdu. Görünür, seçki kampaniyası dövründə iqtidar açıq-aşkar ifşa olunduğunun fərqinə varıb. Ona görə də hakimiyyət cəmiyyətin hərəkətə keçəcəyindən narahat olub. Bu səbəbdən də daxili işlər naziri və baş prokuror cəmiyyətdə xof yaratmağa hesablanan məlum açıqlamaları verdilər. Halbuki nazirin və baş prokurorun hazırkı vəziyyətdə seçki kampaniyasının gedişində hər hansı bəyanat verməsinə ehtiyac yoxdur. Çünki seçki MSK tərəfindən həyata keçirilən prosesdir. Nə Daxili İşlər Nazirliyinin, nə də Baş Prokurorluğun seçkiyə, siyasi prosesə müdaxilə etməsinə qanun yol vermir”. F.Qəhrəmanlı hesab edir ki, generalların bəyanatlarında məqsəd hər hansı pozuculuq fəaliyyətinin qarşısının alınmasından daha çox cəmiyyətdə xof yaratmaqdır: “Sanki insanlara mesaj verilir ki, hakimiyyət növbəti dəfə güc yoluna əl atacaq. Ancaq qonşu dövlətlərin və ərəb ölkələrinin təcrübəsi göstərir ki, cəmiyyətdə siyasi narazılıq kütləvi xarakter daşıyırsa, hər hansı zorakılıqla, qorxutmaqla dinamikanı ləngitmək, dəyişikliklərin qarşısını almaq mümkün deyil”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?