Oktyabrın 4-də gözlənilmədən Milli Şuradan və AXCP-dən istefa verən Asəf Quliyevin yeni partiya yaratmaq istəməsi haqda iddialar var.
Bu barədə məlumat yayan avropa.info saytı yaradılacaq yeni siyasi partiyanın konstruktiv müxalifət mövqeyində olacağını yazır. Məlumata görə, artıq partiyanın qurulması istiqamətində işlər görülür.
Virtualaz.org məsələ ilə bağlı A.Quliyevlə əlaqə saxlayıb. A.Quliyev istefasının səbəbləri haqda bir neçə gün sonra danışacağını dediyi kimi bu məsələ ilə bağlı da danışmaq istəmədiyini və bir az zamana ehtiyacının olduğunu söylədi.
A.Quliyev istefasının səbəbləri və yeni partiya haqda deyilən iddialara prezident İlham Əliyevin andiçməsindən sonra aydınlıq gətirəcəyini deyir.
Bu gün isə Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin Milli Şuradan və partiyasından istefa verməsindən sonra hafta.az saytı maraqlı iddia irəli sürüb. İddiaya görə, A.Quliyev-R.Quliyev cütlüyü yeni partiya yaradır.
Onu da qeyd etmək lazımdır ki, R.Quliyev təmsil olunduğu Milli Şurada əsl müxalifətçki kimi qəbul edilmirdi. Onun Milli Şuranı “vuran” açıqlamaları isə qurumun üzvlərini təngə gətirmişdi. Asəf Quliyevin isə seçkiyə 5 gün qalmış istefa verməsi Milli Şura üzvlərini bərk qəzəbləndirmişdi.
Qeyd edək ki, müxalifətin 20 ildən sonra yaranmış ilk birliyi kimi təqdim edilən Milli Şuranın yarandığı gündən Naxçıvan əsilli müxalifətçilərlə işi düz gətirmir. İlk olaraq ADP sədri Sərdar Cəlaloğlu müxalifəti özündən uzaqda saxladı. Daha sonra isə üç naxçıvanlı müxalifətçi ard-arda Milli Şuradan istefa verərək qurumu demək olar ki, tamamilə zəiflətdi. Əvvəl Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi, AXCP üzvü Həsən Şıxəliyev istefa verdi. Sonra isə A.Quliyev və R.Quliyev...
Belə çıxır ki, müxalifətdə təmsil olunan naxçıvanlıların birləşərək yeni partiya yaradacaqları haqda səsləndirilən iddialar yavaş-yavaş gerçəkliyə çevrilir. Bizdən isə gözləmək qalır...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?