“Noyabrın 29-da Azərbaycan prezidentinin də iştirak etdiyi Vilnüs sammiti dövlət başçıları səviyyəsində işini davam etdirəcək. Azərbaycanla Avropa Birliyi arasında viza sadələşdirilməsi və riadmisiya haqqında anlaşma imzalanacaq”.
Virtualaz.org saytı xəbər verir ki, bunu Vilnüs sammitinə qatılan iqtisadçı Vüqar Bayramov sosial şəbəkədə yazıb.
“Bu anlaşma imkan verəcək ki, Azərbaycan vətəndaşları daha sadə şərtlərlə Şengen vizası alsınlar. Eyni zamanda viza haqları 60 avropdan 30 avroyadək endiriləcək. Sənədlərin və vizanın verilməsi üçün tələb edilən günlərin sayında da azalma olacaq. Azərbaycan vətəndaşları bu anlaşmadan sonra 5 ilədək uzunmüddətli Şengen vizası almaq hüququna mailk olacaq. Müəyyən kateqoriya, o cümlədən dövlət qulluqçuları üçün Avropaya vizasız səyahət imkanları veriləcək” - deyə V.Bayramov yazır.
İqtisadçı yazır ki, tədbirə qatılan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevə Azərbaycan və Rusiya əlaqələrinə dair suallar verilib: “Vilnüs sammiti çərçivəsində biznes-forum təşkil edilir. Forumda Azərbaycanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev təmsil edir. Nazirə Azərbaycan-Avropa Birliyi və eləcə də Azərbaycan-Rusiya münasibətləri ilə bağlı siyasi baxımdan kifayət qədər dolaşıq suallar verildi. Lakin nazir diplomatik cavablar verməklə sualları Azərbaycan təmsilçilərinin istədiyi kimi cavablandırdı”.
Qeyd edək ki, Vilnüsdə keçirilən biznes-forumda Şərq Tərəfdaşlığı ölkələrinin iqtisadiyyat nazirləri, iş adamları və ekspertlər iştirak edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?